İdman

Hərbçilərin qida pulu ilə bağlı VACİB AÇIQLAMA: Nazirlər Kabinetinin 13 il əvvəlki qərarı niyə icra olunmur?

Azərbaycanda hərbi qulluqçuların sosial təminatı ilə bağlı məsələlər vaxtaşırı müzakirə mövzusuna çevrilir. Xüsusilə, ərzaq təminatı əvəzinə verilən pul kompensasiyasının məbləği və bu sahədə qəbul olunmuş qərarların icrası ilə bağlı müxtəlif suallar gündəmə gəlir. Bildirilir ki, Nazirlər Kabinetinin 2013-cü ildə qəbul etdiyi qərara əsasən hərbi qulluqçular üçün ayrılan ərzaq kompensasiyası artırılsa da, bu artım tam şəkildə tətbiq olunmayıb.

Bəs həqiqətən də həmin qərar bu günə qədər tam icra olunmur və hərbi qulluqçuların ərzaq kompensasiyası artırılmış məbləğdə ödənilmir?

Bu barədə hərbi ekspert Ədalət Verdiyev KONKRET.az-a açıqlamasında bildirib ki, hazırda Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçular ərzaq təminatı əvəzinə aylıq 64 manat kompensasiya alırlar. Onun sözlərinə görə, bu məbləğdən də 3 faiz vergi tutulur.

Ekspert qeyd edib ki, Nazirlər Kabinetinin 2013-cü ildə qəbul etdiyi qərara əsasən, həmin məbləğ iki dəfə artırılmalı idi. Lakin artırılmış məbləğin bu günə qədər hərbi qulluqçulara ödənilmədiyi iddia olunur.

“Real olaraq hərbi qulluqçuların qazan təminatı, yəni qidalanması üçün ayrılan ərzağın dəyəri 128 manat hesablanır. Qazan təminatında olan şəxsi heyətə bu vəsait qida şəklində təqdim edilir. Lakin ərzaq əvəzinə pul alan hərbi qulluqçular üçün həmin məbləğin artırılmış hissəsi ödənilmir”, – deyə o, bildirib.

Ədalət Verdiyevin sözlərinə görə, indiyə qədər bu məsələ ilə bağlı rəsmi dövlət qurumları tərəfindən ətraflı açıqlama verilməyib və bunun səbəbi də dəqiq məlum deyil.

Ekspert hesab edir ki, mövcud şəraitdə bir nəfərin vergilər çıxıldıqdan sonra təxminən 62 manat vəsaitlə qidalanması mümkün deyil.

“Bu rəqəmə ən qısa müddətdə yenidən baxılmalıdır və daha əvvəl qəbul edilmiş qərar tam şəkildə icra olunmalıdır. Hazırda müşahidə etdiyimiz odur ki, Nazirlər Kabinetinin 13 il əvvəl qəbul etdiyi qərar bu günə qədər tam həcmdə yerinə yetirilmir”, – deyə o, vurğulayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu