İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdarı olduğunu bildirib.
Mövzunu Globalinfo.az-a şərh edən deputat Fazil Mustafa məhsulların bahalaşmasının uşaqpulunun verilməsi ilə əlaqəli məsələ olmadığın deyib. Onun sözlərinə görə, bu, birbaşa inflyasiya ilə bağlıdır:
“İnflyasiyada qoruyucu mexanizm olaraq əmək haqlarının artırılmasından söhbət gedə bilər. Əsas problemlərdən biri də iş yerlərinin açılmasıdır. Bizdə iş yerləri bəzən statistik olaraq müəyyən rəqəmlərlə göstərilir. Amma burada vətəndaşların orta aylıq əmək haqqından yüksək maaş alması önəmlidir ki, onlar da tələbatlarını həyata keçirə bilsinlər. Ona görə də burada məşğulluq siyasətini daha ciddi şəkildə inkişaf etdirmək lazımdır və insanların alıcılıq qabiliyyəti yüksəlməlidir”.
Deputat deyib ki, uşaqpulu ümumiləşdirilmiş termindir:
“Əslində, insanlara ayrı-ayrı formalarda müavinətlər verilir. Təbii ki, müavinətlərin kateqoriyasını genişləndirmək lazımdır. Kateqoriya genişlənəndə artıq “uşaqpulu” dediyimiz vəsait bütün sahələri əhatə edə bilər. Bu müavinətlər də ayrı-ayrı ehtiyacı olan insanlar tərəfindən alına bilir. Ona görə də belə məsələləri bir-biri ilə əlaqələndirərkən bir qədər diqqətli olmalıyıq. Çünki bilavasitə vətəndaşın inflyasiyanın basqısından qorunması üçün iki istiqamətdə tədbirlər önəmlidir: əmək haqlarının artırılması və ən başlıcası, alıcılıq qabiliyyətinin yaradılması. Burada söhbət iş yerlərinin yaradılmasından və normal maaşla təmin olunmaqdan gedir. Bu da azad sahibkarlığın inkişafına dəstək verilməsindən keçir ki, sahibkarlar dövlətin yükünü müəyyən qədər üzərlərinə götürə bilsinlər və iş yerləri açaraq iqtisadiyyatı aktiv dövriyyə sisteminə gətirsinlər”.
İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda uzun zamandır ki, uşaqpulu məsələsi müzakirə obyektinə çevrilib:
“Burada problem hökumətin öz mövqeyini cəmiyyətə normal şəkildə izah edə bilməməsidir. Əslində, Azərbaycanda 5-6 istiqamət üzrə “uşaqpulu” verilir, amma bunun adı uşaqpulu deyil. Təxmini 500 milyon manata yaxın müxtəlif istiqamətlərdə bu cür adlandıra bilinəcək xərclər mövcuddur. Belə pərakəndəlikdənsə, bunun xalq dilində və xalqın gözləntiləri çərçivəsində adını uşaqpulu qoymaqla, bu vəsaitin ayrılması ilə bağlı addım-addım qərarların verilməsinə ehtiyac var. Bizim iki il bundan öncə təklif elədiyimiz sxem ondan ibarət idi ki, ilk mərhələdə Azərbaycanda uşaqların sayını nəzərə alaraq, uşaqpulu vermək lazımdır.
Ailədə ən çox ikinci uşaq problemi var. Birinci uşağı planlaşdıranda ailə özü də maddi vəziyyətini nəzərə alaraq, onu daha rahat şəkildə planlaşdıra bilir. İkinci uşağı böyütmək isə çətindir. Ailələrin bir çoxu dolanışıqla, xərclərin çox olması ilə əlaqəli çəkinirlər. Ona görə də təklif etmişdik ki, ölkədə 900 mindən çox məhz ikinci uşaq olduğuna görə, 0-18 yaş arası uşaqlara birinci mərhələdə ayda 100 manat verməklə ödənişlər etmək olar. Bu da təqribən ayda 1 milyard manata yaxın vəsait edir”.
İqtisadçı deyib ki, onsuz da müxtəlif adlarla müəyyən istiqamətlərdə vəsait xərclənir:
“Deməli, cəmi 500 milyon manat artırmaqla ilk addımı atmaq olar. Bundan sonra artıq növbəti illərdə ölkənin iqtisadi vəziyyəti daha da gücləndikcə digər uşaqlara, yəni 3-cü, 4-cü, 5-ci uşağa da bu yanaşma tətbiq oluna bilər. Ayda 100 manat civarında uşaqpulunun verilməsi dövlət büdcəsinə o qədər də böyük yük olmaz. Amma bu məbləğ ailələrin yükünün xeyli dərəcədə azalmasına səbəb ola bilər”.