Vəkillər Kollegiyasının Akademiyası təsis olunub
Oktyabrn 20-də “De Fendo” Vəkil Bürosunda Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Qurumdan Millinews.az-a bildirilib ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclasın gündəliyinə uyğun olaraq, Vəkillər Kollegiyasının Akademiyasının təsis olunması məsələsinə baxılıb. Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul edilib. Eyni zamanda, Kollegiyanın üzvü, professor, hüquq elmləri doktoru Əmir Əliyevin Akademiyanın rəhbəri təyin edilməsi qərara alınıb.
Sonra beynəlxalq təcrübə nəzərə alınaraq, Kollegiyanın Aparat rəhbəri vəzifəsinin Baş katib adlandırılması məsələsinə baxılıb və bundan irəli gələn digər qərarlar verilib.
Həmçinin, iclasda Naxçıvan Dövlət Universitetinin müraciətinə baxılıb. Belə ki, cari ildə imzalanmış Memoranduma uyğun olaraq, təhsildə fərqlənən tələblər üçün fərdi təqaüdün ayrılması məqsədilə Vəkillər Kollegiyası tərəfindən “Heydər Əliyev adına tələbə təqaüd proqramı” və “Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı” təsis edilib.
Eyni zamanda, vəkilliyə qəbul, vəkillərin digər vəkil qurumuna keçməsi, bəzi vəkillərin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi və müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb.
Daha sonra iclasda vəkil bürolarının və vəkil kabinetlərinin təsis edilməsi barədə müvafiq qərarlar verilib.
Bundan başqa, iclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.