Müsahibimiz tamaşaçıların əsasən “Babək” filmindəki “Buğday” kimi tanıdıqları aktyor, pedaqoq Məhəmməd Verdizadədir.
– Necəsiniz?
– Mən həmişə yaşadığım fəslin havası kimi oluram.
– Məsələn, payızda necə olursunuz?
– Əslində, yaxşı, yaxud da pis olmaq xoşbəxtlik kimi nisbi anlayışdır. Şükür bu günə.
– Yaxşı, onda sualı belə verim: Azərbaycanda xoşbəxtsiniz?
– Yox.
– Niyə?
– Çünki burada mənə iş vermirlər, ad vermirlər… Bu şərtlərlə necə xoşbəxt ola bilərəm?
İndi işlədiyim yer – Teatr Xadimləri İttifaqı ictimai təşkilatdır. Məni bura Azər Paşa Nemətov dəvət eləmişdi. Azərbaycana qayıdandan sonra xeyli müddət işsiz qaldım. Teatrlar məni işə götürmədi. Dedilər ki, artıq təqaüd vaxtındır. İncəsənət Universitetinə altı-yeddi dəfə müraciət etsəm də, orda da götürmədilər. Halbuki ixtisaslı rejissor-aktyor sənəti müəllimiyəm.
– Bəs necə dolanırsınız?
– 350 manat maaş alıram. Dolanmıram, günü-günə verirəm.
– Mən elə bilirdim, sizin çoxlu pulunuz var.
– Rusiyada var idi. Orada bizneslə məşğul olurdum, üstəlik, seriallara çəkilirdim. On səkkiz il yaşayandan sonra qərara gəldim ki, vətənə qayıdım. Necə deyərlər, “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”. Vətənə qayıtmağın da bir vaxtı var axı. Mən torpağımı çox sevirəm. Özüm Kəlbəcərdənəm. Kəlbəcər qayıdanda elə bil mənə dünyanı verdilər (fikrə gedir).
Bilirsiniz, doxsanıncı illərdə yaşayış başqa şey tələb edirdi. O vaxtlar teatr adı çəkiləndə gülürdülər ki, “Nə teatr?”, biz çörək haqqında fikirləşirik. Mən Rusiyaya 1997-ci ildə getmişdim. O dövr haqqında danışanda deyirəm ki, çörəyin içindən daş çıxan illər idi. Həqiqətən də, həmin illərdə çörəyin içindən çıxan daş dişimi sındırmışdı.
Məcbur olub getdim ki, ailəmi dolandıra bilim. Əgər evli olmasaydım, heç yerə gedəsi deyildim, elə sənətdə də qalacaqdım. Ancaq mənim iki övladım var, onların qarşısında cavabdehəm. Balalarımı dolandırmaq problemi yarananda sənət mənim üçün ikinci plana keçdi.
– Övladlarınızdan sizin yolunuzu davam etdirən oldu?
– Biri mənim yolumu davam etdirib rejissorluq təhsili aldı. Ancaq burada iş tapa bilmədi. Hazırda Amerikada yaşayır. İki qızım var, hər ikisi evlidir.
Hə, onu deyirdim axı. Mən qayıtdım, heç kəs mənə “Xoş gəlmisən” demədi. Çətinliyim odur ki, səkkiz ildir iş tapa bilmirəm. Bu illər ərzində bir şeyi də başa düşdüm ki, insan yaşlandıqca pula daha çox ehtiyacı olur.
– Niyə?
– Alçalmamaq üçün, başını əyməmək üçün… Mən qürurumu heç vaxt sındırmıram. Məsələn, bir də görürsən, hansısa serialdan zəng edib, dəvət edirlər. Məsələ qonorara gələndə deyirlər ki, çəkilişin günü əlli manatdır. Soruşuram ki, bir ayda mənim çəkiliş günüm nə qədər olacaq? Deyir, üç-dörd dəfə. Bu, nə deməkdir? Sən aktyoru belə qiymətləndirirsənsə, yaxşı film, yaxşı serial necə yarana bilər?
– Sizcə, hazırda teatrımızın vəziyyəti nisbətən yaxşıdır, yoxsa kinonun?
– Heç birinin.
– Film çəkmək ciddi maliyyə tələb edir. Kinoindustriya problemləri də prosesi ləngidir. Bunu başa düşdük. Bəs teatrın inkişafını ləngidən səbəblər hansılardır?
– Bir sahənin inkişafı üçün o sahənin tənqidçisi olmalıdır. Bizdə tənqid yoxdur, dostluq var. Ona görə də, kiminsə xətrinə dəyməmək üçün həqiqəti deməkdən çəkinirlər. Bədbəxtçiliyimiz ondadır ki, bu gün kino və teatr haqqında yazanların əksəriyyəti jurnalistdir. Onların da çoxu teatrı, kinonu bilmədən analiz aparır. Sizin buna ixtiyarınız yoxdur. Heç bir jurnalist mənə peşəkar kimi deyə bilməz ki, “sən pis oynayırsan”. Uzağı, həvəskar kimi fikir bildirə bilər. Sən teatrı bilmirsənsə, nəyə əsaslanıb məni tənqid edəcəksən? Aktyor oyununu, rejissor işini bilmədən aparılan analizlər sadəcə gülüş doğurur. Jurnalistin işi xəbər verməkdir.
– Bəs peşəkar teatrşünaslar niyə tənqid eləmirlər? Onların ki, işidir.
– Onlar da narahat olurlar ki, nöqsanları yazsalar, öz işlərinə mənfi təsir edər. Teatrı düşünən yoxdur, hər kəs özünü fikirləşir.
Yaxud da filmlərdəki vəziyyət. Bu gün sənəti söyüşlə bir tutanlar var. Soruşanda da deyirlər ki, türklər söyürlər. Türklərin bu məsələyə yanaşması fərqlidir. Onlar adi danışıq dilində də bəzi söyüşlərdən istifadə edirlər. Ruslardakı kimi. Bizdə axı o adət yoxdur. Elə ədəbi sözlər var ki, kinoda istifadə olunur. Elə “Babək filmində” Əzrək deyir ki, “ey anası fahişələr”. Mənim buna etirazım yoxdur. Ancaq elə söz var ki, biz beş kişi ilə oturanda da o sözü üzr istəyib işlədirik. Sən isə tamaşaçıdan üzr istəmədən bu sözü deyirsən.
– Ad çəkmək istəmirsiniz?
– Mən onların adını niyə çəkim ki? Savadsız rejissorlardır. Heç institut da bitirməyiblər. Əgər savadları varsa, gəlib desinlər ki, səhv deyirsən. Nə kino estetikasını bilirlər, nə etikasını. Əgər sən hara qədər gedəcəyini bilmirsənsə, o xətti tapdalayıb keçirsənsə, bu, artıq kino olmur. Belə şeylər də savadsızlıqdan irəli gəlir. Bir dənə də sözləri var: “Bu, həyatdır”. Başa düşmürlər ki, kino və teatr həyat deyil, həyatın bədii formasıdır.
– Sizdə Buğdaydan nə var?
– Buğday roluna çəkiləndə mən elə Buğday idim.
– Qorxaq?
– Buğday ssenaridə qorxaq deyil. Ssenaridə qeyd olunur ki, Buğdayın on səkkiz yaşı var, ancaq hələ heç bir döyüşdə olmayıb. Yadınızdadırsa, orada bir səhnə var. Həmədandan gələn adam Babəkdən kömək istəyəndə heç kim ora getməyə razı olmur. Sərkərdələr deyirlər ki, Həmədan arandır, biz isə dağda döyüşməyə öyrəşmişik. Orada uduzarıq. Babək heç kimin getmədiyini görüb, oğlunu göndərir. Bu, Buğdayın ilk döyüşü idi. Ona görə də, uduzması təəccüblü deyil.
– Yəni Babəkin oğlu bir buna görə sağ qalır?
– Bu suala cavab ola biləcək səhnələr sonradan filmdən çıxarılıb. Məsələn, mənim həmin döyüşlə bağlı bir səhnəm var. O yer kəsildiyi üçün sonrakı səhnə göydəndüşmə olur. Deməli, uduzduğumuzu görəndə iki döyüşçü “Heç olmasa, Babəkin oğlu sağ qalsın deyib”, məni döyüşdən çıxarır. Ümumiyyətlə, o boşluqlara görə, obrazım qorxaq görünür.
– Bildiyim qədərilə həmin dövrdə seçdiyiniz peşədən dolayı “atalar-oğullar” problemi sizin də həyatınızda aktual idi. Buğdayda olduğu kimi.
– Hə. Atam partiya işçisi idi. Mənim də sənədlərimi hüquq fakültəsinə vermişdi. Daha sonra Xalq Təsərrüfatı İnstitutuna qəbul olundum. Ancaq davam etmədim. Ordan da qaçandan sonra atam dedi ki, məni bezdirdin, axı sən nə istəyirsən? İncəsənəti istədiyimi deyəndə cavab verdi ki, ora mənlik deyil. Get, neyniyirsən elə.
– Elədiyinizdən peşmansınız?
– Yox, mən bu sənəti çox sevirəm. Hələ üçüncü kursda “Babək” filminə çəkilməklə özümü atama təsdiq elədim. Atam da, anam da ilk dəfə o filmə baxanda kinoteatrdan gözüyaşlı çıxmışdılar. Bu, mənim qələbəm idi.
– Sizcə, “Babək”i Həsən Seyidbəyli çəksəydi, necə olardı?
– Bu, həvəskar sualıdır axı.
– Olsun. Mən peşəkar cavabı istəyirəm.
– Bilirsiniz, biri var ssenaristin yazdığı ssenari, biri də var rejissor ssenarisi. Güman edirəm ki, Həsən Seyidbəylinin yazdığı ssenari, Eldar Quliyevin yazdığından fərqli idi. Hansının daha yaxşı çəkəcəyini isə mən deyə bilmərəm. Hər rejissorun öz baxışı var.
– “Babək” filmi həmin dövrdə böyük əks-səda doğurmuşdu. O günləri siz necə xatırlayırsınız?
– “Babək”in bütün sovet ölkələrində eyni gündə, eyni saatda premyerası olmuşdu. Təsəvvür edin, bir saata filmin çəkilişinə sərf olunan pul yığıldı. Mən həmin gün Tiflisdə idim. Gürcü dostlarımla birgə filmə baxmağa getdik. Kinoteatrda adam əlindən tərpənmək olmurdu. Çünki “Babək”i bütün SSRİ-də səbirsizliklə gözləyirdilər. Deməli, kinoya baxan vaxt dostlarım tez-tez məndən nəsə soruşurdular. Bu, qabaq sırada oturan tamaşaçıların diqqətini çəkdi. Dönüb baxanda gördülər ki, filmdəki oğlanam. İnanın, kino bitəndən sonra bütün zal ayaqüstə əl çaldı. Sonra tamaşaçıların içindən bir nəfər kişi “Azərbaycanı azad görməyincə, qıılıncımı qınına qoyan deyiləm” sözlərini xatırladıb dedi: “Heydər Əliyevə sağ ol deyin ki, azadlıqdasınız”.
Həqiqətən də, sovet vaxtında bu sözə görə adama on il iş verərdilər. Əgər Ulu öndər olmasaydı, azadlıq haqqında bu cür danışa bilməzdik.
Aytac SAHƏD