Kosmosdakı 5 sm-lik peykimiz nəyə yarayır?

“PocketQube” standartı peyk mühəndisliyində tendensiyanın ən qabaqcıl nümunələrindən biridir. Ölçünün 5x5x5 sm olması iki əsas məqsədə xidmət edir: birincisi, kosmosa çıxarılma xərcini kəskin azaltmaq, ikincisi isə gənc mühəndislərə və təhsil layihələrinə real kosmik test imkanları yaratmaqdır.
Bu sözləri Axar.az-a açıqlamasında “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov məktəblilər tərəfindən hazırlanmış “Zəfər PocketQube” peykinin orbitə çıxarılmasından danışarkən deyib.
Onun sözlərinə görə, bu ölçüdə mini-peyklər böyük missiyalar üçün nəzərdə tutulmasa da, telemetriya, sensor məlumatlarının toplanması, siqnal ötürülməsi və texnoloji sınaqlar kimi istiqamətlərdə tam funksional şəkildə işləyə bilir:
“PocketQube” platformaları adətən “texnoloji demo” rolunu oynayır və yeni sensorların, enerji idarəetmə sistemlərinin, kommunikasiya modullarının kosmik mühitdə sınaqdan keçirilməsi üçün ideal hesab olunur. Belə peyklər orbitdə Yerə sadə məlumat ötürülməsi, kosmik radiasiyanın ölçülməsi və atmosferin yuxarı qatlarının monitorinqi kimi praktiki funksiyaları yerinə yetirməklə kosmik laboratoriya rolunu oynayır”.
Ekspert bildirib ki, “PocketQube” tipli peyklərin inkişafı Azərbaycan üçün strateji baxımdan iki mühüm istiqamətə xidmət edir:
“Birincisi, ucuz və çevik peyk platformaları gələcəkdə daha böyük və mürəkkəb missiyaların hazırlanması üçün tələb olunan insan kapitalını formalaşdırır; ikincisi isə ölkənin öz kiçik peyk ekosistemini yaratmaqla müdafiə, müşahidə, elm və təhsil sahələrində yerli texnoloji həllərin inkişafına şərait yaradır”.
Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə məktəblilər tərəfindən hazırlanmış “Zəfər” adlı “PocketQube” tipli peyk “SpeysX” şirkətinin “Falcon 9” raketi ilə orbitə buraxılıb.



