Yaxın Şərqdəki proseslərin dünya neft bazarına təsiri: Azərbaycan qazanacaq
Dünya bazarında enerji daşıyıcılarının qiyməti bəzən kənar hadisələrə çox kəskin reaksiya verir. Yəni gün ərzində nəinki 1 dollar, hətta 5 dollar məbləğində dəyişiklik izlənilir. Məsələn, neftin qiyməti cari ilin sentyabr ayının sonunda 95 dollara qədər yüksəlmişdi, ardınca isə 85 dollara qədər enmə müşahidə olundu.
Bu fikirləri Millinews.az-a İsrail-HƏMAS münaqişəsinin dünya neft bazarına təsirilə bağlı fikirlərini bölüşərkən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban deyib.
İ.Şaban bildirib ki, Yaxın Şərqdə baş verən proseslərlə əlaqədar neft qiymətləri hətta 91 dollaradək artıb:
“Ancaq, məsələn, London birjasında bu gün üçün “Brent” markalı neftin bir barreli 89 dollardan bir qədər baha satılır. Yəni bazar siyasi gedişlərə, əsasən də, neftlə zəngin olan ölkələrlə onun istehlakçıları arasında olan münasibətlərdən doğan çağırışlara qarşı çox həssasdır. Ona görə də bu artıb-azalma halları bazar üçün təbii qəbul edilməlidir. Bundan sonra vəziyyət necə olacaq, bizi ilk növbədə o sual düşündürməlidir.
Əlbəttə ki, əgər İsrail-Fələstin münasibətlərində qarşıdurmanın coğrafiyası genişlənsə, digər tərəfdən, enerji daşıyıcıları olan ölkələrin Qərb ölkələri ilə münasibətlərində antoqonist xarakterli fikir ayrılığı davam etsə, qiymət artımlarına hələ uzun müddət şahidlik edəcəyik. Artımın dərəcəsi isə münaqişənin amplitudasından asılı olacaq”.
Ekspertin sözlərinə görə, istənilən halda, bütün proqnozlar “Brent” markalı neftin 85 dollar ətrafında 2023-cü ili başa vuracağını ifadə edir ki, bu da Azərbaycanın xeyrinədir: “Ölkəmizin büdcəsinə təqribən 1,4 milyard dollar əlavə gəlir daxil olacaq”.
Mehti Kamiloğlu