Nazirlik influenserlərə pul ödəyib rusca “işığa qənaət” çarxları hazırlatdı? – VİDEO

Energetika Nazirliyinin sosial şəbəkə hesabında “SöndürVəQazan” layihəsi üçün rus dilində hazırlanmış videosu paylaşılıb.
Videoda azərbaycanlı influencer və övladı enerji qənaətinə çağırış edir, səs rusca, alt yazılar isə Azərbaycan dilindədir.
Bu paylaşım ictimaiyyətdə müzakirələrə səbəb olub. Videonun Azərbaycan dilində yox, məhz Rus dilində paylaşılması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və nazirliyin hətta buna görə influenserlərə ödəniş etdiyi iddia edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Emil Həsənov isə açıqlamasında bildirib ki, kampaniya çərçivəsində 160-dan çox müxtəlif video hazırlanıb və onlar fərqli dillərdədir. Onun sözlərinə görə, videolar seçim əsasında sosial şəbəkələrdə paylaşılır və rus dili ilə yanaşı ingilis dilində də çarxlar mövcuddur. Niyə məhz rus dilində olan təbliğata mənfi yöndən yanaşılır?
A.Həsənov qeyd edib ki, Azərbaycanda müxtəlif anadilli vətəndaşlar var, uyğun dillərdə reklamların olması məqsədəuyğundur: “Rus dilində olmasına baxmayaraq, alt yazı Azərbaycan dilindədir. Nəticədə reklamın təsir imkanları genişlənir. Azərbaycan dilində də kifayət qədər videoçarxlar hazırlanır”.
Onun sözlərinə görə, təşkilat heç bir influenserlə müqavilə bağlamır və buna görə heç kəsə ödəniş edilmir: “Bu, könüllülük təşəbbüsüdür və biz yalnız həmin materialları seçim əsasında rəsmi səhifəmizdə paylaşırıq”.//https://www.azerbaycan24.com



