Millinews.az – ABŞ-nin “Azərbaycan Ermənistana müdaxilə edəcək” iddiasının arxasında yatanlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nüfuzlu “Politico” nəşri yazır ki, ABŞ dövlət katibi Antoni Blinken Konqresin bir qrup nümayəndəsinə Azərbaycanın tezliklə Ermənistana hərbi müdaxilə edəcəyini bildirib.
Bu çağırış Azərbaycanın Qarabağdakı separatçı rejimə qarşı effektiv əməliyyatlarının nəticəsi olaraq Ağ Ev administrasiyasında yaranan dərin narahatlıqdan xəbər verir.
İlk baxışda belə təəssürat yarana bilərdi ki, ümumiyyətlə Blinken belə bir fikir səsləndirməyib, ancaq sonradan “Amerikanın Səsi” Dövlət Departamentinə sorğu göndərəndə hər şey gün işığına çıxıb.
Dövlət Departamentinin cavabında nə təsdiq, nə də təkzib var və güc tətbiq edilməklə həll yolunun qəbuledilməzliyi vurğulanır.
Dolayısı ilə yayılan iddianın doğru olduğu təsdiqlənir, yəni ABŞ yaxın günlərdə Azərbaycanın Ermənistanın cənubuna müdaxilə edə biləcəyi mövqeyini təkrarlayır.
Etiraf etmək lazımdır ki, Azərbaycanla ABŞ arasındakı əməkdaşlıq ruhu nahamar marşrutlara baxmayaraq inkişaf edib, iki dövlətin maraqlarını strateji tərəfdaşlıq, təhlükəsizlik, enerji sahəsindəki əlaqələr birləşdirir.
ABŞ-nin cığallıq dərəcəsini çoxaltmasnın səbəbi onun qlobal və regional maraqlarının Rusiya və Çin qarşısında aciz duruma düşmək qorxusu ilə əlaqəlidir.
Burada Yaxın Şərq coğrafiyasındakı intonasiya ilə Cənubi Qafqaz arasında paralellik aparmağa lüzum yaranır. Belə ki:
– Yaxın Şərq cəbhəsinin Suriya oxunda ABŞ-nin maraqları Rusiya və İran tərəfindən sıxışdırılır,
– ABŞ-nin İsraillə Fələstin arasında genişmiqyaslı toqquşma başlayandan sonra Yaxın Şərqdəki maraqlarına zərbə dəyir,
– Bu faktoru Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə İsrail arasındakı normallaşma münasibətlərindəki vasitəçilik səylərinə kölgə düşməsi ilə görmək olur,
– Çin Yaxın Şərqdə ABŞ-nin strateji konsepsiyası önündə əngəllər yaradır,
– ABŞ Rusiya-Ukrayna müharibəsindən karlı çıxmaq üçün nə qədər əlləşsə də, postsovet məkanında, o cümlədən Cənubi Qafqazda Rusiyanın sıxışdırılmasına nail ola bilmir.
ABŞ indi mümkün gərginliklərlə maraqlarını dinamikləşdirib möhkəm platforma qurmağa çalışır.
O, Azərbaycan-Ermənistan sülh gündəliyini hərbi gərginliyin nəticəsi kimi əlinə keçirib rəqiblərini meydançadan qovmağa cəhd edir. Hərçənd Ağ Evin strateji əhəmiyyətini dərk etdirmək qabiliyyətinin getdikcə öləziməsi fonunda hansısa mühüm nəticə əldə edəcəyini söyləmək çətindir.
Düzdür, ABŞ müəyyən proseslərdə pərdəarxası oyunçudur, çox da özünü gözə soxmaqda maraqlı deyil, gah Avropa İttifaqının nüfuzundan, gah da başqa alətlərdən istifadə edərək maraqlarını qoruyur.
Amma böyük bir planda ABŞ Cənubi Qafqazda Rusiyanın aktivlərini azaltmaqda xeyli müşküllə üzləşir, bunun bir səbəbi də Vaşinqtonun qlobal arenada strateji risklərlə qarşılaşmasıdır.
ABŞ-nin Cənubi Qafqazı strateji enerji mənbələrinin nüvəsində tutmaq istəyi başadüşülən olsa da, bunun Azərbaycana qarşı kampaniyanın elementi kimi hərəkətə keçirmək regiona xoş aura vəd etmir.
ABŞ-nin radikal proqramlar təqdim etməsi iki regionu – Yaxın Şərq və postsovet məkanı – Vaşinqtonun nəzərində eyni strateji coğrafiya kimi qavranılmasını şərtləndirir.
ABŞ-nin:
– Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra regionda “təhlükəsizlik çətirini” hiss etdirməsi üçün qoşun cəmləməsi,
– Paralel olaraq “Azərbaycan Ermənistana müdaxiləyə hazırlaşır” informasiya əməliyyatını hazırlaması iki regionla əlaqədar ümumi anlayışı vurğulayır.
Azərbaycanın isə Ermənistana hərbi müdaxilə etmək kimi bir fikri yoxdur, o başqa məsələ ki, Bakı İrəvanın sülh gündəliyindən yayınıb başqa hərəkətlər etməsinə cavab olaraq güc tətbiqinə müraciət edə bilər.
Lakin cari vəziyyət üçün belə bir hərəkətlilik yoxdur, ümumiyyətlə Azərbaycanın Qarabağdakı antiterror tədbirlərindən sonra regionda hərbi cəhətdən sabitlik hökm sürməkdədir.
Aqşin Kərimov