Maqazin

“Otellər doludur, pulları olmasa, gəlməzlər” – Qəbələdə dincələn Elgiz

Azərbaycanda yay aylarında istirahət sektorunda qiymətlərin bahalaşmasıyla bağlı şikayətlər intensiv xarakter alır.

Vətəndaşlar sosial şəbəkələrdə yazır ki, rayonlardakı bir çox otellərdə yay tətilini keçirmək üçün orta aylıq əməkhaqqı yetərli deyil. Üstəlik, onlar ötən illə müqayisədə qiymətlərin də yüksəldiyini vurğulayırlar. 

Hazırda istirahətdə olan tanınmış teleaparıcı Elgiz Əkbər rayonlardakı vəziyyətlə bağlı müşahidələrini Yenisabah.az-la bölüşüb. 

Aparıcı vəziyyətin heç də deyildiyi kimi dəhşətli olmadığını bildirib:

“Mən hazırda Qəbələ rayonundayam. Gördüyüm odur ki, camaat çox gözəl istirahət edir. Heç narazı qalan şəxs görməmişəm. İstirahət mərkəzləri də doludur, heç yer tapmaq mümkün deyil, bundan başqa həm otellərdə, həm də günlük kirayə verilən evlərdə yer yoxdur, hamısı tutulub. Bir müddətdir burdayam, şikayət edən görməmişəm. Açığı kimdənsə xüsusi olaraq bu barədə soruşmamışam, amma gördüyüm odur ki, hər kəs istirahət edir, hər yer doludur. Yəqin ki, insanların buna gücü çatmasa, gəlməz, deməli, qiymətlər fantastik həddə deyil. Hətta yollar da insanlarla doludur, hər kəs harasa gedir, yaxud rayonlardan qayıdır. Gecə saat 2-əqədər yollar maşınlarla dolu olur, hamı yollardadır”. 

E.Əkbərin sözlərinə görə, rayonlarda restoranların qiyməti Bakıdan daha ucuzdur:

“Restoranlarda qiymət əvvəl necə idisə, indi də o cürdür. Qlobal dəyişiklik yoxdur. Məsələn, set şəklində səhər yeməyi Bakıda çox bahadır, burada 4 nəfərlik səhər yeməyi seti içində kənd yumurtası, balı, qaymağı olmaq şərtilə cəmi 60 manatdır. 

O ki qaldı yeməklərə, qoyun ətinin standart qiyməti var. Əgər qoyun ətinin kilosu 17-18 manatdırsa, kababı necə ucuz təklif edə bilərlər? Ətin qiyməti şəhərlə eynidir. 

Xidmət məsələsində də düşüncələrim müsbətdir. Burada xidmət yüksək səviyyədədir. Oteldə xidmət əladır, biz oteldən əvvəl kotecdə də qaldıq, orada da xidmət yaxşı idi. Əvvəlki illərlə müqayisədə xidmətdə müsbətə doğru çox dəyişiklik var. Əvvəl rayonlarda xidmət sektorunda işləyənlər bu sahəni dərindən bilmirdilər, ona görə müştərilər narazı gedirdilər, amma indi hər şey əladır. Mən rayonlarımızda istirahəti, xidməti və qiymətləri bəyəndim”. 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu