Xəbərlər

Fermerlər bağları niyə ləğv edirlər?

“Qubanın ağ alması, yeməyə var alması…

Qubadan alma aldım, yarıma yola saldım…”

Vaxtilə adına mahnılar bəstələnən, yara ən gözəl hədiyyə sayılan Quba alması dardadır. Fermerlər almanın keyfiyyətsizliyindən, satılmamasından, dəyərinin azalmasından şikayətlənir, mütəxəssislər isə baxımından… Maraqlıdır, problem nədədir? Dünyaya səs salan Quba alması artıq şöhrətini itirirmi?

Kasıb fermerlər almanı sata bilmirlər

Fermer Rəşad Nəcəfinin Qubada bir hektar alma bağı var. Deyir ki, meyvə yığımından sonra, il ərzində qoyduqları xərci götürə bilmirlər. Bu səbəbdən alma əkimindən imtina etmək məcburiyyətində qalırlar: “Meyvələrin, xüsusilə də Quba almasının qiymətinin düşməsinə Rusiya-Ukrayna müharibəsi və rublun kəskin surətdə dəyər itirməsi ciddi təsir etdi. Son illərdə şimal bölgəsində şirkət bağlarının çoxalması da sadə, kasıb fermerlərin satışına ciddi mane olur”.

“Çəkdiyimiz xərc qazancımızdan çoxdur”

Məlumdur ki, meyvə bağlarından davamlı olaraq bol və keyfiyyətli məhsulun əldə olunması üçün mövsümə uyğun lazımi aqrotexniki tədbirlərin görülməsi mütləqdir. Fermerin sözlərinə görə, dərman qiymətlərinin baha olması fermerlərin vəziyyətini çətinləşdirir: “Meyvələri zərərvericilərdən qorumaq üçün istifadə olunan dərmanın qiyməti hədsiz bahadır. Təsəvvür edin, il ərzində meyvə bağını ən az 20 dəfə dərmanlamaq tələb olunur. Biz fermerlərin o qədər dərmanı almağa imkanımız yoxdur. Bunu etsək belə, sərf etdiyimiz məbləğ satdığımız məhsulun qiymətindən də çox olur. Çünki tək dərman deyil, bunun budaması, gübrəsi, yığımına tələb olunan xərc də var. Bu işləri normal görmək lazımdır ki, vaxtında yaxşı da məhsul götürə biləsən”.

LevsQHogwKEUp0yKqFicEJC35U3l8NGYplT3KH3K

Daxili bazarda məhsul çoxdur

Rəşad Nəcəfi hazırda alma bağlarından yığdıqları məhsullarını anbarda saxladığını bildirir. Deyir ki, yaxşı qiymətə alıcısı çıxsa, satacaq: “Saxlamaq da bizə sərf etmir, çünki çox qaldıqca, almanın suyu çəkilir, yüngülləşir və keyfiyyətdən düşür. Əvvəllər rahatlıqla Rusiya bazarına satırdıq. Hazırda bunu edə bilmirik. Ancaq daxili bazara satmaq məcburiyyətində qalırıq, o da tələbatımızı ödəmir. Çünki daxili bazarda məhsul çoxdur. Şirkət bağları daxili bazarı istənilən səviyyədə təmin edir”.

Quba camaatı alma bağlarını ləğv edir?

Fermerin sözlərinə görə, Quba camaatı alma bağlarını ləğv edib, pula daha yaxşı satılan meyvə ilə əvəzləyirlər: “Texnika ilə dərman səpmək, hektarına görə 30 manatdır. Yığımı vaxtında bitirmək üçün əlavə işçi qüvvəsi lazım olur ki, yeşiyin biri 80 qəpikdən yığılır, 30 qəpik daşınma xərci, 40 manat isə traktorun həyətə gətirilməsidir. Camaat alma bağlarını ləğv edib, yerində tez yetişən, almadan da baha satılan meyvələr əkirlər. Əsasən, xarici sortlara üstünlük verirlər. Bu səbəbdən də Qubada ildən-ilə sadə fermerlərin əkdiyi alma bağları azalır”.

Alıcılar səhv yönləndirilirlər

Fermerlə söhbətimizdən məlum olur ki, dərmanların keyfiyyətsizliyi də kənd təsərrüfatı məhsullarında ciddi problem yaradır. Həmsöhbətimiz iddia edir ki, kənd təsərrüfatında istifadə edilən dərmanların tərkibindəki ana maddənin miqdarı aşağı olur: “Məsələn, dərman alırıq, üzərində yazılıb ki, 10 litr suya 100 qram dərman əlavə etmək lazımdır. Biz elə vaxt olur ki, hətta onun üzərində yazılan dozadan bir qat da artıq tökürük, lakin xeyri olmur. Dərman dükanlarına nəzarət yoxdur. Hər kəs ürəyi istəyən məhsulu gətirir, istədiyi kimi satır. Dərman dükanlarında işləyənlərin çoxunun aqronomluq ixtisası yoxdur. Bu səbəbdən, alıcılar səhv yönləndirilir”.

Klassik sortlar yetişdirilmir

Quba Regional Təlim Mərkəzinin aparıcı mütəxəssisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Mədət Qurbanov deyir ki, Quba alması ilə bağlı ən böyük problem artıq klassik sortların yetişdirilməməsidir: “Quba almasının keyfiyyəti düşməyib, sadəcə, şimal bölgəsində şirkət bağlarının çoxalması adi fermerlərin işinə təsir edib. Quba alması ilə bağlı ən böyük problem köhnə sortların artıq yetişdirilməməsidir. Ən əsası isə, yerli sortlar sıxışdırılır. Adi fermerlərin əkdiyi alma sahələrinin sayı azalıb. Şirkət bağları müasir standartlara cavab verir və yeni, müasir sortlar əkilir. Fermerlər də rəqabətdə bu bağlara uduzurlar”.

Azl5HSk4mVrdnN6OP4FuNgNyThKjQNu7pQ6VI5c9

“Napoleon”, “kitayka”, “antonovka”…

Mütəxəssis vurğulayır ki, indi yerli sortlarımızdan “cırhacı”, “qızıləhmədi” qalıb: “Vaxtilə bizim bağlarda geniş yayılan “Napoleon” sortu olub, indi tapmaq mümkün deyil. Çünki bu almalar əmtəə qabiliyyətli deyil. Yəni bu gün bazarda “Napoleon”, “kitayka”, “antonovka” satılmadığına görə, əkilmir. Bu gün az-çox bağlarda “simirinko reneti” , “qızıləhmədi”, “cırhacı”, “sinab” sortlarını tapmaq mümkündür. Təəssüf ki, hazırda hamı bazar üçün işləyir. Bazarın da özünün qaydaları var. Ona görə də klassik alma sortları yetişdirilmir”.

Alma bağlarını gilas bağları əvəzləyib

M.Qurbanovun sözlərinə görə, hazırda Qubada fermerlər gilas bağlarına üstünlük verirlər: “Fermerin müəyyən sahəsi olur. O sahəni becərməklə öz dolanışığını təmin etməyə məcburdur. O da hansı meyvə sortunu pula çevirə bilirsə, onu əkir. Məsələn, şimal bölgəsində gilas bağlarının sayı ildən-ilə artır. Çünki gilasa tələbat çoxdur. Amma alma elə deyil. Şimal bölgəsində təxminən 15-16 min hektar damcı suvarma sistemi ilə suvarılan, müasir texnologiya ilə işləyən şirkət bağları mövcuddur. Onların yetişdirdiyi almaların keyfiyyəti, standartı yüksəkdir. Fermerlərin yetişdirdiyi almalara isə tələbat yoxdur. Ona görə də məcburdurlar ki, almanı çıxarsın, daha çox gəlir gətirən meyvəni əksin”. (“Kaspi” qəzeti)

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu