Dişlərimi düzəltdirirəm 30 min dollar lazımdır – Bu pulu 1 həftəyə toylarda xalq mənə verəcək
Müğənni Afət Fərmanqızı onu və hindsayağı ifa etdiyi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinini tənqid edən “Planet Parni iz Baku” komandasına səslənib.
İfaçı bildirib ki, komandanın bu səhnəciyi ona reklam gətirib. O, buna görə İmanov qardaşlarına təşəkkür edib:
“Əvvəla sağ olun, bu mənə güclü reklam gətirib, güclü qazanc əldə etməyimə səbəb olacaq. İmanov qardaşlarını və digər aktyorları salamlayıram, mənim onlarla qəsd-qərəzim yoxdur, amma bəzi insanlar bunu başqa cür qəbul edir. Birincisi, Konstitusiyamızın heç bir bəndi pozulmadan mən hüququm çatan mahnını oxumuşam. İkincisi, bunu xalq istəyir, hər gün toylarda oxuyuram, bu video çıxandan da telefonlarım susmur, hər gün toylara dəvət alıram.
Mən ən çətin qəzəli 2-3-cü sinifdə oxuyan uşaqlara əzbərlətmişəm. Gözləyək, bunadamı ermənilər sahib çıxsın?!
Mən burdan İmanov qardaşlarına səslənirəm, siz deyirsiniz ki, ay xalq, camaat ayılın, bu nə biabırçılıqdır filan… Məsləhət görürəm ki, siz Hindistanı ayağa qaldırsınız. Orda əhali milyardlarladır, bizdə cəmi 10 milyondur”.
A.Fərmanqızı sözügedən mahnısı ilə xeyli qazanc əldə etdiyini açıqlayıb:
“Əgər mən bu mahnını oxuyub bahalı maşın, bahalı evlər almasaydım, yaxşı yaşamasaydım bu cür olmazdı. Pandemiya dövründə dəfələrlə insanlara yardım etmişəm, hamısı bu mahnıdan əldə etdiyim qazancın sayəsindədir. Ansanblmda olanlar ailələrinə qazanc aparır. Siz mənim çörəyimi kəsmək istəyirsiniz? Əgər bunu istəyirsinizsə, gəlin, sizə yaxşı bir ideya verim: Siz Hindistana müraciət edin, çünki sözügedən mahnının musiqisi hind musiqisidir, müəllif hüquqları var, qoy hindistanlılar yığışsınlar, məni məhkəməyə versinlər. Belə etsəniz pislik daha dünyəvi olar, dünyəvi səviyyədə pislik edin ki, niyə Afət Fərmanqızı çörək tapır?
Dəhşətə gəlirəm, söz tapa bilmirəm, 21 əsrdə görün nə işlərlə məşğuluq. Çox şey demək istəyirəm, amma mənim əskim bir az tüstülüdür ona görə deməyəcəyəm.
Hazırda dişlərimi düzəltdirirəm, “Hollivud gülüşü” etdirəcəyəm, bunun üçün təqribən 30 min dollar lazımdır və sizin bu reklamınız sayəsində bu xalq toylardan 1 həftəyə həmin pulu mənə verəcək”. / Yenisabah.az