Xəbərlər

Mərhum Murtuz Ələsgərovun kafedrasına dəstə-dəstə kimlər gəlirdi?

murtuz

Doğrudanmı inanırsınız ki, 1991-ci il martında bizdə istiqlal ideyasının cəmi 43 daşıyıcısı olub? 1990-cı il yanvarından sonra Azərbaycanda istiqlalın əleyhinə açıq çıxış edən nə qədər şəxs var idi ki? Kimsə mövqeyini pərdələyə bilərdi, “siyasi müstəqillikdən əvvəl iqtisadi müstəqillik lazımdır” deyə bilərdi, amma açıq şəkildə suverenliyə qarşı çıxan yox idi. 1991-ci il oktyabrında istiqlalın əleyhinə belə dolayısı etiraz edən də qalmamışdı. Bir Ramiz Əhmədovun həmin ilin avqustunda QKÇP-nin məğlubiyyətindən sonra Kommunist Partiyasının bağlanması məsələsi gündəliyə gələndə “alovlu” bolşevik çıxışları yadımda qalıb, o da Kommunist Partiyasının buraxılması əleyhinə çıxırdı, ölənəcən də kommunist qaldı.

Xatırlayanlar bilir ki, ilk səsvermədə SSRİ-ni saxlanması haqda referendum əleyhinə çıxanların sayı daha çox idi. O zamankı iqtidarın lideri-Ayaz Mütəllibov parlamentdə çıxış etdikdən, Azərbaycanın təklənmə ehtimalından, “ürəyinin ağrımasından” danışandan sonra komandasının üzvü olan deputatlar da qərarlarını dəyişdilər. Yeri gəlmişkən, o nitqi Mütəllibovun öz siyasi karyerası boyunca etdiyi ən yaxşı çıxış sayanlar var. Mətbuat katibi mərhum Osman Mirzəyev sonralar müsahibələrinin birində çıxışdakı siyasi sentimentlərin Mütəllibovun özü tərəfindən salındığını demişdi. Bir komanda rəhbərinin, üstəlik ölkə prezidenti olan şəxsin dəstəklənməsində yanlışın nədən ibarət olduğunu anlamağa çətinlik çəkirəm.

Referendum əleyhinə səs verənlərdən biri kimi, mərhum Tofiq Bağırovun adı çəkilir, “vətən xaini” kimi damğalanır. Onun istiqlal naminə hansı işlər gördüyünü Xəlil Rzanın xatirələrindən tapıb oxuyun. Gərək ki, Arif Əliyevin də hansısa qeydləri vardı onun barəsində. Kimsə “43-lər”dən biri olan Faiq Baxşəliyevin nəinki Tofiq Bağırovdan, ya Arif Rəhimzadədən, hətta Hacı Madərdən daha çox azərbaycançı, dövlətçi olduğunu iddia etsə, onun yalnız obyektivliyinə deyil, ağlına da şübhə edərəm.

1991-ci il konstitusiya aktının müəllifi də hansısa fərd deyil, BDU-nun o zamankı tələbələri, yəqin ki, təsdiqləyərlər, 1989-cu ildə respublikanın suverenlik aktı və 1991-ci il avqustunda istiqlal aktı hazırlanarkən müxalifətin üzdə olan simalarının dəstə-dəstə mərhum Murtuz Ələsgərovun kafedrasına gəlib saatlarla müzakirə aparmaları, mətnləri razılaşdırmaları necə olub.

Belə çıxmasın ki, mən bizdə istiqlal qəhrəmanları olmadığını iddia edirəm. Əsla. Qəhrəmanlar 1989-cu il suverenlik aktının qəbuluna nail olanlar, o akta səs verənlər, akta imza atanlar idi. Qəhrəmanlar 1990-cı il yanvarında Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib dünya mediası qarşısında çıxış edənlər idi. Qəhrəmanlar Azərbaycanın SSRİ tərkibindən çıxa bilməsini anons edərək Bakıda və Naxçıvanda analoji iclaslar keçirib qərar çıxarıb altına imza atanlar idi, o iclasların pərədarxası təşkilatçıları idi. Qəhrəmanlar 20 yanvarda yalın əllə rus hərb maşınını dayandırmağa qalxanlar idi. Qəhrəmanlar 1991-ci il mart referendumunu boykot etmək kimi riskin altına girən Heydər Əliyev və ona inananlar idi. Qəhrəmanlar “Sovet Sosialist” sözünü ilk dəfə dövlətin bir ərazisindən silən, milli bayrağı və himni rəsmiləşdirənlər idi…

Odur ki, istiqlalçı – qeyri-istiqlalçı müzakirəsi, bütöv xalqın azadlıq hərəkatını 1991-ci il martında referendum əleyhinə olmuş 43 deputatın adına bağlamaq təşəbbüsü yanlışdır. Görürsünüz ki, siyahı 43 nəfərdən ibarət deyil, yetərincə genişdir.

Cəmaləddin Quliyev

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu