Millinews.az – Taksilərlə bağlı yeni tələblərin tətbiqinə başlanılacaq
“Bizim qurum tərəfindən taksi səfərləri ilə bağlı geniş təhlillər aparıldı. Məlum oldu ki, səfərlərin 40%-dən çoxu Bakının mərkəzində həyata keçirilir və bir-üç kilometr məsafəni əhatə edir. Bu da öz növbəsində mərkəzdə ciddi şəkildə tıxaclara təsir edir”.
Bu sözləri Oxu.Az-a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib. Müsahibəni təqdim edirik:
– Taksi xidməti sahəsində qanunvericiliyə dəyişikliklər olunub. Dəyişikliklərin edilməsinə zərurət nədən yaranıb?
– Taksilər dünyanın hər yerində ictimai nəqliyyatın bir növü kimi mühüm əhəmiyyətə malikdir. Bu gün taksi xidməti Bakı şəhərində ölkənin digər iri şəhərlərində olduğu kimi, əlçatanlığı ilə fərqlənir. Ölkəmizdə taksi xidməti sektorunda göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sahədə mövcud qanunvericilik bazasının günümüzün tələblərinə uyğunlaşdırılması məqsədilə mühüm islahatlara başlanılıb. İlk növbədə qanunvericilik bazası təkmilləşdirilir.
Qeyd edim ki, ölkədə taksi fəaliyyəti ilə bağlı yaranmış problemlər həm sürücüləri, həm də sərnişinləri narahat edirdi. Nəticədə böyük narazılıqlara səbəb olurdu. Tərəfimizdən taksi səfərləri ilə bağlı geniş təhlillər aparıldı. Məlum oldu ki, səfərlərin 40%-dən çoxu Bakının mərkəzində həyata keçirilir və bir-üç kilometr məsafəni əhatə edir. Bu da öz növbəsində mərkəzdə ciddi şəkildə tıxaclara təsir edir.
Araşdırma nəticələri göstərdi ki, bu taksilərin əksəriyyəti fərqlənmə nişanı almadan və heç bir vergi ödəmədən fəaliyyət göstərir. Sürücülər isə heç bir təlimdə iştirak etməyiblər. Əlbəttə ki, bu da xidmətin keyfiyyətinə təsir edir. İnanıram ki, taksi xidməti ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək, vətəndaşlarımız üçün keyfiyyətli taksi xidmətlərinin təqdim olunmasına, sürücülərin isə layiqli iş şəraiti ilə təmin olunmasına gətirib çıxaracaq.
– Taksi fəaliyyəti ilə bağlı əsas yeniliklərdən danışaq. Şirkətlər və sürücülər fəaliyyətlərini necə davam etdirəcəklər?
– Qanunvericiliyə olunan dəyişikliklər taksi xidməti sektorunda bir sıra yenilikləri nəzərdə tutur. Son illər gündəlik leksikonda tez-tez rast gəlinən “taksi sifarişi operatoru” ifadəsi ilk dəfə hüquqi-normativ sənədlərdə əksini tapıb.
“Lisenziyalar və icazələr haqqında” Qanuna edilən dəyişiklik sayəsində taksi xidməti sektorunda buraxılış vərəqəsi və kartı tətbiq edilir. Buraxılış vərəqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. Taksi sifarişi operatoru fəaliyyəti üçün icazə, buraxılış vərəqəsi və kartı yeddi il müddətinə verilir.
Qanunvericiliyin tələbinə riayət olunmasını təmin etmək baxımından nəzarət tədbirlərinin olması mütləqdir. Məhz buna görə də İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Taksi xidməti sektorunda qanunvericiliyin tələblərinin pozulması inzibati məsuliyyət yaradır ki, bunun üçün də cərimə sanksiyaları nəzərdə tutulub.
Onu da qeyd edim ki, qanunvericilikdə taksi sifarişi operatoru (aqreqator) və taksi fəaliyyəti göstərənlər fərqləndirilirlər. Onlara fərqli tələblər və eləcə də, qayda pozuntularına görə fərqli cərimələr nəzərdə tutulub.
Nəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblər Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək və bundan sonra tətbiqinə başlanılacaq.
– Sənədlər demişkən, taksi minik avtomobillərinin sürücüləri xüsusi təlimlərdə iştirak edib şəhadətnamə əldə etməlidirlər. Bu proses haqqında məlumat verərdiniz.
– Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində taksi fəaliyyətinin tənzimlənməsinə dair qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlər davam etdirilir. Qeyd edim ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
İştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır. Tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, sərnişindaşımada hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə şəhadətnamə təqdim olunur.
Bu günədək təlimlərdə iştirak etmək üçün 11 minə yaxın sürücü müraciət edib. Təlimlərdə iştirak etmək istəyən taksi sürücüləri Təlim-Tədris Mərkəzinə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərinə müraciət edə bilərlər.
– Bu ilin iyunun 25-də Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı yeni qaydalar qəbul edilib. Parklanma siyasəti necə həyata keçirilir?
– Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən yeni qaydalar həm tariflərin özünü, həm şəhərin tarif zonalarını, eyni zamanda, yığılan vəsaitin xərclənmə istiqamətini müəyyən edir.
Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanmaya olan tələbatdan asılı olaraq, Bakı şəhərinin müəyyən hissələri dörd ödənişli zonaya bölünüb.
Qeyd edim ki, yeni qaydaların tətbiqi ilə bu sahədə şəffaflaşma müşahidə ediləcək. Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər mobil tətbiq üzərindən yalnız nağdsız qaydada həyata keçirilir.
– Zonalar üzrə işlər hansı mərhələdədir? Ödənişlərin həyata keçirilməsi barədə məlumat verərdiniz.
– Mərkəzdə parklanma zonasına daxil olan ərazilərdə işlər yekunlaşmaq üzrədir. Birinci və ikinci zonalara daxil olan yerlərdə müvafiq infrastruktur işləri aparılır. Parklanma yerlərində müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılır, nişanlanma xətləri çəkilir.
Artıq iki aydır ki, nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir. Ödənişlər mobil tətbiq və sms vasitəsilə edilir. Bu günə olan statistikaya əsasən, 180 minə yaxın insan mobil tətbiqi yükləyərək qeydiyyatdan keçib.
Təxminən 16 min nəfər isə balansın artırılması əməliyyatını həyata keçirib. Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edirik.
Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də “Nəqliyyat könüllüləri” prosesə cəlb olunublar.
– Parklanmanın düzgün idarə edilməsi yollarda xaosun qarşısını alır və küçələrin daha effektiv olmasına şərait yaradır. Bəs Bakı yollarındakı sıxlıqla bağlı AYNA tərəfindən daha hansı işlər görülür?
– Sözsüz ki, parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə və ümumilikdə dayanıqlı şəhər mobilliyinin inkişafına imkan yaradır.
Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətləri təhlil edilib. AYNA tərəfindən marşrut xətlərində avtobus sayı gündəlik nəzarətə götürülüb. Avtobusların hərəkətində fasiləsizlik təmin edilir.
Son bir ay ərzində 74 marşrut xəttinə əlavə avtobuslar buraxılıb.
Marşrut xətlərinə nəqliyyat vasitələri əlavə olunandan sonra avtobusların daşıma imkanlarına görə yüklənmə göstəricisi hazırda 40-50 faiz təşkil edir. Sıxlıq artan marşrutlara avtobuslar əlavə edilir. Ümumiyyətlə, təhlillər göstərir ki, hazırda Bakıda mövcud olan 180 marşrutdan yalnız 20-sində pik saatlarda sıxlıq müşahidə edilir. Bu marşrutlara da avtobuslar əlavə olunmaqdadır.
Daşıma imkanlarının artırılması istiqamətində agentlik tərəfindən paytaxtın bir sıra ərazilərində tədbirlər həyata keçirilir. Yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları təşkil edilir. Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır.
Hərəkət iştirakçılarının xüsusi avtobus zolaqlarının tələblərini yerinə yetirməsi nəticəsində avtobusların orta sürət həddinin artdığı da müşahidə edilir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə sıxlıq çox olan küçələrdə avtobusların keçidinə üstünlük verilməsi təmin edilir, taksilərin avtobus dayanacaqlarında durmasının qarşısı alınır.
İlhamə Əbülfət