Bütün dünyanın gözlədiyi oyun: “El klasiko”nun statistikası
İspaniya La Liqasında 10-cu turun görüşləri davam edir.
Millinews.az xəbər verir ki, bu gün növbəti matçlar keçiriləcək. Bütün dünyanın maraqla gözlədiyi qarşılaşma saat 18:15-də başlayacaq. Futbolsevərlər “Barselona” və “Real”ın ifasında növbəti “El-Klasiko”nun şahidi olacaqlar.
Barselona Olimpiya Stadionunda keçiriləcək qarşılaşmaya maraq böyükdür. Komandaların cari mövsümdə uğurlu çıxış etməsi və formada olmaları derbiyə olan marağı xeyli artır. Bundan əlavə, komandaların indidən çempionluq mübarizəsi aparmaları da görüşə əlavə rəng qatır.
“Jirona”nın sürpriz liderliyi fonunda sonrakı sıralarda qərarlaşan İspaniya nəhənglərinin işi xeyli çətindir. Komandalar üçün indiki halda heç-heçə elə də qənaətbəxş nəticə hesab edilmir. Bu səbəbdən tərəflər qələbə üçün mübarizə aparacaqlar. “Real” qələbə qazanacağı halda “Jirona”yla eyni – 28 xala sahib olacaq. “Barselona” isə uğur sayəsində Madrid klubunu ötərək ikinci sıraya yüksələcək. Xavinin rəhblik etdiyi komanda bu halda liderdən 1 xal geri qalacaq.
Bu, rəsmi görüşlər çərçivəsində keçiriləcək sayca 252-ci “El-Klasiko” olacaq. Buna qədər baş tutan derbilərdən 101-də “Real”, 98-də isə “Barselona” qələbə qazanıb. 52 oyunda isə qalib müəyyənləşməyib.
Heybət