Türk ekspert Ərdoğanın “qayçı”sından danışdı: Türkiyə 15, Azərbaycan isə 30-40 ilə bu həddə çatacaq
Bu günlərdə türkiyəli iqtisadçı Neşat Gündoğdu Azərbaycana qonaq gəlmişdi. Deyirlər, qonaq paylu-puşlu olar. Biz də bu qonaqdan pay umduq və onu redaksiyamıza dəvət etdik. Sağ olsun, sözümüzü yerə salmayan alim çay süfrəsi arxasında Millinews.az-la həmsöhbət oldu. Elə umduğumuz “pay”ı da ondan söhbət əsnasında bir-bir aldıq. Buyurun, iqtisadçının dəyərli fikirlərindən siz də öz “pay”ınızı götürün.
Türkiyədə Azərbaycan qidalarından başqa heç nəyə rast gəlməyib
Müsahibimiz ilk suala elə də ürəkaçan cavab vermədi. İqtisadçı Türkiyədə Azərbaycan məhsullarına, brendlərinə rast gəlmədiyini söylədi: “Kapitalizmin istədiyi istifadəçi deyiləm. Odur ki, bazarı bilmirəm. Ona görə də bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, Azərbaycan markası olan mallar həyatıma toxunmayıb. Bəlkə də bu məhsullardan istifadə edənlər var, çox olsaydı və ya tanınsaydı, mütləq ki, görərdim. Əgər belə məhsullar varsa, onları gücləndirmək mütləq yerinə düşər. Azərbaycana xas olan bəzi qidalar Türkiyədə məşhurdur. Gələndə “bunu al”, “onu al” deyirlər. Təəssüf ki, qidalardan başqa bir şey eşitməmişəm. Əgər bilmirəmsə, mənim həyatıma toxunmayıbsa, ümid edirəm rastlaşaram. Bu baxımdan artım olmalıdır. Yoxdursa, üstündə işləmək, varsa, həmin məhsulun satışını genişləndirmək lazımdır”.
“Qayçı üsulu”ndan istifadə olundu
Bildiyimiz kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra bir çox nazirliklərdə dəyişiklik etdi. Qonağımızdan bu dəyişiklərin Türkiyə lirəsi, Türkiyənin maliyyə və pul-kredit siyasətinə necə təsir edəcəyini öyrənmək istədik. O aparılan islahatları belə şərh etdi: “Xəzinə və Maliyyə naziri Mehmet Şimşək, Mərkəzi Bankın sədri Hafize Gaye Erkan yeni kadrlardır. Prezident Ərdoğan bununla bağlı çoxlu açıqlamalar verib. O, açıqlamalarının birində bildirdi ki, beynəlxalq bazarlar tərəfindən qəbul ediləcək bir idarəyə çevriləcəyik. Təəssüflər olsun ki, son 5, hətta son 6-7 ildə Türkiyə 15 iyul çevriliş cəhdindən sonra ağır iqtisadi itkilərlə üzləşib. Bunlardan sonra isə Konstitusiya dəyişikliyi Türkiyədə bəzi demokratik dəyərlərin şübhə altına alındığı qənaətini yaradıb. Dünyadakı sərmayələrin çoxunun, xüsusilə, Türkiyəyə Qərbdən gəldiyini nəzərə alsaq, bu vacib bir durum idi. Türkiyəyə investisiyaların azaldığını görməyə başladıq. Ölkəyə az dollar gəldi. Türkiyə cari hesab kəsiri olan bir ölkədir. Bu da ixracın idxaldan az olması deməkdir. Ona görə də qayçı üsulundan istifadə olundu. Bu qayçı ilə isti pulu maliyyə ilə ölkəyə gətirməli olursan. Ümumiyyətlə, risklərə dözəcək bir planlaşdırma düzgün üsul deyil. Bu, müvəqqəti bir üsuldur. Doğru yol ixracın daha çox, idxalın az olmasını təmin etməkdir. Bunun üçün texnologiyanı, brendi inkişaf etdirmək, araşdırmaq lazımdır.
İstehsala zərər verən yüksək xərclərdən uzaqlaşmaq, daha ucuz məhsullardan istifadə etmək lazımdır. Bunu edə bilməyəndə, cari əməliyyatlar hesabında kəsir yaranır. Bu kəsiri də bağlamaq üçün artıq kapitalı olan ölkələrdən pul götürmək lazımdır. Sığorta, fond, pensiya fondları kimi Qərbdə böyük fondlar var. İnsanlar ilk növbədə səmərəli iqtisadiyyat üçün çalışmalıdırlar. İsraf vərdişindən uzaqlaşmaq lazımdır.
Şərq cəmiyyətində israf mədəniyyəti var, həddindən artıq istehlak edirlər. Bu dövlətlərin də təşviq etdiyi yoldur, cəmiyyətin istehlak yolu ilə böyüməsini istəyir. Çünki cəmiyyəti elm, təhsil yolu ilə inkişaf etdirə bilmir. Bunun əvəzinə ölkənin istehlakla böyüməsini və iqtisadiyyatın bununla inkişaf etməsini istəyir. Bu səmərəli deyil, Qərb cəmiyyəti bunu qətiyyən etmir. Bunun əvəzinə səmərəli iqtisadiyyat qurmağa çalışır. Bu, Türk dövlətlərini və digər cəmiyyətləri iqtisadi sahədə daha yüksək pilləyə çıxarır. Bunun başqa adı lazımsız yarışdır. Türkiyənin istehlak yönümlü iqtisadi modelin bənzəri İngiltərə və Amerikada da var, amma Amerikanın ehtiyat pulu var. Cari hesab kəsiri olanda pul çap edir və demək olar ki, heç vaxt inflyasiyaya səbəb olmur. Təbii ki, son onillikdə həddindən artıq pul çapı nəticəsində inflyasiya yarandı. Həmçinin İngiltərənin pul bazası var. Onda biz niyə belə bir üsuldan istifadə edirik? Bunu dəyişdirmək lazımdır. Daha səmərəli iqtisadiyyat üçün israf mədəniyyətindən uzaq, mövcud qaynaqlarla ən uyğun məhsulu istehsal edib, bazara çıxarmaq lazımdır. Mümkün qədər öz bazarımızı və ekosistemimizi yaratmalıyıq. Bunu etmək asan deyil, lakin bu istiqamətdə səy göstərməyə ehtiyac olduğu göz qabağındadır. İnanıram ki, bu mövzuda bir uğur hekayəsi ola bilər”.
Bunun bədəlini insanlar ödəyəcək
Mövzu ilə bağlı fikrini davam etdirən Neşat Gündoğdu bildirdi ki, Türkiyə bunu çox pis modellə həyata keçirdi: “Pulunu dəyərsizləşdirdi, “Çin modeli” adını verdi. Uğursuz olduğunu gördük. Valyutasını devalvasiya etdi, bilərəkdən daha çox pul çap etdi və iqtisadiyyatını çox pis vəziyyətə saldı. Bu da siyasi seçimlərdən irəli gəldi. Təəssüf ki, bir çox iqtisadiyyatçılar bunun edilməməsi lazım olduğunu söylədi, amma dinləmədilər. Demokratiyanın tam işləməsi çox vacibdir. Düzgün işləməsə, cəmiyyətin gələcəyindən oğurlanacaq. Dolların 2-3 lirə olduğu dövründən 30 lirə olan dövrünə gəlmişik. Yəni 10 qat dəyərsizləşən lirənin bədəlini yaxın illərdə insanlar ödəyəcək. Səbəbi düzgün siyasətin ortaya qoyulmamasıdır.
Bunlara qarşı çoxlu tənqidlər olub, amma bu tənqidlərə real prizmadan baxmaq lazımdır. “Qərb dünyası bizim qarşımızdadır”, “dünya bizə qarşıdır”, “dünya bizi yıxmaq istəyir” kimi ifadələr reallıqdan uzaq, heç kimin inanmadığı bir vəziyyət yaradır. Türkiyənin bu problemləri var. Türkiyədə köklü demokratiya var, amma demokratiya cəmiyyət tərəfindən tam şəkildə mənimsənilməyib.
Yəni Türk dövlətlərinin və Türk Cümhuriyyətinin gələcəyi daha böyük demokratiya lazımdır, amma burada çox incə bir xətt var. Daha çox demokratiya, Sorosun rəngli oyunları, ölkənin öz dəyərlərindən uzaqlaşması, kiminsə siyasi manevrlərlə başqasını məğlub etməsi deyil. Daha çox demokratiya, xalqın rifahını yüksəldəcək azadlıq mühiti yaratmaq deməkdir. Biz burada dağılmamalıyıq. Qərb bəzən demokratiya adı altında məkrli oyunlara girə bilir. Ona görə də onların bizə uyğun gördükləri demokratiyanı deyil, onların yaşadıqları demokratiyanı özümüzə çatdırmalıyıq. Bu asan iş deyil. Onlar 300 illik müharibə ilə bu nöqtəyə gəliblər. Biz müharibə mədəniyyəti prosesini yaşamamışıq. Məsələn, Azərbaycan uzun illər “rus ayısı” adlı problemlə məşğul oldu. Buna görə də bilirəm ki, bu, asan məsələ deyil, amma bizim məqsədimiz var, bunun üçün də mümkün qədər çox cəhd etməliyik”.
Hər kəsin cibində telefon var, silah yox
Türkiyə iqtisadiyyatının dünyaya ucuz işçi qüvvəsi təklif etdiyini vurğulayan iqtisadçı hazırda Türkiyənin 10 min dollar səviyyəsinə çatmasının yolu tikinti sektorunu inkişaf etdirib, dünyaya satmaq olduğunu dedi: “Adambaşına düşən ümumi milli gəliri 10 min dollara çatdırmağın yolu budur. Amma 10 min dollardan 20 min dollara keçməyin yolu başqadır. Bu rəqəmə yaxınlaşmaq üçün texnologiya lazımdır. Yüksək texnologiya istehsal olunmalıdır. Türkiyə bunu etdi, “Tog” adlı elektrikli avtomobili istehsal etdi. Həmin avtomobilin iqtisadiyyata təsiri 15-20 il sonra olacaq. Bundan başqa, Türkiyə öz elektrik qatarlarının bir hissəsini istehsal etməyə başlayıb. Öz istifadəsi üçün tələb var deyə, hələ ixrac etmir. İxrac etməyə başlayan kimi gəlir gətirməyə başlayacaq. Ancaq bunlar böyük gəlir gətirməyəcəklər. Məsələn, Türkiyənin Azərbaycanın Qarabağdakı son qələbəsində mühüm rol oynadığı deyilən “Bayraktar” kimi pilotsuz təyyarələr vacib texnologiyalardır, lakin pul gətirmir. Hazırda iqtisadiyyatı inkişaf etdirən mobil telefonlardır. Hər kəsin cibində telefon var, silah yox. Hər kəsin kompüteri, ağıllı saatı var. Belə məhsullar istehsal etməyi bacarmaq lazımdır. Amma bu bazar o qədər güclüdür ki… Amerikada çox böyük brendlər var. Çox yüksək texnologiyalı iş görürlər və həmin markalar yetərincə etibar qazanıblar.
Digər tərəfdən, çox güclü çip istehsalçıları var. Tayvan, Vyetnam və Sinqapurda illərdir ki, çip istehsal edən şirkətlər brendə çevriliblər. Bu şirkətlər bütün telefonların prosessorlarını istehsal edirlər. Belə qurulmuş bazara daxil olmaq çox çətindir. Nə edilməlidir bilmirəm, amma bu bazara girmək lazımdır. Sənayeyə ilk girən və məhsulu ilk təqdim edən şəxs orda hakim olacaq. Bu, “sənayedə dominant güc” adlanır.
Daha çox gəlir istəyiriksə, ölkədə təhsilli insanların sayını artırmalıyıq. Bunun üçün ciddi proqramlar irəli sürmək lazımdır. Hər kəs alim ola bilməz, inkişaf edə bilməz. Amma cəmiyyətin orta səviyyəsini mümkün qədər yüksək tutmağa çalışacaqsan ki, inkişaf edən dövlət ola biləsən. İnkişaf etməkdə olan dövlətə çevrilməyin yolu təhsili, ləyaqət sistemini düzgün təmin etməkdir. Təhsilalan şəxsin düzgün mövqelərdə qalmasını təmin etmək lazımdır. Dövlətin güclü olduğu cəmiyyətlərdə ləyaqət məsələsi çox önəmlidir. Qərb bu məsələni aşmaqda çox çətinlik çəkdi. Avropanın bir çox demokratik mexanizmləri var və ancaq bu yolla ayaqda qala bilər. İnkişaf etməkdə olan dövlətlərin böyük əksəriyyətində dövlət iqtisadiyyatın ən mühüm pay sahibidir. Dövlət olmadan iqtisadiyyat da yoxdur. Bunu transformasiya etmək və liberal iqtisadiyyata keçmək lazımdır. Burada problem ondan ibarətdir ki, liberal iqtisadiyyata çox tez keçsəniz, xaricdə onsuz da böyük resursları olan şirkətlər birdən ölkənizə hücum edəcəklər. Məsələn, ən vacib qurumlarınızı, şirkətlərinizi satın alacaqlar. Bu siyasət o qədər tarazlı olmalıdır ki, ölkəni yavaş-yavaş, dayanıqlı şəkildə irəli aparsın, azadlıq hədəfinə yönəlsin. Bu gün bir dövlət belə bir məqama 30-40 ildə çata bilər, amma 5 ildə yox. Məsələn, türk dünyası üçün Türkiyə bu məqsədə daha yaxın ola bilər, amma digər türk dövlətləri bir az uzaqdır. Türkiyə 10-15 ildən sonra belə bir həddə çata bilər. Azərbaycan isə 30-40 ildən sonra. Bir tərəfdə 60, digər tərəfdə 10 faiz inflyasiya olan Azərbaycan və Türkiyə arasında birlik yaratmaq mümkün deyil. Faizi ekvivalent səviyyəyə çatdırmaq lazımdır.
Bu, TURAN ideyasını daha da yaxınlaşdıracaq
Türkiyə ilə Azərbaycan arasında əlaqələrin keçmişdən bu günə qədər davam etdiyini səsləndirən qonağımız dedi ki, iqtisadi baxımdan iki ölkə arasında olan bu əlaqələr Bakı-Tbilisi-Ceyhan boru kəməri və dəmir yolu ilə daha da inkişaf etdi: “Prezident İlham Əliyevlə Prezident Ərdoğanın bu yaxınlarda Naxçıvanda görüşməsi növbəti mərhələlərin olacağının göstəricisidir. Ermənistanla Azərbaycan arasında sülh olduqdan sonra Zəngəzur dəhlizində yeni ticarət yolu yaranacaq. Bu yol Gürcüstan və Rusiyanın nəzarətində olmayacaq. Türk dövlətlərini birbaşa birləşdirən ən etibarlı dəhliz çevriləcək. Qarşıdakı dövrdə malların və insanların daşınması asanlaşacaq. Həmçinin həmin yolda həm neft, həm də təbii qaz boru kəməri olması planlaşdırılır. Bununla yanaşı avtomobil və dəmir yolu xəttinin olması nəzərdə tutulur. Əgər sürət qatarı olarsa, türk dövlətlərini birləşdirən ən möhtəşəm dəhliz olacaq. Bu yol turizmə olduqca böyük təkan verəcək. Turizm vasitəsilə türk dövlətlərinin bir-birini tanımasına zəmin yaradacaq. Bu da iqtisadi baxımdan böyük əlavə dəyər deməkdir, lakin daha da əhəmiyyətlisi odur ki, qarşılıqlı əlaqələr artacaq. Bir-birimizi daha çox tanıyacağıq, bir-birimizlə daha çox iş görməyə başlayacağıq. Münasibətlərimiz yaxşılaşacaq və hamımızın içində olan Turan ideyasına daha yaxın olacağıq.
Azərbaycan bu baxımdan Türkiyədən daha sabit nöqtədədir
Bizimlə söhbətində “hazırda iki ölkə arasında neft sektoru ön plandadır” deyən türkiyəli qonaq qeyd etdi ki, ölkəsindən Azərbaycana tikinti işləri ilə məşğul olan şəxslər gəlir: “Azərbaycandan Türkiyəyə birbaşa neft, neft məhsulları və təbii qaz gedir. Beləliklə, cari həcm faktiki olaraq mövcud məhdudiyyətlər daxilində maksimum səviyyədədir. Bunun daha da inkişaf etmə şansı və yolu var. İki dövlət oturub müzakirə etməlidir. Bir-birlərinin çatışmazlıqlarını ortaya qoyub, baxmalıdırlar. İkisi də bir-birini dəstəkləməlidir. Dövlətlər, pullar, iqtisadiyyat hər biri fərqlidir. Hazırda Türkiyədə çox ciddi pul böhranı, yüksək faiz dərəcələri və inflyasiya var, lakin Azərbaycan bu baxımdan daha sabit nöqtədədir. Yəni o münasibətləri qurmaq üçün təxminən bərabər iqtisadi yolda olmaq lazımdır. Əks halda mütləq ehtiyat puldan istifadə etmək lazımdır. Buna misal kimi dolları göstərmək olar. Ehtiyat valyuta qoyursunuz və belə valyutalar işə düşdükdən sonra sahədən asılı olmayaraq, iki dövlət arasında ticarət həmişə üçüncü tərəfin maraqlarını ehtiva edir. Nə qədər ki, dollar almaq məcburiyyətində olsaq, Azərbaycan dollarla edə biləcəyi tenderlər üçün başqa resurslar da almalıdır. Türkiyə daha çox dollar borc almağa məcburdur. Türkiyə və Azərbaycan öz valyutaları ilə və ya mümkünsə Türk Dövlətləri Təşkilatının müəyyən etdiyi başqa ehtiyat valyuta ilə ticarət aparmalıdır. Əgər belə bir zəmin yaranarsa, yəni pul itkisinə dözümlü zəmin yaranarsa, o zaman Türkiyənin işləyə biləcəyi bir çox sahələrdə Azərbaycan olacaq. Hazırda bu sahələr neft, təbii qaz, emal məhsulları və podrat sektorundan çox irəli getməyib.
Rəqiblərinin Türkiyədən öyrənməli olduğu çox dərslər var
Bakının turizm potensialını mükəmməl adlandıran həmsöhbətimiz diqqətə çatdırdı ki, Türkiyə turistləri dəniz, qum və mədəniyyət turizmi vasitəsi ilə özünə çəkir. Dəniz turizmində Yunanıstan, İspaniya və bu yaxınlarda Misir Türkiyəyə rəqib olub. Hazırda Misir ucuz bir tətil yeri olaraq Türkiyə üçün təhlükəyə çevrilib. Amma bu 3 rəqib dövlətin Türkiyədən öyrənməli olduğu çox dərslər var. Türkiyə xidmət sektorunda çox yaxşıdır, yəni xalqımız qonaqlarımızın və turistlərimizin məmnun qalmasına böyük diqqət yetirir. Xidmət sektorunun müştəri yönümlü məmnuniyyəti ön plandadır. İspaniya və Yunanıstanda isə bu göstəricilər çox zəifdir. Misirdə infrastruktur, hotellərin keyfiyyəti Türkiyəyə çata bilmir. Ona görə də Türkiyənin özünəməxsusluğu var. Bu da Türkiyənin önümüzdəki dövrdə mərhələli şəkildə artırmağı planlaşdırdığı bir turizm gəliri ilə nəticələnir. Bu il üçün 60 milyard, gələn il üçün 70 milyard, növbəti il üçünsə 80 milyard dollar gəlirdən söhbət gedir. Bu da Azərbaycanın bugünkü neft gəlirlərindən iki dəfə çoxdur. Ona görə də deyirlər ki, Türkiyədə turizm doğrudan da “bacasız sənayedir”.
Bakıya gəlincə isə bayaq qeyd etdiyim kimi potensial böyükdür. İnsanları çox yaxşıdır, xidmət sektoru təbii ki, Türkiyə ilə müqayisədə aşağıdır, amma tarixi var. Dəniz turizminə də açıqdır. İmkanı var, amma inkişaf etməli və yatırım qoyulmalıdır. Bakının ən mühüm problemi odur ki, türk dövlətləri tərəfindən qəbul oluna bilsin, yəni orda bir təyinat yerinə çevrilə bilsin. Bütün bu türk dövlətləri, Türk Dövlətləri Təşkilatına Zəngəzur dəhlizini izah etmək lazımdır. Öncə yaxın coğrafiyaya öyrətmək lazımdır ki, hədəflərin çoxalsın. Azərbaycanla İran arasında münasibətlər həmişə müəyyən nəzarət səviyyəsində qalıb. Amma məsələn, İranla Azərbaycan arasında daha balanslı əlaqələr qurulanda Azərbaycanın gələcək turizm potensialının böyük hissəsi İrandan gələ bilər. Zəngəzur dəhlizinin, xüsusən də sürət qatarının reallaşmasını Azərbaycanın tarixi üçün çox faydalı olacağını düşünürəm. Bakı ilə yanaşı Azərbaycanın çox gözəl təbiəti var. Çox gözəl yaşıllıqları, dağları çəmənləri var. Trekkinq deyilən təbiət idmanları üçün çox uyğundur. Azərbaycan turizm potensialının çox-çox altını istifadə edir. Bunun üçün ciddi planlar qurmalı, resurslar ayrılmalıdır. Azərbaycana ildə 1 milyon turist gəlir. Bu rəqəmi 3-4 dəfə, bəlkə daha çox artırma şansı var. Hər ölkədən gələn turistlər fərqlidir. Eləsi var ki, otaqdan çıxmaq istəmir, eləsi də var ki, bütün günü gəzmək istəyir. Məsələn, Türkiyədə gəliri yüksək olan insanlar, yəni ingilislər və almanlar Muğla, Aydın tərəfə üstünlük verirlər. Ruslar isə Aralıq dənizi sahillərinə gəlirlər. Turizmin inkişafı üçün ölkəni sürət qatarı ilə doldurmaq lazımdır.
Türkiyə isə həddindən çox dağlıq bölgədir. Sonuncu dəfə bu barədə Türkiyənin nəqliyyat naziri ilə danışmışam. Məsələn, bizdə Qara dəniz bölgəsi turizmdən çox məhrumdur. Ora dəmir yoluna ehtiyac var. Ora qatar xətti çəkmək istəyirsinizmi, sualıma cavabı belə oldu:
“Qara dənizin dağlıq olması orada dəmir yollarının çəkilişini çətinləşdirir. Ancaq yenə də bir plan hazırladıq. Üzərində işlədiyimiz planın həyata keçirilməsinin dəyəri 21 milyard dollardır”.
İndi məsələnin digər tərəfinə baxaq. 21 milyard dolları o bölgənin turizmindən götürə biləcəyikmi? Əlbəttə ki, yox. Belə bir sərmayə qoyduğunuzda, gəliri 100 il sonra da götürə bilərsiniz. İndi bu cür resurs çatışmazlığı, iqtisadiyyatı qeyri-adekvat olan ölkələrdə istər-istəməz investisiya üstünlükləri var. Mövcud sürət qatarı layihələrinin arxasında əsasən kəmər yolu layihəsi tərəfindən təmin edilən maliyyə resursları dayanır. Deməli, o resurslar olmasaydı, bəlkə də o sürət qatarları, relslərin yenilənməsi də baş verməzdi. Eyni vəziyyət Azərbaycanda da var. Amma ölkənin yarısında sürət qatarından istifadə etmək olar. Qatarların çox olması daxili turizmin artması deməkdir. Bəlkə ortaq layihələr ilə bunu daha da gücləndirmək olar. Türkiyədə artıq reyslər hazırlanır. Belə bir zavod var. Amma hazırladıqları hələ ki, Türkiyənin özü üçündür. Ola bilsin ki, Azərbaycanla birgə işləmək və əlavə dəstək verməklə buna nail olmaq olar. Yenə də hər şey pula əsaslanır. Bizim bunu edib bir araya gələ bilməməyimizin səbəbi siyasi və digər regional problemlərdir. Bunları mümkün qədər tez həll etməliyik. İqtisadiyyatlarımızı bir-birinə yaxınlaşdırmalıyıq və mümkün qədər tez sabitləşməliyik ki, daha uzunmüddətli sərmayələr edə bilək. Əks halda, həmişə belə qısamüddətli sərmayələrdə qalacağıq”.
Ortaq bazar qurulmalıdır
Müsahibimiz söhbətinin davamında əlavə etdi ki, hər iki ölkənin çatışmazlıqları var, bunun üçün də eyni masa arxasına gəlməlidirlər: “Öncə ortaq bazar qurulmalıdır. Bir layihə hazırlanmalı və bazara düzgün şəkildə təqdim edilməlidir. Çin demək olar ki, bütün bazarı əlinə alıb. Avropada olduğu kimi, Azərbaycanın istehsal dəyərini Çindən və ya xaricdən nə gəlirsə, eyni səviyyədə saxlamaq lazımdır ki, bazarda seçim olsun. Bunların tək həlli texnologiyanı artırmaqdır. Buna nail olmağın yolu da azadlıqdan keçir. Buna nail olmağın yolu insanların davamlı olaraq tədqiqat və inkişafla məşğul olmasıdır. Cəmiyyətin marağı burada çox önəmlidir. Təəssüf ki, nə Azərbaycan, nə də Türkiyə cəmiyyətində elmə maraq göstərən kütlə görmürəm. Kütlənin böyük əksəriyyəti Qərbin istehsal etdiyi dəyərləri istehlak etməklə məşğuldur. Televizor, internet, sosial media insanların yaşam tərzlərinə çevrilib. Əslində bunlara xərcləməyə heç vaxtımız yoxdur. Dünyanı yaxşılaşdıracaq və özümüzü yaxşılaşdıracaq şeylər haqqında düşünməliyik. Bunlar həqiqətən çətin işlərdir və gənclər bu məsələdən çox xəbərsizdirlər. Əslində mədəni şəkildə istismar olunduqlarının fərqində deyillər”.
Bir şeyi düzəltmək istəyərkən, başqa bir şeyi qırırıq
Şərhinin davamında N.Gündoğdu vurğulayıb ki, inflyasiya bazar şəraitində istehsal edilə bilməyən məhsulların bahalaşması nəticəsində tələb balansının pisləşməsinin nəticəsidir: “Ölkədə bütün ərzaq məhsullarının qiyməti qalxır. Birincisi, infrastrukturu genişləndirməlisiniz və bunların hamısı plan çərçivəsində olmalıdır. İstixanaları, otlaq sahələri inkişaf etdirmək, heyvandarlığı təşviq etmək və belə bir modellə getmək lazımdır. Təəssüf ki, avropalılar və amerikalılar çox uzunmüddətli proqramlar hazırlayırlar və çoxşaxəli iqtisadi proqramlara böyük diqqət yetirirlər. Hərtərəfli düşünməyə çalışırlar. Bizim isə proqramımız, planımız önümüzdəki illər üçündür. Bir şeyi düzəltmək istəyərkən, başqa bir şeyi qırırıq. Əhalinin ən çox aldığı meyvə-tərəvəz, ət, digər qidaların bahalaşmasının bir sıra səbəbləri var. Burada kənd təsərrüfatına böyük yük düşür. Məsələn, Türkiyə istixana təsərrüfatında çox irəliləməyə başlayıb. Məsələn, pomidorun kilosu burada yayda 1-3 manat arası dəyişir, qışda isə 6-10 manat olur. Türkiyədə isə belə deyil. Yayda 3 manatdırsa, qışda da 4-5 manat olur. Qiymət artımı çox olmur. Bunun səbəbi istixanaların inkişafıdır.
Heyvandarlıq isə tamamilə otlaq ərazilərlə bağlıdır. Həmin yerlərdə hotel, iaşə obyektləri tikmək olmaz. Ərazilərin ancaq heyvandarlıqla məşğul olmasına şərait yaradılmalıdır. Təəssüf ki, Türkiyədə heyvandarlıq səhv yöndə inkişaf edir. Məsələn, bizdə geniş otlaq sahələri Ərzurum, Qars, Trabzon, Rizə kimi yerlərdədir. İribuynuzlu heyvanlar həmin ərazilərdə daha çox inkişaf edə bilər. Amma biz nə etdik? Həmin ərazilərdə iribuynuzlu heyvanların sayını azaltdıq. Ölkənin başqa yerlərində inkişaf etdirməyə başladıq. Özü də hazır yemlərdən istifadə edirik. Hazır yemlər həm bahadır, həm də heyvana təsiri fərqli olur. Azərbaycan və Türkiyədə mal ətindən çox istifadə olunur. Amma coğrafiyamız iribuynuzlu heyvanların inkişafı üçün yetərli deyil. Bizim ölkələr xırdabuynuzluların istehsalı üçün əlverişlidir, amma cəmiyyətin tələbatı mal ətinədir. Belə ki, cəmiyyətin tələbatını təmin etmək lazımdır. Bunun da həlli dövlətin əlindədir. Başqa sözlə, qoyun, keçi ətini cəlbedici edəcək inqrediyentlər hazırlanmalıdır. Coğrafiyanı dəyişə bilmirsənsə kütlənin istəklərini dəyişdirməlisən. Onsuz da dollarımız yoxdur, bir də Allahın dağda bitirdiyi ota pul veririk. Bu məsələləri ölkələr elə də ciddiyə almırlar. Günün sonunda inflyasiya baş verəndə də “Amerikanın, Qərbin oyunudur” deyib üstündən keçirlər”.
Aysel Şahmar
FOTO: Elnur Muxtar