“Bəzi kasıb ailənin qızları xarici kişilərə “ümid” kimi baxırlar”

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində 49 yaşlı Rima Gülaliyeva saxlanılıb. İstintaqa görə, o, transmilli mütəşəkkil dəstə ilə əlbir olaraq Azərbaycan vətəndaşı olan qadınları xaricə aparıb, pasportlarını alaraq hədə-qorxu ilə cinsi istismara məruz qoyub, bəzi hallarda isə saxta nikah adı altında onları 6–8 min dollar qarşılığında xarici vətəndaşlara “satıb”. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam edir və qurum zərərçəkənləri “152” qaynar xəttinə müraciət etməyə çağırır.
Mövzunu şərh edən sosioloq Əhməd Rəhmanov Demokrat.az-a açıqlamasında bildirib ki, son 30 ildə Azərbaycanda əhali arasında sosial təbəqələşmə kəskin artıb və bu, xüsusilə kasıb təbəqəyə aid olan ailələrdə özünü göstərir:
“Sosial rifahı aşağı olan, imkan və gələcək ümidi olmayan ailələrdə bəzi gənc xanımlar xaricdə, Türkiyədə və ya Azərbaycanda müəyyən şəxslərlə ailə quraraq öz gələcəyini təmin etməyə çalışır. Oxumuş və yüksək təhsilli şəxslər belə hallara cəhd etmirlər. Məsələn, Bakıda bu hallar çox müşahidə olunmur, çünki əhali əsasən maddi cəhətdən daha yaxşı vəziyyətdədir. Lakin regionlarda, sosial rifahın aşağı olduğu yerlərdə belə hallar baş verə bilər, xüsusilə oxumayan, maddi imkanı az olan ailələrdə” – qeyd edib.
Sosioloq bildirib ki, valideynlər qız uşağını oxutmaqda çətinlik çəkdikdə, bəzən onları xaricdə işləyən şəxslərlə ailə qurmağa göndərirlər:
“Məsələn, Rusiyada və ya Türkiyədə belə ailələrdə qızlarını və ya uşaqlarını verirlər, nəticədə həmin şəxslərin ikinci ailəsi yarana bilir. Bu hallar əsasən gələcək ümidi olmayan şəxslərdə və ailələrdə baş verir. Təəssüf ki, Azərbaycanda qanunların icra mexanizmi zəifdir və bölgələrdə məmurlar özbaşına qərarlar verirlər. Bizim təşkilatımıza həftədə bir neçə müraciət gəlir ki, işsizlik və gəlir qeyri-müəyyənliyi səbəbindən insanlar çətin vəziyyətdədir, və bu təbəqələşmə gələcəkdə daha da artacağı ehtimal olunur”.
Qeyd edək ki, bu tendensiyanın qarşısının alınması üçün sosial rifahın artırılması, maarifləndirmə və qanunların effektiv icrası vacibdir.



