“Mən kənd məktəbində oxumuşam və sinif yoldaşlarım tərəfindən “bullinqə” (bu, bir uşağın başqaları tərəfindən təqib olunması – red.) məruz qalmışam. Məni həm boyuma, həm geyimimə görə davamlı “bullinq” ediblər. Baxmayaraq ki, mən hər zaman nümunəvi şagird olmuşam, şəklim “şərəf lövhəsi”də olub. Mən “bullinq” olunmuş uşaq olmuşam. Buna isə heç kim fikir verməyib. Sadəcə biz güclü olmuşuq”.
Bu sözləri müğənni İlhamə Qasımova qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.
Sənətçi məktəb illərində həmyaşıdları tərəfindən “bullinq”ə məruz qaldığını bildirib:
“Mən evdən məktəbə və məktəbdən evə gedəndə arxamca oğlanlar qışqırırdılar. Mən o məktəbə başqa kənddən gəlirdim. Məndən xoşları gəlmirdi və mənə sataşırdılar. Bir insan hədəfə çevriləndə sənin kasıb olub-olmamağının dəxlisi olmur. Sinifdə məndən çox pis geyinən uşaqlar vardı, amma onları “bullinq” etmirdilər. Sadəcə mən o məktəbə “gəlmə” olduğuma görə başqa şagirdlər tərəfindən təqib olunurdum. Mən 4-cü sinfə başqa məktəbdən gəlmişdim. Artıq adi bir hala çevrilmişdi. Mən buna fikir vermirdim. Sadəcə mən güclü idim. Amma indiki uşaqlar başqadırlar, onlar bu cür təqiblərə dözmürlər. Biri var ki, oğlan olardım dərd yarı, qız uşağı olduğuma görə daha çətin idi. 10-15 uşaq arxamca qışqırırdılar. Adımı çəkib, lağa qoyub, gülürdülər. Fikrinizcə, belə bir hadisə ilə üzləşən qız uşağı özünü necə hiss edə bilər? Çox böyük travma yaşamışam”.
Qasımova travma yaşadığına görə məktəb illərini xatırlamaq istəmədiyini vurğulayıb:
“İndi mən “bullinq” hadisələrini görəndə deyirəm ki, bu şeyləri özüm də yaşamışam. Məni “bullinq” edən həmin uşaqları illər keçdikcə görməmişəm. Məni hədəf alan daha çox oğlanlar idi. Heç birini görməmişəm, görmək də istəmirəm. Uşaq məktəbi oxuyub, bitirəndən sonra onda çox gözəl xatirələr qalır. Mən 3-cü sinfə qədər oxuduğum məktəbdə çox xoşbəxt idim. Son həmin məktəb uzaq olduğundan yaxın məktəbə getdim. O məktəbdə yaşadıqlarıma görə məktəb illərini xatırlamaq istəmirəm. O qədər dəhşətli idi mənim üçün… Məni 4-cü sinifdən 9-cu sinfə qədər dəhşətli şəkildə uşaqlar təqib ediblər. 15 yaşıma qədər “bullinq”ə məruz qalmışam. Valideynlərim mənə hər zaman deyirdilər ki, ağıllı ol və onlara fikir vermə. Fikrim də elə idi ki, yalnız dərs oxuyurdum və bu cür şeylərə diqqətimi ayırmırdım. Özümü proqramlaşdırmışdım ki, bu kimi məqamları boş buraxmaq lazımdır. Önəmli şey mənim məktəbdən sonrakı həyatım idi”. (olay)