“Qarabağ” azarkeşləri üsyan edir: Şahruddinə haqsızlıq etmişik
Azərbaycan çempionu “Qarabağ” ötən gün Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Bayer”in qonağı oldu. Leverkuzen səfəri təmsilçimiz üçün heç də yaxşı keçmədi. Komandamız “asprinlər”lə görüşdə 1:5 hesablı məğlubiyyətə üzüldülər.
Bu oyundan sonra yenə sosial şəbəkələrdə aktivlik, müxtəlif fikirlər vardı. Onları bir-bir qeyd etməyə bir yazı yetməz. Amma əsas narazılıq qapı xəttiylə bağlı idi. Azarkeşləri ən çox narahat edən məqam ilk iki oyunda qapısını toxunulmaz saxlayan “köhlən atlar”ın Almaniyada 5 topu tordan çıxarması oldu.
Sosial şəbəkə sakinləri günahı daha çox qapıçı Andrey Lunyovda görür. Rusiyalı qolkiper qapısına doğru gələn 10 dəqiq zərbədən yarısını dəf edə bilməyib və nəticədə tənqid hədəfinə çevrilib. Azarkeşlər gələn ay 32 yaşını qeyd edəcək qapıçını komandada görmək istəmirlər. Aralarında “Qarabağ”ın sabiq çərçivə qoruyucusu Şahruddin Məhəmmədəliyevə haqsızlıq etdiklərini düşünənlər və onun geri qaytarılmasını istəyənlər də olub.
Qeyd edək ki, Lunyov “Qarabağ”a avqsutda azad agent statusu ilə transfer olunub. O, meydana çıxdığı 8 oyundan 4-də qapısını toxunulmaz saxlayıb. Digər 4 görüşdə isə 9 top buraxıb.