Buğdanın qiyməti artır: Azərbaycanda çörək bahalaşacaq?

Son dövrlərdə qlobal və regional səviyyədə baş verən iqtisadi və siyasi proseslər ərzaq bazarlarına, xüsusilə də çörəyin qiymətinə təsir imkanlarını artırıb.
Bəs mövcud şəraitdə bu təsirlər Azərbaycanda çörəyin qiymətində real dəyişikliklərə səbəb ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, çörək strateji əhəmiyyətli məhsul olduğundan onun qiyməti yalnız daxili amillərlə deyil, eyni zamanda beynəlxalq bazarlardakı dəyişikliklərlə də sıx bağlıdır.
“Dünya bazarında buğdanın qiymətində baş verən dalğalanmalar əsas təsir faktorlarından biridir. İqlim dəyişiklikləri, quraqlıq, məhsuldarlığın azalması, eləcə də böyük ixracatçı ölkələrdə tətbiq olunan məhdudiyyətlər buğda təklifini azalda və nəticədə qiymətləri artıra bilər. Bu isə idxaldan asılı olan ölkələrdə un və çörək məhsullarının maya dəyərinə birbaşa təsir edir”.
Ekspert əlavə edib ki, enerji qiymətlərindəki artım da mühüm rol oynayır.
“Yanacaq və elektrik enerjisinin bahalaşması istehsal, daşınma və logistika xərclərini artırır. Nəticədə bu artım son məhsul kimi çörəyin qiymətində də öz əksini tapır.
Bununla yanaşı, milli valyutanın məzənnəsində baş verən dəyişikliklər də idxal olunan buğda və unun qiymətinə təsir göstərir. Əgər yerli valyuta zəifləyərsə, idxal xərcləri artır və bu da daxili bazarda qiymət təzyiqi yaradır”.
Siyasi risklərə toxunan iqtisadçı qeyd edib ki, regionda baş verən gərginliklər, nəqliyyat marşrutlarında yaranan problemlər və ya ticarət məhdudiyyətləri ərzaq təchizat zəncirini poza bilər.
“Bu isə bazarda qeyri-müəyyənliyi artıraraq qiymət artımına səbəb olacaq.
Azərbaycanda çörəyin qiyməti tam sərbəst şəkildə formalaşmır. Dövlət müəyyən hallarda sosial həssas məhsul kimi bu sahəyə nəzarət edir və müxtəlif tənzimləyici mexanizmlər vasitəsilə kəskin bahalaşmanın qarşısını almağa çalışır.
Nəticə etibarilə, mövcud iqtisadi və siyasi şərait çörəyin qiymətinə təsir potensialına malikdir. Lakin bu təsirin real qiymətlərə nə dərəcədə ötürülməsi həm qlobal bazarların dinamikasından, həm də ölkə daxilində tətbiq olunan iqtisadi siyasətdən asılı olaraq formalaşır”.



