11 ölkə, 30-dan çox xarici təşkilat…
9-cu Bakı Beynəlxalq Kitab Sərgisi təşkil olunacaq.
Millinews.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabr 2023-cü il tarixlərində Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) baş tutacaq.
Sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat,109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisənin iştirakı nəzərdə tutulub. 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcəklər.
Sərginin keçiriləcəyi 4 gün ərzində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulub.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Kitab sərgisində Türkiyə, Rusiya və digər ölkələrdən olan təmsilçilər iştirak edəcək.
Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək. Sərgiyə giriş ödənişsizdir.
Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.
Cəmilə Hətəmxanova