TƏCİLİ: Bakıya giriş ödənişli ola bilər…

Son illər paytaxt Bakıda nəqliyyat sıxlığının artması və tıxacların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi müxtəlif təklifləri yenidən gündəmə gətirib. Bu təkliflər arasında rayon qeydiyyatlı nəqliyyat vasitələrinin iri şəhərlərə, xüsusilə Bakıya girişinin ödənişli və ya məhdudlaşdırılmış formada tənzimlənməsi məsələsi də müzakirə olunur.
Bəs belə bir qərarın tətbiqi realdırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu istiqamətdə müəyyən müzakirələr aparılsa da, hazırda konkret qərar gözlənilmir.
Ekspertin sözlərinə görə, cəmiyyətdə Bakıya digər şəhər və rayon qeydiyyatlı avtomobillərin girişinə məhdudiyyət qoyulması ilə bağlı fikirlər mövcuddur:
“Belə müzakirələr olub və cəmiyyətdə də bu barədə fikirlər səsləndirilir. Təkliflərdən biri də odur ki, digər şəhərlərin qeydiyyatında olan nəqliyyat vasitələrinin Bakıya girişinə müəyyən məhdudiyyətlər tətbiq edilsin. Qeyd edim ki, pandemiya dövründə bu cür məhdudiyyətlər artıq tətbiq olunmuşdu.”
Bununla belə, Eldəniz Cəfərov hesab edir ki, mövcud mərhələdə belə sərt məhdudiyyətlərin yenidən tətbiqi real görünmür:
“Düşünmürəm ki, hazırda bu tip məhdudiyyətlər tətbiq olunsun. Lakin gələcəkdə Bakının müəyyən ərazilərində ödənişli zonaların yaradılması nəzərdə tutulur. Bu isə tıxacların azaldılmasına alternativ mexanizm kimi istifadə oluna bilər.”
Beləliklə, hazırda rayon qeydiyyatlı avtomobillərin Bakıya girişinin ödənişli edilməsi ilə bağlı konkret plan olmasa da, paytaxtda tıxac probleminin həlli üçün alternativ mexanizmlərin tətbiqi gündəmdə qalmaqda davam edir.



