Fransada müəllimin öldürüldüyü liseydə şagirdlər bomba təhlükəsi yarandıqdan sonra təxliyə ediliblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən həftə ədəbiyyat müəlliminin öldürüldüyü Fransanın Arras şəhərində yerləşən liseyin bütün şagird və müəllimləri bomba təhlükəsi səbəbindən dərslər başlayandan dərhal sonra təxliyə ediliblər.
İlkin məlumatlara görə, təxliyə təhsil müəssisəsinə bomba qoyulması barədə anonim xəbərdən sonra həyata keçirilib. Hazırda lisey mühasirəyə alınıb, hadisə yerinə istehkamçılar cəlb olunublar.
Fransada indi “terror hədəsi” təhlükəsizlik səviyyəsi tətbiq edilib. Fransa Prezidenti Emmanuel Makronun əmri ilə respublikanın şəhərlərinin küçələrində asayişi qorumaq üçün 7 min hərbçi yerləşdiriləcək ki, bu da həmişəkindən iki dəfə çoxdur. Bundan əlavə, təhsil naziri Qabriel Attal təhsil müəssisələrinin ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb və insidentlərin qarşısının alınması və təhlükəsizliyinə cavabdeh olan minə yaxın işçinin məktəblərə göndəriləcəyini bildirib. Bəzi şöbələrdə polis və jandarm əməkdaşları məktəblərin yaxınlığında növbətçi olacaqlar.
Belə tədbirlər ölkənin şimalındakı Arras şəhərində məktəbdə ədəbiyyat müəllimi Dominik Bernarın 20 yaşlı inquşəsilli gənc tərəfindən törədilmiş qətlindən sonra həyata keçirilib. O, son vaxtlara qədər Daxili Təhlükəsizlik Baş İdarəsinin nəzarətində olub. Bıçaqla hücumdan sonra məktəbin mühafizəçisi də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, digər müəllimin vəziyyəti isə orta ağırdır. Bu günə qədər hücumla bağlı 11 nəfər saxlanılıb.
Mənbə: TASS