Qəzzada həkimlərin fəryadı: Cəsədlər arasında mətbuat konfransı
İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasını bombalaması nəticəsində 500 nəfər həyatını itirib.
Millinews.az xəbər verir ki, dəhşətli hadisə həkimlər xəstələri həyatda saxlamaq üçün mübarizə apararkən baş verib. İsrailin blokadada olan Qəzzada bombaladığı Əl-Əhli Baptist Xəstəxanasında cənazələr arasında mətbuat konfransı keçirilib.
Fələstinin Qəzzadakı səhiyyə nazirinin müavini Yusif Əbu ər-Riş mətbuat konfransında bildirib ki, bu hücum İsrailin Əl-Əhli xəstəxanasına ilk hücumu deyil. “Dünyada insanların bombalarla xəbərdar edildiyi yeganə yer Qəzza zolağıdır” deyən ər-Riş İsrailin xəstəxanaları hədəf aldığını və buna qarşı heç bir tədbir görülmədiyini diqqətə çatdırıb. O dünya ölkələrini İsraili mülki insanları hədəfə almaqdan çəkindirməyə çağırıb.
Mətbuat konfransından çəkilmiş kadrlarda üstü örtülü olan meyitlər arasında tibb işçilərinin dayandığı, yerdə oturan iki nəfərin isə qucağında körpələrin cəsədini tutduqları görünür.
Həkimlər şahid olduqları vəhşiliyi bu sözlərlə izah ediblər:
“Həyatımda görmədiyim görüntülər gördüm, ailələri tərəfindən tanınmayan cansız uşaq cəsədləri, meyitləri parçalanmış körpələr gördüm. Bu gün sərhəd qapıları bağlandı, xəstələrin başqa xəstəxanalara göndərilməsinin qarşısı alındı, həkim briqadalarının ehtiyac duyulan yerlərə getməsinin qarşısı alındı. Elektrik enerjisi kəsilib, xəstəxanalara yanacağın çatdırılmasına mane oldular. Təcili yardım və tibb qruplarını vurdular, yolları vurdular, indi isə təhlükəsiz olduğu üçün xəstəxanalara sığınan mülki vətəndaşları vurdular. Sivillər xəstəxananın dini müqəddəsliyini nəzərə alaraq ora sığınmışdılar”.
Nəzrin