XƏBƏRDARLIQ: Maaş kartınızdan kredit borcunuza görə pul tutulursa, mütləq bu addımı atın…

Bəzi hallarda bankların vətəndaşların maaş kartlarından kredit borclarını avtomatik şəkildə tutması narazılıq doğurur. Xüsusilə də vətəndaş əvvəlcədən məlumatlandırılmadığını və ya açıq razılıq vermədiyini iddia etdikdə bu məsələnin qanuniliyinə dair suallar yaranır. Bəs vətəndaşın razılığı və ya əvvəlcədən yazılı məlumatlandırılması olmadan onun maaş kartından kredit borcunun avtomatik tutulması qanunvericiliyə uyğundurmu?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, belə hallar əsasən kredit müqaviləsində göstərilən şərtlərə əsasən həyata keçirilir.
“Bu məsələlər istər kredit verən, istərsə də kredit götürən şəxslər arasında Mülki Məcəlləyə uyğun bağlanmış kredit müqaviləsinə əsasən həyata keçirilir. Azərbaycan qanunvericiliyində müqavilə azadlığı prinsipi mövcuddur. Yəni tərəflər Konstitusiyada nəzərdə tutulan hüquqları pozmamaq şərti ilə öz aralarında müəyyən şərtlər üzrə razılaşa bilirlər.
Bankların təqdim etdiyi çoxsəhifəli kredit müqavilələrində maaş kartından vəsaitin tutulması ilə bağlı maddələr adətən əvvəlcədən qeyd olunur.
Əksər hallarda banklar bu şərti müqaviləyə daxil edirlər və kredit götürən şəxs müqaviləni imzalayarkən faktiki olaraq bu şərtlərlə razılaşmış olur”.
Asif İbrahimov əlavə edib ki, kredit ödənişlərində ciddi gecikmələr yarandıqda və borc problemli kreditə çevrildikdə məsələ məhkəmə müstəvisinə keçə bilər:
“Belə hallarda məhkəmə qərarı əsasında icraçı qurum kredit borcunun ödənilməsi üçün vətəndaşın əmək haqqı hesabına yönləndirmə edə bilir. Bu isə artıq məhkəmə qərarına əsasən həyata keçirilir”.
İqtisadçı vurğulayıb ki, qanunvericilikdə bu məsələyə dair ziddiyyət yoxdur:
“Əgər kredit müqaviləsinin şərtlərində belə bir bənd göstərilibsə və tərəflər bunu qəbul ediblərsə, bankın həmin mexanizmdən istifadə etməsi hüquqi baxımdan mümkündür”.



