Hava ilə bağlı xəbərdarlıq edildi
Bakıda və Abşeron yarımadasında oktyabrın 17-si səhərdən şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Millinews.az-a verilən xəbərə görə, Azərbaycanın rayonlarında oktyabrın 17-si gündüzdən 20-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR-sı, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi oktyabrın 17-si və 19-da 15-20 m/s, arabir 23-25 m/s, 17-də bəzi yerlərdə arabir 28-30 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 6-8° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay; Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay; Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay; Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay; Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.