Qurban Qurbanovdan gözlənilməz imtina – Səbəb bu imiş

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun “Məncə, heç yerdə mənə heykəl qoyulmasın” açıqlaması geniş müzakirələrə səbəb olub. O bildirib ki, heykəl qəhrəmanlıq göstərən insanlara, müharibədə ölümə gedən, ölkə uğrunda həyatını riskə atan şəxslərə qoyulmalıdır. Sosial şəbəkə istifadəçiləri isə fərqli fikirdədir. Bəziləri düşünürlər ki, belə önəmli şəxslərə heykəl qoyulmasında problem olmamalıdır, digərləri isə Qurbanovun bu mövqeyinin dini baxışlarla bağlı olduğunu iddia edir.
Ümumiyyətlə, sağlığında heykəl qoyulması hansı hallarda məqbul sayılır? İslam dini bunu qadağan edirmi?
Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, bəzən ümumxalq hərəkatında, öz peşə, sahə və ixtisasında fövqəladə xidmət göstərmiş şəxslərə sağlığında büst və ya heykəl ucaldılıb:
“Bu insanlar bunu qəbul edib, məmnun olublar. Lakin bəzi şəxslər nə qədər böyük xidmət göstərsələr də, təvazökarlıqlarına görə özləri barəsində müsbət təqdimatları uyğun görmürlər. Bunun örnəklərini Birinci Qarabağ müharibəsində Milli Qəhrəman statusundan imtina edən oğullarımızda da gördük. Onlar deyirdilər ki, torpaqlarımız işğal altındadırsa, milli qəhrəman ola bilmərəm. Belə fədakar insanlar da olub”.
İlahiyyatçının fikrincə, büstdən imtina etmək hər bir insanın haqqıdır:
“Məsələni dini baxımdan dəyərləndirdikdə görürük ki, islam dini insana böyük şəxsiyyət qazandırır. Allah qatında onun rütbəsi, mənəvi kimliyi, şəxsiyyəti formalaşır. Amma dünyəvi olaraq ad qazanmaq, rütbə əldə etmək din xadimi üçün o qədər də məqbul deyil. Hər nə qədər xoş və kənardan belə təqdimatlar gözəl görünsə də, din bu məsələlərdə insanı daha təvazökar görmək istəyir. Qurban Qurbanovun bu yanaşması da məhz təvazökarlığından irəli gəlir. Dini baxımdan insana büst qoyulması israr olunan bir məsələ deyil, amma qadağan da edilmir”.



