Türk Dünyası Sənədli Filmlər Festivalı keçirildi
20-22 oktyabr tarixlərində Türkiyənin Ankara şəhərində 8-ci Türk Dünyası Sənədli Filmlər Festivalı keçirilib.
Millinews.az xəbər verir ki, əsas məqsədi türk dünyasının kinematoqrafçılarını sənət ətrafında birləşdirmək, habelə müştərək dəyərləri nümayiş etdirməkdən ibarət olan festivala bu il 23 ölkədən 371 film daxil olub. Festivalın müsabiqə proqramına isə 3 nominasiya üzrə 49 film seçilib.
Oktyabrın 22-də Ankarada “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən tədbirin bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Festivalın bağlanış mərasimində “Azərbaycanfilm” kinostudiyasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan filmlərinin afişası” sərgisi keçirilib. Sərgidə Türkiyənin ictimai və incəsənət xadimləri, ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı iştirak ediblər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç Azərbaycan kinosunun tarixiylə bağlı məlumat verib. Daha sonra festivalın mükafatlandırma tədbiri keçirilib.
Festivalın əsas mükafatı – “Ən yaxşı tammetrajlı sənədli film” rejissor Vaqif Mustafayevin “Fikrət Əmirov” filminə təqdim olunub. Film “Azərbaycanfilm” kinostudiyasının istehsalıdır. Əsas mükafatı alan Vaqif Mustafayev mükafatın “Fikrət Əmirov” filminə verilməsini münsiflər heyətinin ədalətli qərarı olduğunu bildirib.
Qısametraj sənədli film nominasiyasında “Münsiflər heyətinin xüsusi mükafatı”nı “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Böyük qırmızı ev” (rejissor Leylaxanım Qəmbərli) filmi qazanıb.
Festivalda “Azərbaycanfilm” kinostudiyasının təsis etdiyi “Azərbaycanfilm-100” Xüsusi mükafatı rejissor Hüseyn Erdemin “Deprem və ovakentli özbekler” filminə təqdim edilib.
Tədbirdə “Türk Dünyasına verdiyi töhfələrə görə” Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, mərhum Qənirə Paşayeva adına təsis edilən şərəf mükafatı da təqdim olunub.
8-ci Türk Dünyası Sənədli Filmlər Festivalı Türk Dünyası Jurnalistlər Birliyinin sədri Menderes Demirin, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin, bir sıra bələdiyyələr, birliklər, QHT-lər, universitetlər, media şirkətləri və digər təşkilatların dəstəyi ilə reallaşıb.
Mükafata layiq görülən filmlərin dünyanın doqquz ölkəsində nümayişi planlaşdırılır. İlk nümayişin oktyabrın 25-də Bakı Dövlət Universitetində keçirilməsi nəzərdə tutulur.