Azərbaycanda elektromobil sürmək sərfəlidirmi? – AÇIQLAMA
Dövlət Gömrük Komitəsinin yanvar-sentyabr aylarına aid olan məlumata əsasən, Azərbaycana 2 118 ədəd elektomobil idxal edilib. Ötən ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 301 ədəd idi. Müqayisə göstərir ki, bu il idxal olunan elektromobillərin sayında 7 dəfədən çox artım baş verib.
2023-cü ilin əvvəlindən yeni idxal şərtlərinin qüvvəyə minməsi elektromobil idxalına marağı artırıb.
Bu barədə Millinews.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində ölkəmizin 2030-cu ilə qədər təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi nəzərdə tutulur. Bu sahədə olan mövcud problemlərə toxunan Eldəniz Cəfərov vurğuladı ki, hazırda elektromobillərlə bağlı infrastruktur problemi yaşanmaqdadır:
“Qeyd edim ki, Azərbaycanda elektromobillərə marağın artmasına səbəb ekoloji təmiz nəqliyyat vasitələrinin xüsusən də elektromobillərin idxal zamanı bütün rüsumlardan azad edilməsidir. Ölkəmizdə enerji doldurma məntəqələrinin sayı azdır. Amma elektrik doldurma məntəqələrin sayının artırılması üçün də müəyyən tədbirlər görülməkdədir. Bu sahədə problemlərin aradan qaldırılması üçün lazım olan avadanlıqlar daötən ildən başlayaraq idxal vergisindən azad edilib. Proqnozlarımız, gələcəkdə belə məntəqələrin sayının artacağı istiqamətindədir. 2022-ci ilin sonunda cəmi 40 elektrik doldurma məntəqəsi var idisə, artıq bu il bu rəqəm iki dəfə artıb”.
2020-ci ildə elektrik və hibrid avtomobillərin istehsalına başlanacağı ilə bağlı məlumatlar olsa da, bu sahədə hansısa addımlar atılmayıb. Məsələyə münasibət bildirən Eldəniz Cəfərov da qeyd etdi ki, oölkəmizdə elektromobillərin istehsalı ilə bağlı hər hansı bir layihə barədə məlumatlı deyil:
“Bəlkə gələcəkdə ölkəmizdə də hər hansı bir məşhur brendin bir modeli, onun ehtiyat hissələri istehsal oluna bilər. Düşünmürəm ki, bu çətin prosesdir. Çünki tələbatı ödəmək üçün ölkə iqtisadiyyatı dayanıqlıdır və bu növ avtomobillərin istehsalını müştərək olaraq aparıcı avtomobil istehsalçıları ilə birgə həyata keçirmək potensialına malikdir”,- deyə ekspert bildirib.
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə hesab edir ki, Azərbaycanda belə avtomobillərin ehtiyat hissələrinin, servis xidmətinin, usta bazası ölkəmizdə hələ tam formalaşmayıb:
“Elektromobil və hibrid avtomobillərə qulluqda əsas hədəflərdən biri də texniki qulluğu bacaran ustalar yetişdirməkdir. Bu avtomobillər üçün xüsusi enerji doldurma qurğuları lazımdır. Hazırda ölkəmizin bir neçə şəhər və rayonlarında sürətli enerji doldurma məntəqələri var. Elektromobil və hibrid avtomobillərin sayı artdıqca belə məntəqələrin sayının artmasına gətirib çıxaracaq”.
Gülbəniz Hüseynli / Millinews.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.