İranda müəmmalı qətl: məşhur rejissoru kim öldürüb?
Oktyabrın 15-i gecə saatlarında İranda bütün ölkəni şoka salan və beynəlxalq aləmdə də rezonans doğuran dəhşətli qətl hadisəsi baş verib.
Millinews.az xəbər verir ki, məşhur kinorejissor Dariyuş Mehrcuyi və onun həyat yoldaşı Vəhidə Məhəmmədifər Kərəc şəhərinin yaxınlığında yerləşən Meşkinabad qəsəbəsindəki evlərində çoxsaylı bıçaq zərbələri ilə öldürülüblər.
Yerli vaxtla saat 22 radələrində evə gələn rejissorun qızı qanlı qətl səhnəsi ilə üzləşib və dərhal polisə xəbər verib.
Qeyd edək ki, İran kinosunun ünlü simalarından biri olan, rejissorluqla yanaşı, yazıçı və tərcüməçi kimi də tanınan 84 yaşlı Dariyuş Mehrcuyi “İnək”, “Pəri”, “Armud ağacı”, “Leyla” kimi filmləri ilə şöhrət qazanıb, bir çox yerli və beynəlxalq mükafatlara layiq görülüb.
Onun özündən təqribən 30 yaş kiçik olan xanımı da ssenarist və rəssam kimi kino sahəsində fəaliyyət göstərib.
Görkəmli rejissorun və onun həyat yoldaşının müəmmalı qətlindən iki gün keçsə də, bu işlə bağlı rəsmi qurumlar tərəfindən hələlik heç bir aydın açıqlama yayılmayıb. İranın hüquq-mühafizə orqanları istintaqın davam etdirildiyini və bu işdə bir neçə şübhəlinin həbs olunduğunu bildirib. Dünən İran məhkəmə hakimiyyətinin başçısı Qulamhüseyn Mohseni Ejei Mehrcuyinin qətli məsələsinə işarə edərək, bu işin “tezliklə həll edilməli olduğunu” vurğulayıb.
“Azad İran” “YouTube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: