MaqazinÖlkə

Hacı Şahinin yazıçı ilə gizli mesajları: “Sənin çayçın olaram…”

Yazıçı-ilahiyyatçı İlqar Kamillə müsahibəni təqdim edirik.

Adı-soyadı: İlqar Kamil

Sənəti: yazıçı, ilahiyyatçı, psixoloq

Təvəllüdü: 07.07.1981

Ən böyük arzusu: “Hamının xoşbəxt olduğunu görmək, çünki təkbaşına xoşbəxt olmaq mümkün deyil”.

Ən böyük idealı: İmam Əli

Əsas devizi: “O qədər güclü olacaqsan ki, aramlılığını və sakitliyini heç kim və heç nə poza bilməyəcək”. (İmam Əli)

– İlqar bəy, sizin yaxın günlərdə Hacı Şahin haqqında “Kostyumlu övliya” adlı kitabınız işıq üzü gördü. Kitabı yazmağa sizi daha çox nə vadar etdi?

– Hacı Şahinin fenomen bir şəxsiyyət olduğunu düşünürəm. İşin ilahi tərəfləri bir yana – təmiz niyyətli adam idi, Allah bəndəsi idi, Allah ona bərəkət vermişdi – eyni zamanda, düşünürəm ki, onun həyatı həm də sosioloji faktdır. Bu adamın bu qədər sevilməsi, məzarı başında izdihamın olması, məzarının az qala ziyarətgaha çevrilməsi… Bu elə bir sosioloji faktdır ki, ilmə-ilmə araşdırılmalıdır.

Hacının ozünü tanıyırdım, ünsiyyətimiz vardı. Çıxışlarını, müsahibələrini dinləmişdim. Düşündüm ki, belə bir şəxsiyyəti əbədiləşdirmək üçün mən də öz töhfəmi verməliyəm.

Bu araşdırmalar istənilən sahədə olmalıdır. Məsələn, bundan əvvəlki kitabım general Polad Həşimov haqqındadır. “Polad necə bərkidi” kitabında generalın həyatını eynilə bu cür, sosioloji, psixoloji, mənəvi irfanı yönlü araşdırmışam.

Belə bir söz var, deyirlər ki, bir gül ilə bahar olmaz. Amma bu şəxsiyyətlərin timsalında görürük ki, bir gül ilə bahar olur.

Məqsədim bu istiqamətdə olan insanları örnək göstərməkdir.

– Sizin Hacı Şahinlə söhbətləriniz əsasən hansı yöndə olurdu?

– Hansısa konflikt olanda dərhal hacıya yazırdım. Bir dəfə məsciddə bir adam ayağa qalxıb onu tənqid eləmişdi. Hacı da öz təmkinini qorumuşdu. O hadisədən sonra hacıya yazdım ki, mən o adamın yerinə sizdən üzr istəyirəm. Çünki bu adam vətənə xidmət etmək, gözəl işlər görmək istəyirdi. Nə qədər büruzə verməsə də, bu cür hallar onu incidirdi.

Londonda bayraq olayında – bizim səfirliyimizə qarşı hörmətsizlik olanda, o, iti zəkasıyla dərhal reaksiya vermişdi.

Mən onda Rusiyada yaşayırdım. Dərhal yazdım ki, sizin iti zəkanıza qibtə edirəm. Hətta zarafatla dedim ki, vətənə gələndən sonra sizin çayçınız olacam, sürücünüz olacam; sizdən öyrənməli çox şey var…

– İlqar bəy, Hacı Şahinlə sizin doğum gününüz eyni günə təsadüf edir, burda bir mistik çalar vardımı?

– Yaxşı sualdır… Mən düşünürdüm ki, vətənə qayıdandan sonra hacıyla çox yaxşı dost olacağıq. Ola bilsin, birlikdə hansısa işlər görərdik, layihələrimiz olardı.

Yaxın olsaq da, aramızda pərdə vardı. Ona olan münasibətimi dərindən göstərə bilmirdim. Hacının ölümündən sonra onun yaxın çevrəsiylə danışanda, onların göndərdiyi səsləri dinləyəndə, gördüm ki, onun da mənə münasibəti eləymiş – dərin, ruhani bir münasibət. Hacının şəxsiyyətini araşdırandan sonra gördüm ki, biz nə qədər ruhani mənada olaraq yaxın adamlar olmuşuq və mənə elə gəldi ki, onun ölümü mənim ən böyük itkimdi.

Onun ölümünü ağır keçirdim əslində. Bu tanış hisslər idi. Mən anamı itirəndə bir ay danışa bilməmişəm. Nə danışırdım, nə də ağlayırdım.

Yadıma gəlir, anamın ölümündən sonra Rusiyadan gələndə, bir ev kirələdim. Yaşayacağım yerə girəndə, evin bomboş olduğunu gördüm. Yalnız bir kitab vardı – Qurban Yaquboğlunun kitabı: “Mən yoxam”. Mistik formada əlimə gəlib çıxan kitabı götürüb oxudum. Müəllif ana itkisindən yazırdı. İnsanları nəsə bağlayır bir birinə – ya varlıq, ya yoxluq. Gördüm ki, bir yoxluq, ana yoxluğu bizi bir-birimizə yaxınlaşdırıb.

– Hacı Şahinin itkisini ana itkisiylə müqayisə edəcək qədər dərindən yaşamısız?

– Hə, o qədər doğma hisslər idi… Anamdan sonra mən bir roman yazdım – “Anam üçün”. O romandan sonra açılışdım anamla bağlı, onun ölümüylə bağlı danışmağa. “Kostyumlu övliya” da həmin o ağırlığı içimdən çıxarmaq üçün yazıldı.

Mən bir az hiss adamıyam, yazarkən güldüyüm yerlər olub, qəhqəhə çəkdiyim yerlər olub, ağladığım yerlər olub…

ilgar kamil (1)

“Mən İlqar Kamili necə tənqid edərdim?”

– Bir şeiriniz ətrafında qalmaqal yaranmışdı, hətta o şeirlə bağlı Hacı Şahinə də müraciət edilmişdi. Qalmaqala səbəb nə olmuşdu?

– Düşünürəm ki, bu, çox maraqlı bir şeir idi. “İlahi, qorxma, mən səninləyəm”. Şeirdə deyilirdi ki, heç kim sənə inanmasa da, mən varam, mən hamının yerinə inanaram sənə, insanların dönük çıxması səni incitməsin.

“İlahi, qorxma” kəlməsi insanları narahat etmişdi. Bəzi yaxın dostlar da tənqid etdilər ki, bəlkə başqa bir ifadə tapmaq olardı, Allaha belə münasibət sərgiləmək, bu formada Allahla danışmaq doğru deyil. Səmimiyyətinə inandığım insanlar da bunu dilə gətirmişdi və səmimi qəlbdən yazmışdılar ki, bu, bizim inancımızı incitdi.

Hər şeyə “qərəz” adı qoymaq da düzgün yanaşma deyil. Şeir paylaşılmışdı və təbii ki, onu bəyənənlər də, bəyənməyənlər də olacaqdı.

Mən bir yazı yazdım və təvazökarlıqdan uzaq da olsa, master klass sərgilədim. Əslində hacı belə bir yazı yazmağımın əleyhinəydi… Yazının adı beləydi: “İlqar Kamili necə tənqid edərdim”.

Tənqid normaldır, insanlar bir-birini tənqid edər. Amma ağır ittihamlarla, şəxsiyyətinə toxunaraq etmək olmaz. Fikir mübadiləsi, müzakirə olmalıdır və s. Onu da yazmışdım ki, baxmaq lazımdır, bu yazının müəllifi kimdir. Mənim işlərimdən biri zatən teodisiyadır – Allahı müdafiə. Zaman- zaman bununla bağlı yazılarım olub.

Əslində mən örnək göstərmək istəyirdim. Ümumiyyətlə, bizim niyyətimiz örnək göstərməkdir. Hacıyla da bu haqda danışırdıq ki, örnəklər göstərək.

– Hacı Şahinin sizi müdafiə etməsi o qızğın fikirlərin üstünə su çilədimi?

– Əksinə deyərdim. Hacının müdafiə yazısından sonra bu söhbətlər daha da qızışdı. Bir var İlqar Kamil yazmışdı, bir də var Hacı Şahin özü onu müdafiə edirdi…

O, yazısında yazmışdı ki, mən konkret bir şəxsi müdafiə etmirəm. Ardınca da demişdi ki, əslində bunda problem də görmürəm, yeri gəlsə, müdafiə də edərəm.

Mən ondan sonra hacını bir dost kimi kəşf elədim. Hacı o yazını yazmaya bilərdi, sinəsini sipər etməyə də bilərdi. Onda mən gördüm ki, şəxsimə qarşı onda bir lütfi -məhəbbət, dostluq münasibəti var.

O qalmaqal vaxtı mən məşhur bir arifin “İlahinamə” adlı əsərindən bir sözü yada saldım. Deyir, ilahi, səni zikr edən dilimə-dodağıma qurban olum.

O şeirimdən sonra, “Allaha belə münasibət doğrudur, ya doğru deyil” sualı ətrafında neçə gün müzakirələr getdi. Bir neçə gün sosial şəbəkə büründü ilahi söhbətinə. Əslində bu yaxşı hal idi. Bir dəfə də gündəmdə Allah mövzusu oldu. Bu mənada mən hər şeyə rəğmən, buna müsbət tendensiya kimi baxdım. Və yazdım ki, mən əminəm, əgər bu mövzuda növbəti yazı yazılsa, müzakirəsi bu şiddətdə, bu formada olmayacaq. Normal müzakirələr, normal tənqidlər olacaq.

– Siz özünüz də bir gənc şairin Allahla bağlı işlətdiyi hansısa sözün doğru olmadığı, yerində işlənmədiyinə dair irad bildirmişdiz…

– Mən yazıda o sözün doğru olub-olmadığından çox estetik olmadığını demişdim. “Mən Allah doğardım” kəlməsilə bağlı idi. Yazmışdım ki, deyirsən de, amma daha estetik bir söz tapmaq olardı.

Yenə o məsələyə qayıdıram. Əlbəttə, xalqın ağzı torba deyil ki, büzəsən. Tövsiyə etmək olar, gözəl örnəklər göstərmək olar. Əgər tənqid edəcəksənsə, bunu estetik tərzdə etmək lazımdır.

– Kitabın adı “Kostyumlu övliya”dır. Yəqin ki, bu adı seçəndə artıq tənqidlərə açıq idiniz.

– “Kostyumlu övliya” iradəvi olaraq seçilmiş addır. “Övliya” deyəndə ağla xüsusi geyim gəlir, əba, xirqə. Yəni insan kostyumda da övliya ola bilər. Məşhur bir söz var: “İnsanlar zahirən eyni olmalı, daxilən fərqlənməlidir”.

Bugünkü dünya bir az fərqlidir. İnsanlar daxili aləm haqqında düşünmürlər, daha çox zahiri haqqında düşünürlər. Mən burda göstərmək istəmişəm ki, kostyumda da olsa, dərin mənəvi aləminə nüfuz edəndə görürsən ki, övliyadır. Təəssüf ki, bəzən kitabı oxumadan fikir bildirirlər.

O gün bir nəfər yazmışdı ki, siz nə haqla kiməsə “övliya” deyirsiz? Buna səlahiyyətiniz çatırmı? Mən orda dedim ki, əvvəla, kitabı oxumaq lazımdır. Ümumiyyətlə, bu məsələlərin nə isbatı, nə inkarı mümkündür… Siz Allaha and içib, Qurana əl basa bilərsinizmi ki, o, övliya deyildi? Bu subyektiv fikirdi, mənim müşahidələrim, gördüklərimdir.

Bir insanın övliya olması üçün nə etməsi lazımdır ki? Bu qədər insana kömək olub, əl tutub, yol göstərib. Mənim qənaətinə görə, bəli, övliyadır. İslam terminologiyasında xüsusi mənada “övliya” sözü var. Onlar konkret şəxslərdir, imamlardır. Bir də ümumi mənada övliya var. Məsələn, xüsusi anlamda imam 12 nəfərdən ibarətdir. Ümumi mənada imamlar məsciddə təyin olunur.

Övliya da xüsusi mənada konkret şəxslərdir, amma ümumi mənada minlərlə övliya var. Yəqin ki, elə Azərbaycanın özündə bu gün minlərlə gözə görünməyən övliyalar mövcuddur.

ilgar kamil (6)

“Bizim danışdıqlarımız səsdir, söz deyil”

– Ümumiyyətlə, din və psixologiya bir-biri ilə nə dərəcədə əlaqəlidir?

– Psixologiya müstəqil elm kimi 19-cu əsrin ikinci yarısından formalaşmağa başlayıb. Ona qədər fəlsəfənin və dinin tərkibində öyrənilib. Yəni bu qədər yaxınlıq var əslində. Digər tərəfdən, psixologiya insanı araşdırır, dinin də işi insan dərinliklərinə nüfuz etməkdir.

Mən Moskva Psixologiya İnstitutunda təhsil almışam. Professorlardan biri dedi ki, sən psixologiyada daha çox irəli gedə bilərsən, çünki dini bilirsən. Bu sahələr isə bir-birinə çox yaxındır. Həqiqətən də işin içinə girəndən sonra bəzi məqamlarda heyrətlənirdim, görürdüm ki, dinin bu barədə çox maraqlı təqdimatı var. Düzdür, konsepsiya şəklində deyil, pərakəndə şəkildədir.

Məsələn, yeni trend-mövzu var – emosional zəka. Bundan da yeni bir mövzu var, heç Azərbaycanda bunun adını çəkən yoxdur. Rusiyaya yeni-yeni gəlib: ruhani zəka. Psixoloq Qovard Qardner 1983-cü ildə zəkaların çeşidliliyi məsələsini irəli sürdü. O zamana qədər yalnız bir zəkadan – mental zəkadan xəbərimiz vardı.

Amma o müəyyən etdi ki, insanların sosial zəkası var, emosional zəkası var, cismani zəkası var. Ruhani zəka çox az araşdırılıb, amma düşünürəm ki, beş -on ildən sonra trend mövzulardan biri olacaq.

– Buna baxmayaraq, bir çox İslam alimləri psixologiyaya qarşı çıxır, bu elmi qəbul etmirlər.

– Bilirsiz, psixologiyanın müxtəlif istiqamətləri, sahələri var. Məsələn, gələcəkdə mənim görmək istədiyim işlərdən biri də budur. Müasir psixologiyanın böhranları haqqında tədqiqat işi yazmaq istəyirəm. Müasir psixologiyada elə istiqamətlər var ki, mən özüm də ona qarşıyam. Nəinki din, heç sağlam məntiq də bunu qəbul eləmir. Məsələn, müasir psixologiyada belə bir istiqamət var – determinizm psixoanalizi.

Determinizmə görə, kainatdakı hər şey, hətta bizim düşüncələrimiz, davranışlarımız, qərarlarımız da səbəb-nəticə əlaqəsinə bağlıdır. Yəni hər şeyin bir səbəbi olduğunu və hansısa bir səbəbin konkret bir nəticəni yaratması, eyni səbəblərin eyni mühitdə eyni bir nəticə verəcəyini müdafiə edən təlimdir.

Determinizm psixoanalizi ilə insanları uşaqlığına qaytarır və o illərdə yaşadıqlarına əsasən belə fikir yürüdürlər ki, demək, nəticə belə olmalıdır. Bu yanlışdır. Bu insanların içindəki canavara legitimlik verməkdir. Amma din-irfan, mənəviyyat deyir ki, tamam, belə yaşamısan, amma insan iradəsi hər şeyin fövqündədir.

Jark Fresko özü ateist idi, amma bəzi fikirləri xoşuma gəlir. O deyirdi ki, bizim konfliktlərimizin mənbəyində duran əsas məsələ budur ki, danışdıqlarımızın çoxu səsdir, söz deyil. Məsələn, mən deyirəm ki, siz yalan deyirsiz! Bu səsdir. Bir də var ki, mən bunu demədən öncə əsaslandırıram, ortaya faktlar qoyuram. Bunu etməklə yalan dediyinizi ortaya qoymuş oluram.

Və yaxud “Etiraz edirəm” demədən öncə bunu əsaslandır. Bu fikirlərin özü zatən etirazdır. Bizi konfliktə salan şeylər əslində bizim bir-birimizlə sözlə deyil, səslə danışmağımızdır. Tutalım, mənim kitabımla bağlı kimsə rəy yazıb: “Mən bəyənmədim”. Bu bir səsdir. Fikirlərinlə əsaslandır, aydın olsun ki, niyə bəyənməmisən.

Məsələn, mən deyim ki, müasir psixologiyada böhran var. Bu bir səsdir. Yəni ortaya araşdırma qoymaq lazımdır.

ilgar kamil (7)

“Ölüm rəngarəng də ola bilər”

– Hər yazar həm də öz oxucusudur. Bu baxımdan öz şeirlərinizi necə qiymətləndirirsiz?

– Mən özümü daha çox nasir hesab edirəm. İlk şeirlər kitabım “Gəlməyini gözləyən” olub. O kitabı da dostların təkidilə çap etdirmişəm. Mən heç vaxt istəməmişəm şeirlərim kitablaşsın. İçimdən gələn hisslərdir, yazmışam. Mən özümü şair hesab eləmirəm.

– Siz bir şeirinizdə deyirsiz ki, səni heç xatırlamıram, unutmuşam və birdən- “gülüşün haqqı” və yaxud “həsrətinə and olsun”. Təsirli sözlərdir. Mən düşündüm ki, görəsən, belə andları hardasa eşitmişəmmi? Amma xatırlaya bilmədim.

– Düşünürəm ki, bu mənim içimdən gəlir. Hələ mədrəsədə təhsil alanda bizim bir müəllimimiz vardı – Cəmil müəllim. Azərbaycan dili və ədəbiyyatdan dərs deyirdi. O, dərsdə bizə hekayə, ya şeir yazmağı tapşırırdı. Yadıma gəlir ki, mən onun istəyilə bir şeir yazmışdım. Mənə irad tutdu ki, İlqar, demişəm, şeiri özünüz yazın, deməmişəm ki, köçürün.

Yoldaşlarım “Müəllim, özü yazır” deyəndə, o təəccübləndi. Sonra “Acı tale” adlı bir hekayə yazmışdım, ilk hekayəm idi. Cəmil müəllim dedi ki, hekayələrdən biri mənə çox xoş gəldi, mən onu səsləndirəcəyəm. Hekayəni oxuyanda, gördüm ki, mənim hekayəmdir. Onda o mənə tövsiyə etdi ki, bu şeirlərin, hekayələrin ardınca getməlisən.

– Hər şeirinizin konkret bir yozumu varmı, yoxsa söz sizin üçün anlaşılmaz sirdi?

– Məndən bəzən soruşurlar, bu şeiri kimə həsr etmisiz? İlhama gəlmişəm və yazmışam. Bəli, elə olur ki, əsərin içində xüsusi bir hədəf var, əsərin özünün bir hədəfi var. Nizamı var, intizamı var.

Məsələn, “Anam üçün” romanının baş qəhrəmanının adı Benyamindir. Belə düşünürəm ki, mənim bu addan xoşum gəlir, ona görə qoymuşam. Əsər bir andın üstündə qurulub.

Əsərin təqdimatında məşhur tənqidçi Əsəd Cahangir dedi ki, görün, ad seçimi nə qədər doğrudur. Benyamin- “Bin yəmin”, andın oğlu deməkdir. Halbuki mən bunu iradəvi yazmamışdım.

Mənim bədii ədəbiyyata, poeziyaya yanaşmam belədir ki, oturub nəsə düşünüb, yazmıram. Bu bir haldır, o halın içində müəyyən misralar gələ bilər, sonra özüm də baxıb heyrətlənə bilərəm ki, özüm də fərqində olmadan nələri sözə gətirmişəm.

– Şeirinizin birində müsbət anlam yükləmisiz ölümə. Ölüm necə rəngarəng ola bilər?

– Bu, ola bilsin, mənim inancımdan irəli gələn bir məsələdir. Ana kitabım “Quran”ın ölümə yanaşması orijinaldır. Məsələn, bir surədəki ifadəyə baxın. Allah deyir ki: “Mən həyatı və ölümü yaratdım”. Ölümün özünü belə bir varlıq kimi təqdim edir. Ona görə bu bir inanc məsələsidir.

Düşünürəm ki, ölümə yanaşma çox vacib məsələdir. Bundan qaçış, hətta bir mütəxəssis, psixoloq kimi deyirəm, doğru deyil. Bir insan o zaman tamlaşa bilər ki, bu mövzunu özü üçün həll etmiş olsun, hansısa formada bununla barışmış olsun.

Hacı Şahinlə bağlı mən bir fakt eşitdim. Dünyasını dəyişdiyi gün gecə saat 3 radələrində oğluna deyib ki, mən ölümdən qorxmuram, ölüm haqdı…

Bunu eşidəndə təəccübləndim. Dostuna yazdım ki, bəlkə bu nəyəsə işarədi? Niyə adam gecənin yarısı ölümdən danışsın? Dostu maraqlı bir cavab verdi. Dedi, yox, bu bizə təəccüblü gəlmədi. Bu onun ən maraqlı və məzəli mövzusu idi. Bəzən yorulanda zarafatla deyirdi ki, ayaqlarımızı uzadıb sağ-salamat ölə bilsəydik…

Mən düşünürəm ki, ölümə belə yanaşma olsa, insan çox qorxularını özündən uzaqlaşdıra bilər. Məsələn, psixologiyada tanatofobiya adlı bir fobiya var – şiddətli ölüm qorxusu. Psixoloji araşdırmalara görə, bütün fobiyaların təməlində tanatofobiya dayanır.

Bu mövzunu insan hər hansı formada özü üçün həll etmiş olsa, ona bir rəngarənglik versə, məna çaları qatsa, düşünürəm ki, daha keyfiyyətli yaşaya bilər. Yəni həyatın naminədir mənim ölümə belə yanaşmam.

ilgar kamil (9)

“Biz hamımız saqqallı uşaqlarıq”

– Şeirlərinizdən sizin çox həssas olduğunuz bəlli olur. Belə həssas insan üçün psixoloq kimi çalışmaq çətin deyilmi?

– Çətindir, etiraf edirəm. İnkişaf etmiş ölkələrdə bununla bağlı müəyyən kodekslər, yasaqlar da var. Psixoloqun öz sağlamlığı üçün ona gün ərzində 5-6 pasiyentdən artıq qəbul etməyə icazə verilmir. Həqiqətən də çətindir. Çünki uğurlu mütəxəssis olmaq üçün ən böyük şərt empatiya qura bilməkdir, bunu dərindən yaşamaqdır. Elə seanslar olur ki, qurtarandan sonra mən oturub hönkür-hönkür ağlayıram. Neçə müddət getmir beynimdən.

Məsələn, şəhid bacısı ilə seanslarımız var idi. Mənim yadıma gəlir ki, o hansı vəziyyətdə gəlmişdi. Çox halsız halda, uzanmış vəziyyətdə seanslara qoşulurdu. İlk dəfə başını qaldırıb mənə baxanda və təbəssüm edəndə mən onun gözünün içinə baxa-baxa ağladım. Özümü ən uğurlu hesab etdiyim seanslardan biri idi… İndi şükür Allaha, ailə də qurub, hər şey həyatında əladır.

Bu həssaslıqla psixoloq olmaq həqiqətən çətindir, amma işin gözəl tərəfi də var ki, bütün imkanları səfərbər edib faydalı ola bilirsən.

Belə bir əbədi sual var: dünyanı nə xilas edəcək? Məncə, dünyanı psixologiya elmi xilas edəcək. Söhbət bu gün gündəmdə olan psixologiyadan getmir, gerçək psixologiyadan gedir. Məsələn, mən hazırda bir əsərin üzərində işləyirəm. “Böyümək vaxtıdır”.

Bir gün Rusiya kanallarından birinə baxırdım, gördüm, Mirzə Cəlilin “Saqqallı uşaq” hekayəsinin müzakirəsi gedir. Mən oxumamışdım, dərhal tapdım o hekayəni, oxudum. Sonra ordan beynimə bir ideya gəldi. Mən düşündüm ki, biz hamımız saqqallı uşaqlarıq.

Dünyada olan konfliktlər, hətta müharibələr ona görə yaranır ki, insanlar “saqqallı uşaqlardır”.

Düzdür, hekayədə mental zəkadan söhbət gedir. Amma mən daha çox sosial zəka, emosional zəka baxımından insanların “saqqallı uşaq” olduqlarını düşünürəm. Ailə münasibətlərində də belədir. Ər-arvad pasiyentlər gəlir, görürsən ki, zahirdə böyük insanlardır, amma iki körpə kimi dava edirlər.

Ailə münasibətlərində də, müdir-işçi, müəllim-şagird münasibətlərində də “saqqallı uşaqların” davasını görürük. “Böyümək vaxtıdır” adlı kitabımda “saqqallı uşaqların” əlamətləri, böyümə yolları göstərilib; necə edək ki, yetkin olaq.

Mən düşünürəm ki, dünyada hər şeyə rəğmən xoşbəxt olmaq olar. Bütün çətinliklərə rəğmən dünyada keyfiyyətli yaşamaq olar. Qətiyyən çəhrayı eynək taxmağın tərəfdarı deyiləm. Guya hər şey əladır. Dünya çətin yerdir. Sıxıntılar, narahatlıqlar var.

Böyük mütəfəkkirlərdən biri obrazlı şəkildə bunu belə ifadə edirdi ki, sanki bir alma var və on nəfər bunu istəyir. Dünya belə bir yerdir, burda dava düşməsi mütləqdir. Amma düşünürəm ki, düşüncələri sahmana salaraq hər şeyə rəğmən xoşbəxt yaşamaq olar.

Mənə görə, qiyamət gününün ən böyük suallarından biri də bu olacaq: Allah soruşur ki, bəndə, nə etdin dünyada? Bəndə sinəsini irəli verib deyir ki, mən hər şeyə rəğmən xoşbəxt yaşadım. Sənin xətrinə.

Mənim belə bir şeirim də var. “Yaşamaq mərifətdir, Yaradanın xətrinə”.

ilgar kamil (4)

– Bir ipucu verə bilərsinizmi, xoşbəxt yaşamağı öyrənmək üçün insan nə etməlidir, necə davranmalıdir?

– İnsanın dünyada ən böyük qazancı insandır. Ən böyük narahatlığı da insandır. Ən böyük dərdi də insandır. Bu çox dərin söhbətdir, yaxın dairə insanlar var, uzaq dairə insanlar var. Bizim əsas problemimiz yaxınlarla olur. Bunların hamısı da bizim başımızın içində baş verir. Mən bir dəfə yazmışdım ki, insanın başına nə gəlirsə, başının içindən gəlir. Ona görə insanlar arası münasibətləri sahmana salmaq olsa, xoşbəxt olmaq olar.

Əgər insanlar “böyüsələr”, dünya yaxşı yerdir, yaşamaq olar. Psixoloq Erik Börnün bir sözü var, deyir, insan texniki avadanlıqlar kimi qurula bilən, köklənə bilən varlıqdır. Müəyyən temperaturda çalışması üçün texniki avadanlığı qurduğumuz kimi, insan da özünü kökləyə bilər.

Biz xalq olaraq deskrutiv köklənmişik. Bəli, problemlər var. Amma deskrutiv kökləndiyimiz üçün problemlərin sayı artıb. Mən Yesentukidə olanda yazmışdım ki, istidən şikayətlənmək temperaturun dərəcəsini artırır, əgər 40 dərəcədirsə, 45 dərəcə kimi hiss olunur. Amma istiylə zarafatlaşmaq, normal qəbul etmək bunun şiddətini azaldır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu