Məzar daşı hazırlanıb, içi isə boşdur – FOTOLAR
Xəbər verdiyimiz kimi, Vətən müharibəsində itkin düşən 6 hərbçimizə şəhidlik statusu verilib.
“Qafqazinfo” xatırladır ki, onlardan biri Feyzullayev Aydın Zakir oğludur.
Üç ildən çoxdur oğlundan xəbər ala bilməyən atası Zakir bəy təsəlli üçün övladına məzar daşı da hazırladıb, içi isə boşdur.
Əsgər Feyzullayev 2020-ci ilin sentyabrda Suraxanı Səfərbərlik Xidməti tərəfindən təlimlərə çağırılıb. Döyüşlər başlayanda onları Horadizə aparıblar. Müharibənin ilk günləri ailəsiylə əlaqə saxlasa da, oktyabrın 1-dən ondan xəbər ala bilməyiblər.
İtkin düşən MAXE-əsgər Mehdiyev Asim Yaqub oğlu 2001-ci il təvəllüddür. Məlumata görə, sonuncu dəfə oktyabrın 7-si Xocavənd istiqamətində döyüşlərdə iştirak edəndən sonra ailəsi ilə əlaqəsi kəsilib. Həmin tarixdən bu yana Asimdən xəbər yoxdur. Oğlunun yolunu gözləyən atası Yaqub bəy isə ötən il qəfil dünyasını dəyişib.
Qədirli Elnur Rəcəb oğlu 1997-ci ildə İsmayıllının Diyallı kəndində anadan olub. Sentyabrın 29-da Vətən müharibəsinə yollanıb. Ailəsi sonuncu dəfə Elnurla oktyabrın 7-də əlaqə saxlayıb. Həmin tarixdən sonra Elnurdan xəbər yoxdur.
1996-cı il təvəllüdlü Salamov Qorxmaz Bayram oğlu Şəkinin Baş Göynük kəndindəndir. O, sonuncu dəfə ailəsi ilə oktyabrın 14-də əlaqə saxlayıb. Qorxmazın həmin vaxt Suqovuşan istiqamətində olduğu bildirilib. Lakin sonrada əsgərdən xəbər alınmayıb.
1991-ci il təvəllüdlü Səfərli Xəqani İlqar oğlu Vətən müharibəsinə Bakının Xətai rayon Hərbi Komissarlığının çağırışı ilə gedib. O, sonuncu dəfə ailə üzvləri ilə oktyabrın 4-də əlaqə saxlayıb. Həmin tarixdən sonra yaxınları Xəqanidən xəbər ala bilmir.
Leytenant Vəlizadə İbrahim Səməd oğlu 1998-ci ildə Naxçıvanın Şərur rayonunda anadan olub. Müharibədən əvvəl Şəmkirdə “N” saylı hərbi hissədə xidmət edib. Sonuncu dəfə ailəsi ilə sentyabrın 26-da əlaqə saxlayıb. Onun sonuncu dəfə Kəlbəcər istiqamətində döyüşlərdə iştirak etdiyi bildirilir.