MaqazinÖlkə

Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

Bu gün opera müğənnisi, Azərbaycanın Xalq artisti, Gürcüstanın Əməkdar artisti Fatma Muxtarovanın anım günüdür.

Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.


Fatma Abbas qızı Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya köçüb. 3 yaşı olanda atası Abbası itirib. Anası Sara xanım ikinci dəfə Səttar Muxtarov adlı bir nəfərlə ailə həyatı qurduqdan sonra ailə 1910-cu ildə Saratovda məskunlaşıb.

34(3) 1666186084

Anasının ikinci dəfə ailə qurması onun həyatını alt-üst edir. Bununla da onun həyatının acınacaqlı günləri başlayır. Alverçi olan atalığı yüngül yolla qazancı və “şən həyatı” xoşlayırdı. Ailə zirzəmilərdə, daxmalarda yaşasa da, o, ailəsinə heç nə vermir, tez-tez anasını və Fatmanı döyürdü. Fatmanın yeddi yaşı olanda ailə Peterburqa köçür. Valideynləri qərara gəlirlər ki, onu dilənməyə göndərsinlər. Qızcığaz nə qədər ağlasa da, yalvarsa da xeyri olmur. Şaxtalı qış günündə onu küçəyə itələyib, pulsuz geri qayıtmamağı tapşırırlar.

***


Fatma xanım həmin günləri müsahibələrində belə xatırlayıb: “Qərib, soyuq şəhərdə uzun-uzadı veyilləndim. Lakin əlim “uzanmadı”. İçimdəki utancaqlıq duyğusuna üstün gələcək qüvvə tapa bilmirdim. Soyuğun və küləyin əlindən dörd tərəfdən hündür daş binalarla çevrələnmiş həyətlərdən birinə girdim. Divara söykənib qalmışdım. Atamı, onun özü ilə apardığı yaxşı günlərimizi, uşaqlığımızı xatırladım. Ardınca da oxumağa başladım. Pəncərələr açıldı. Adamlar mənə – cır-cındır geyimli qıza maraqla baxır, gümüş və ağ pullar atırdılar. İlk “konsertimdən” sonra səsim bərk xırıldadı, ancaq evə şən və qürurla qayıtdım”.

***

Küçədə oxuyaraq qazanıb evə gətirdiyi pulla valideynləri ona şarmanka alır, beləliklə də, küçə müğənniləri ilə nəğmə dərsləri başlanır. Artıq 12 yaşında Fatma Muxtarova şarmanka ilə küçələrdə mahnılar oxuyub pul qazanırdı.

1603103204473 mbPyzRTZ

Qızcığazın üzərinə düşən məsuliyyət ağır idi. Səhərdən axşama qədər nəfəsini dərmədən oxuyurdu. Atalığı da bir yandan göz verib, işıq vermirdi. Fatma evə az pul gətirəndə atalığı onu döyürdü.

***

Uzun müddət Fatmanın anası onun əsl adını hamıdan gizlədir. Saratovda onu “Katya Muxtarova” və ya “Şarmankaçı Katya” kimi tanıyırdılar.

14 yaşı olanda pullarını yığmağa başlayır və 1 il ərzində o dövr üçün heç də az olmayan məbləğ – 1000 rubl toplaya bilir. Saratovun “Spravoçnı listok” qəzeti yazır ki, Fatma həmin pullarla dəmir yolunda çalışan L. Kamenskinin ailəsinin yanına yollanır. Onun xanımı opera ifaçısı idi. Burada Fatmaya musiqi öyrədiləcəyi sözü verilsə də, hər şey fərqli olur. O, çirkli qab-qacağı yuyur, mənzili sahmana salır, mətbəxdə aşpazla birlikdə yeyir, “ictimaiyyətdən” olan qonaqlar gələn zaman isə ona dərhal fərqli geyimlər geyindirir, “cənablar” və “xanımlar”la bir masaya əyləşdirirlərmiş. Bu durumundan çox məyus olan Fatma yaşananları onun taleyilə çox maraqlanan jurnalistə, “Saratovski listok”un baş redaktoru Nikolay Arxangelskiyə danışır. Ziyalı, teatr və opera həvəskarı olan Arxangelski ona bu gündən heç bir “təlim”in olmayacağına söz verir. Baş redaktor musiqi məktəbində onun üçün xeyriyyə konserti təşkil edir. Konsertə kifayət qədər dinləyici toplaşır və toplanan pullar Fatmanın Saratov konservatoriyasında təhsil almasına kifayət edir.

***

Konservatoriyada heç kim qızcığazla işləmək istəmirdi. İsti-soyuq demədən oxuyan Fatma xanımın səsi xırıldayırdı. Hamı düşünürdü ki, ondan bir şey çıxmayacaq. Fatma xanım müsahibələrində o günləri belə xatırlayır:
“Bəzən şaxtada qavalı üzümə tutub küləkdən qorunurdum. Oxuduqca qavala boğazımdan qan damlaları sıçrayırdı. Yalnız M.Y. Medvedyev qərara aldı ki, mənimlə məşğul olmağı sınaqdan keçirtsin və nəticəsini bir aydan sonra müəyyən etsin. Təsəvvür edin, bir hərf belə tanımıram, rusca çox pis bilirəm. Mənimlə məşğul olmaq üçün böyük səbr lazım idi. İki həftə sonra o, bildirdi ki, mənimlə məşğul ola bilər. Bundan sonra hökumət hesabına oxumağa başladım”.

1603102965393 J1hKHWEy

Konservatoriyada oxuduğu illərdə belə ailəsi Muxtarovanı rahat buraxmayıb. Onu məcbur ediblər ki, tətillərdə qastrollara gedib, pul qazansın. Bu qastrollar zamanı o, bir dəfə Bakıda da olub.

***

1914-cu ildə konservatoriyanı bitirən Fatma Muxtarova ailə həyatı quraraq valideynlərini tərk edib. O, həyat yoldaşı ilə birlikdə Moskvaya köçüb. Onu çox sevən həyat yoldaşı Aleksandr Malinin Fatmanı Səttar kişinin caynağından xilas etmək üçün atalığının bütün tələblərini yerinə yetirib – adını dəyişdirib, müsəlmanlığı qəbul edib.

***

Fatma Muxtarova 1932-ci ildə opera ulduzu olduğu, Leninqradda S. M. Kirov adına Opera və Balet Teatrında işlədiyi vaxtlarda atalığı ilə sonuncu dəfə təsadüfən küçədə qarşılaşıb. Atalığı çəkmə silirmiş. Fatma xanım uzun müddət dayanıb ona baxıb. Birdən o, başını qaldırıb və Fatma xanımı tanıyıb. Fatma xanım o mənzərəni belə təsvir edib: “Sanki o anda gözünün işığı söndü, tez başını aşağı saldı”.

yt 1666186223

F.Muxtarovanın ailə həyatı qurandan sonra işləri yaxşı gedir. S.İ. Zimin onun oxumağını bəyənib öz teatrına dəvət edir. 1919-cu ildə qızı Leyla dünyaya gəlir. Ailədə xoşbəxt olan müğənni səhnədə şöhrətin astanasında idi. Daha sonra onun Saratova, Rastova, Xarkova qastrol səfərləri başlayır.

***

Dövrün qəzetləri isə onun haqqında yazırdılar: “Bu səs insanı xəncər kimi yaralaya da bilər”…

Screenshot%20(1012) 1666186254

F.Muxtarova əvəllər də Bakıda qastrol səfərlərində olub. Ancaq onun Bakıya dönüşü 1928-ci ilə təsadüf edib. O, 25 il Azərbaycan opera səhnəsində bir-birindən gözəl rollar oynayıb.

***

Fatma Muxtarova ilə 15 il birgə çalışan Ağababa Bünyadzadə onu belə xatırlayır:
“Mənə Eskamilyo rolu tapşırılmışdı. Fatma xanımın, Karmenin sevgilisini oynayacaqdım. Tamaşanın başlanmasına iki saatdan çox vaxt qalmışdı. Teatra gəldim. Fatma xanımın otağının qarşısından keçəndə onun geyindiyini, tamaşaya hazırlaşdığını gördüm. Bu, onun sənətə necə bağlı olmasını, tamaşa qabağı nə qədər məsuliyyət daşımağını mənə əyani olaraq sübut etdi. Həddən artıq tələbkar idi”.

Fatma Muxtarova səhnə ilə Tiflisdə 1953-cü ildəki axırıncı qastrol səfəri zamanı vidalaşıb. Çünki Bakıda onu təqaüdə göndərmişdilər. Birdən-birə ona təklif etmişdilər ki, təqaüdə getsin, dincəlsin. Fatma xanım isə bunu “sən artıq qocalmısan, sən gərəksizsən, teatra yüksən” fikri kimi qəbul etmişdi. Buna görə də incik qəlblə, heç kimə bir kəlmə belə demədən teatrdan ayrılıb.

***

1953-cü ildə Fatma Muxtarovanın sevimli operası “Qaratoxmaq qadın”ı yeni quruluşda hazırlayırdılar. Və Polina rolunun ifaçısı, gənc müğənni Maxova Fatma xanımı roluna baxmaq üçün məşqə dəvət etmişdi. Muxtarova həmişə yaxşı yoldaş olmuşdu və həmişəki kimi yenə qürurla hərəkət etdi. (Teatrın isə nə rəsmi, nə də şifahi dəvəti var idi.) Məşqə getdi. Fatma xanım xidmət keçidinə daxil olanda (o, bu keçiddən otuz il keçmişdi) onu administrator saxlayır.

“Mən, Muxtarovayam”, – deyib keçmək istəyir. Administrator taxtaya vurulmuş elanı göstərir: “Kənar şəxslərin girişi qadağandır”.

“Buradan ancaq mənim tabutum keçəcək”, – deyərək aktrisa həmişəlik teatrdan çıxıb gedir və yatağa düşür. Sözünün də üstündə durur. Düz 19 il sonra onun cənazəsi teatrın binasından içəri girir.

Soprano%20and%20opera%20star%20Fatima%20Muxtarova%20in%20the%20role%20of%20Dilayla%20in%20Samsun%20and%20Dilayla%20opera%20by%20Camille%20Saint Sa%C3%ABns%20(1) 1666186286

Səhnəmizin canlı əfsanəsi o qədər incik idi ki, Maestro Niyazinin teatrda məsləhətçi olmaq təklifinə bəhanələrlə cavab vermişdi:
“Bilirsən, Niyazi, aktrisalarda qəribə qısqanclıq olur. Görəcəyəm ki, mənim bir vaxt oynadığım rolları indi başqaları oynayır, azacıq da olsa həsəd aparacağam. Yox, məsləhətçi də işləmək istəmirəm. Yorulmuşam”.

Maestro nəql edirmiş ki, Fatma xanım səhnədən gedəndən sonra səhnə paltarlarını sobada yandırıb…

***

1963-cü ildə Gürcü operası Bakıya qonaq gəlib. “Daisi” operası oynanılacaqmış. Teatrın rəhbərliyi parterin ilk cərgələrini hörmətli qonaqlar üçün saxlayıbmış. Yerlərdən ikisi gürcü qonaqların arzusu ilə Fatma Muxtarovanın idi. Gürcü operaçıları isə Fatma Muxtarova ilə görüşməyi həsrətlə arzulayırmışlar. Ancaq o, gəlməyib.

Ertəsi gün Gürcüstan teatr muzeyinin müdiri Nunu Mesxi və məşhur gürcü opera müğənnisi Batu Kraveyşvili Fatma xanımın evinə gediblər. Qonaqları görən Fatma xanım əvvəlcə onları tanımayıb, kim olduqlarını öyrənəndən sonra isə: “Əgər mənə əvvəlcədən xəbər versəydiniz, sizi qəbul etməzdim. İstəyirəm ki, tiflislilər məni həmişə gənc, gözəl xatırlasınlar. İndi gördüyünüz kimi yox”, – deyib.

z608 001 1666186322

Gürcü rejissoru İ. Klavişvili “Çətin yollarla” kitabında bir fəsli Fatma xanıma həsr edib. Həmin fəsildən bir məqam: “Fatma Muxtarovanın öz yaradıcılıq prinsipləri var idi. O, bu prinsipləri cəsarətlə, yeri düşəndə lap saymazyana bir tərzdə müdafiə edərdi. Özü də belə hallarda qaba ifadələri işlətməkdən çəkinmirdi. Yavaş-yavaş biz onun qəşəng “sözcüklərinə” öyrəşmişdik. Və heç kəs də incimirdi”.

***

“Karmen”in məşqində dirijor A.V. Pavlov Arbenin onu saxlayıb dedi: “Madam Muxtarova, siz bu yerdə ritmdən çıxırsınız”. Muxtarova ona sarı çevrildi və bərkdən elə səhnədə dedi: “Maestro, gedin …”
Dirijor özünü itirdi: “Siz mənə deyirsiniz bunu?”

“Bəli, sizə”, – Fatma xanım halını dəyişmədən cavab verib. Maestro dirijor çubuğunu pulta vuraraq deyib: “Eksentrik qadındır. Nə isə, davam edək”.

***

Fatma xanım teatrdan ayrılandan sonra ömrünün 19 ilini sakit, səssiz, sənəti ilə bağlı sənədləri, fotoları toplamaqla yaşayıb. Ömrünü, keçmişini həmişə nəvəsi Svetlanaya nağıl kimi danışarmış…

***

Fatma Muxtarova 1972-ci ildə Bakıda vəfat edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu