Xəbərlər

HƏMAS-ın İsrailə hücumunda Rusiya izi…

hamas

İsrail və Fələstin arasındakı münaqişənin hər an regional və hətta dünya müharibəsinə çevrilmə ehtimalı var. Çünki bölgədə fərqli maraqlar və ssenarilər mövcuddur.

Millinews.az xəbər verir ki, bu sözləri Axar.az-a İsrail ilə HƏMAS arasındakı toqquşmaların inkişaf istiqamətlərindən danışan siyasi şərhçi Turab Rzayev deyib.

Ekspert HƏMAS-ın İsrailə hücumunun Rusiya tərəfindən koordinasiya edilməsi ehtimalının olduğunu bildirib:

“ABŞ ilə İsrail HƏMAS-ın hücumundan istifadə edərək İranın bölgədəki bütün proksilərini təmizləməyə çalışır. Məsələn, İsrailin planlarından biri Qəzzadakı mülki əhalini Misirə köçürmək və quru əməliyyatı ilə HƏMAS-ı yox etməkdir. Bunun ilk siqnalı ABŞ-ın təyyarədaşıyan gəmilərini Şərqi Aralığa göndərməsidir. İsrailin bu yardıma heç bir ehtiyacı yoxdur, çünki ən müasir ordulardan birinə sahibdir. Bir neçə gün öncə İsrail Suriyanın Dəməşq və Hələb hava limanlarının uçuş zolaqlarını bombalandı, İran xarici işlər nazirinin təyyarəsinin enməsinə imkan verilmədi. Bir çox hərbi analitiklər məsafənin uzaqlığına görə uçuş zolaqlarını bombalayan qırıcı təyyarələrin ABŞ-ın gəmilərindən havaya qalxdığı haqqında versiyalar irəli sürür. Buna ilk reaksiya gözlənildiyi kimi İran və daha çox Rusiyadan gəldi. İndiki məqamda HƏMAS-ın İsrailə hücumunun sanki Moskvanın koordinasiyasında baş verdiyi sezilir. Çünki faktiki bütün diqqət Ukraynadan buraya yönəldi və Rusiya İsrail ilə müttəfiqlərinə əlçatan olduqları mesajını verdi. Hücumdan əvvəl və sonra Moskva ilə Vaşinqtonun bütün xəbərdarlıqlarına rəğmən Pekin daha çox Fələstinin mövqeyindən çıxış etdilər. Maltanın sədrliyi ilə BMT TŞ-nin Qəzza ilə bağlı keçirilən qapalı iclasında da biz İsraillə bağlı heç bir açıqlama görmədik. Rusiya isə Suriyada hava limanlarının bombalanmasının Yaxın Şərqdə eskalasiyaya gətirib çıxara biləcəyini dedi, yəni müharibəyə qatılmaqdan çəkinməyəcəyi mesajını verdi. İran da Qəzzaya quru əməliyyatının başlaması halında müharibəyə qoşulacağını bildirib. Aydındır ki, burada Hizbullah və digər silahlı qrupların İsrail sərhədinə hücumundan söhbət gedir”.

Turab Rzayev Rusiya və Çin liderlərinin son görüşləri zamanı Şimali Koreya vasitəsilə ABŞ-a təhdid yaratmaq planını müzakirə etdiklərini bildirib:

“Baş verənlər Yaxın Şərqi barıt çəlləyinə çevirdi. ABŞ və Böyük Britaniya oraya öz gəmilərini və hərbçilərini göndərir. Digər tərəfdən İraqda, Suriyada PKK, YPG kimi terror təşkilatları silahlandırılır. İran da öz növbəsində İraqın şimalına zərbələr endirir, fərqli bölgələrdə Hizbullahı silahdırır. Bölgədə fərqli ssenarilər üzrə çox ciddi hazırlıq gedir. Ancaq mən indiki məqamda ABŞ-ın İrana və onun proksilərinə qarşı genişmiqyaslı əməliyyatı dayandıracağını düşünürəm. Çünki Baydenin İordaniyada vasitəçilərin iştirakı ilə Abbas və Netanyahunu görüşdürmək üçün göstərdiyi uğursuz cəhddən sonra Vaşinqtonun Təl-Əvivin Qəzza əhalisini köçürmək planına dəstək verməkdən imtina etməsi, eyni zamanda quru əməliyyatlarının gecikməsi həqiqətən bölgədə eskalasiya riskinin çox yüksək olduğunu göstərir. Digər tərəfdən Rusiya və Çin liderləri arasında görüş keçirildi. Görüş zamanı onların nüvə silahı məsələsini müzakirə etdikləri haqqında xəbərlər yayıldı. Liderlər Şimali Koreyaya nüvə texnologiyasının inkişaf etdirilməsi üçün dəstəyin verilməsini vurğulamaqla Uzaq Şərqdə ABŞ və müttəfiqlərinə qarşı təhlükə yaratmaq niyyətində olduqlarını nümayiş etdirdilər. Baş verən proseslər Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Misir kimi ölkələrin, sonrakı mərhələdə onlara dəstək verən müttəfiqlərin də müharibəyə qoşulmasına səbəb ola bilər. Çünki regional dövlətlərin məğlubiyyəti ona dəstək verənlərin məğlubiyyəti mənasına gəlir”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu