Azərbaycan XİN: “AŞPA-nın qətnamə və tövsiyələrini qətiyyətlə rədd edirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 12 oktyabr 2023-cü il tarixli 2517 (2023) saylı qətnaməsini və 2260 (2023) saylı tövsiyəsini qətiyyətlə rədd edir və şiddətlə qınayırıq.
Bu Azərbaycan Xarici İşlər Nazirliyinin qətnamə və tövsiyəsinə dair şərhində əksini tapıb.
Qeyd olunub ki, bu qurum Azərbaycana münasibətdə növbəti dəfə qərəzsiz yanaşma nümayiş etdirmək imkanına malik olmadığını göstərir. AŞPA Ermənistana məxsus separatçı rejim və ərazisindəki qeyri-qanuni erməni silahlı qüvvələri tərəfindən təhlükəsizliyinə və ərazi bütövlüyünə əsas təhdidin aradan qaldırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirləri alqışlamaq əvəzinə, əsassız şayiələrə və müəyyən dövlətlərin bölgəmizdə Azərbaycanı ləkələyən məkrli siyasətinə əsaslanan yanaşma nümayiş etdirməkdə davam edir.
Bu sənədlər Avropa Şurasının beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də bütün üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərini bir daha təsdiq edən əsas qərar və sənədlərinə açıq şəkildə zidd olmaqla yanaşı, Ermənistanı Azərbaycana qarşı növbəti təcavüzə və revanşizmə təhrik edir.
Terrorçuluğa qarşı 24 saatlıq lokal mübarizə tədbirlərinə aparan hadisələrin təhrif olunmuş şəkildə təqdim edilməsi, habelə BMT-nin regiona həyata keçirilən iki missiyası və Ermənistandakı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən müsbət qiymətləndirildiyi və Azərbaycanın hər hansı zorakılıq tətbiq etmədiyi təsdiqləndiyi kimi, Azərbaycanın humanitar hüquqa hörmətinə və erməni əsilli yerli mülki sakinlərin insan hüquqlarının pozulmasının qarşısını almaq üçün ölkəmiz tərəfindən həyata keçirilmiş lazımi tədbirlərə məhəl qoyulmaması, AŞPA çərçivəsində Azərbaycana qarşı uzunmüddətli qərəzin göstəricisidir.
Bundan əlavə, son on ayda Laçın yolundan hərəkətlə bağlı AŞPA-nın əsassız iddiaları və Ermənistanın Laçın sərhəd buraxılış məntəqəsi ilə bağlı iddialarını yekdilliklə rədd edən Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul 2023-cü il tarixli qərarına məhəl qoyulmaması ilə yanaşı, Məhkəmənin qərarlarının yanlış şərh edilməsi qəbuledilməzdir. Həmçinin, 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə, 44 günlük müharibədən sonra həlak olanların sayını 333-ə çatdıran mina təhlükəsinə, əvvəllər işğal altında olan Azərbaycan ərazilərində qeydə alınan dağıntıların miqyasına aydınlıq gətirilməməsi də dərin narahatlıq doğurur.
30 ilə yaxın müddət ərzində Azərbaycanlı məcburi köçkünlərin və Ermənistandan zorla qovulmuş etnik azərbaycanlı qaçqınların insan hüquqlarının pozulmasına göz yumulmaqla yanaşı, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin könüllü surətdə yerdəyişməsi ilə bağlı böhtan və hədsizlik nümayiş etdirən arqumentlər bu qurumun insan hüquqları ilə bağlı öhdəliklərinin açıq şəkildə pozuntusudur. AŞPA etnik ermənilərin hüquqlarını mövcud olmayan təhlükələrdən müdafiə etməklə bərabər, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası və ləyaqətlə geri qayıtmaları ilə bağlı müraciətlərə məhəl qoyulmur.
AŞPA Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərinə xələl gətirən Azərbaycana qarşı əsassız və qərəzli addımları dayandırmalıdır. Eyni zamanda, Avropa Şurasının mexanizmlərindən Azərbaycana qarşı istifadəyə yönəlmiş uzaqgörən olmayan cəhdlər tamamilə əks nəticə verir, bu kimi cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi və Azərbaycanın Qarabağ bölgəsində yerli erməni sakinlərlə bağlı reinteqrasiya planları istiqamətində fəaliyyətini davam etdirmək əzmini sarsıda bilməz.