Sərnişinlərə ŞAD XƏBƏR: Avtobus və metroda pulsuz internetdən istifadə edəcəksiniz

Son illər ictimai nəqliyyatda sərnişin rahatlığının artırılması istiqamətində müxtəlif yeniliklər gündəmə gətirilir. Bu kontekstdə avtobus və metro sistemlərində pulsuz internetin tətbiqi məsələsi də cəmiyyət tərəfindən maraqla qarşılanır. Bəs belə bir xidmətin real faydası nə ola bilər və Azərbaycanda tətbiqi nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, bu xidmətin tətbiqi mümkündür və faydalı ola bilər.
Ekspertin sözlərinə görə, bir çox xarici ölkələrdə avtobus və qatarların, eləcə də metro stansiyalarının pulsuz internetlə təmin edilməsi geniş yayılıb:
“Pulsuz internet təminatı var. Qatarlarda da, avtobuslarda da bunu görürük. Bunun olmağı yaxşıdır. Elə vətəndaşlar var ki, interneti olmur. Bu, onların ödəniş və müəyyən resurslardan istifadəsinə kömək edər.”
Yasin Mustafayev hesab edir ki, sistem texniki baxımdan çətin və bahalı deyil, istənilərsə, tətbiqi mümkündür:
“Texniki cəhətdən heç bir problem yoxdur. Bahalı sistem deyil. Qatarlarda olmasa belə, stansiyalarda bunu qurmaq mümkündür. Avtobus dayanacaqlarında da tətbiq edilə bilər.”
Ekspert əlavə edir ki, pulsuz internetin təmin edilməsi sərnişin məmnuniyyətini artırmaqla yanaşı, elektron ödəniş və informasiya xidmətlərindən istifadəyə də müsbət təsir göstərər./konkret.az



