Netanyahu xalqa müraciət etdi: “Qurudan hücuma başlayırıq”
İsrailin baş naziri Netanyahu HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı həyata keçirdiyi hücumlar və İsrail ordusunun Qəzza zolağına qurudan hücumu ilə bağlı mətbuata açıqlama verib.
Millinews.az xəbər verir ki, Netanyahu Qəzzaya planlaşdırdıqları quru hücumuna işarə edərək, “Quru hücumuna hazırlaşırıq. Bunun nə vaxt və necə olacağı ilə bağlı heç bir təfərrüat verməyəcəyəm. Nəzərə aldığımız qiymətləndirmələr barədə də ətraflı məlumat verməyəcəyəm. Bu qiymətləndirmələrin əksəriyyəti İsrail ictimaiyyətinə məlum deyil və bu, yaxşı haldır”,- deyə bildirib.
“İsrailə xaricdən silahlar gəlir” deyən Netanyahu bunu daha çox silahlanma ilə davam etdirəcəklərini vurğulayaraq, “Vətəndaşları silahdan istifadə etməyə təşviq edirik, amma bunu idarəli şəkildə edirik” ifadələrini işlədib.
Oktyabrın 7-də HƏMAS-ın Qəzza zolağından İsrailə qarşı həyata keçirdiyi hücumlara görə İsrail ictimaiyyəti tərəfindən hökumətə qarşı edilən tənqidlərə toxunan Netanyahu belə davam edib:
“Oktyabrın 7-si tariximizdə çox qaranlıq bir gün oldu. Bizdən cənubda, Qəzza ilə sərhədimizdə baş verənləri araşdıracağıq və mən də daxil olmaqla hamı cavab verməli olacaq. Amma bütün bunlar müharibədən sonra olacaq”.
Çıxışının sonunda israillilərə xitabən Netanyahu Tövratın “Yeşaya” kitabındakı “kəhanət”i HƏMAS-a qarşı görəcəklərini iddia edərək deyib:
“İndi vahid bir məqsəd üçün bir araya gəlməyin vaxtıdır: Qələbəyə nail olmaq üçün sürətlə irəliləmək. Ortaq gücümüzlə, salehliyimizə və yəhudi xalqının əbədiliyinə dərin inamımızla biz Yeşayanın HƏMAS əleyhinə kəhanətini görəcəyik.”Ölkənizdən zorakılıq, sərhədlərdən quldurluq və dağıntı xəbərləri eşidilməyəcək artıq Divarlarına xilas, darvazalarına tərif adını verəcəksən (Yeşaya 60:18)”.
Nəzrin