Xəbərlər

Millinews.az – Faydalı və təhlükəli: Meyvə şirəsi orqanizmimiz üçün zərərli ola bilərmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Payız mövsümünün gəlişi ilə küçələrdə yerindəcə çəkilib plastik qablarda satılan nar şirələri ilə yenidən rastlaşırıq. Metrolara yaxın, insanların çox olduğu yerlərdə bu cür nar şirəsi satılan masaları görmək mümkündür. İnsanlar bu şirəni yerindəcə içə bilərlər. Lakin bir çox hallarda bu şirələr qablara yığılaraq da satılır. Nar şirələrinin bu şəkildə satılması nə dərəcədə doğrudur? Yalnız faydasını bildiyimiz bu meyvə şirəsi orqanizmimiz üçün zərərli ola bilərmi?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Satıcılar tibbi müayinədən keçməlidirlər

Qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, nar şirələrinin küçə satışı qarşısını almaq mümkün olmayan bir həddə çatıb:

“Artıq biz istəsək də, istəməsək də, küçə satışları var. Ancaq müəyyən hədlər olmalıdır. Gigiyenik normalara nə dərəcədə riayət edilib-edilmədiyinə diqqət etmək lazımdır. Bəzən istehlakçılar özləri də bu məsələlərə diqqət etmirlər. Ən azından satıcıya deyə bilərlər ki, “Ətrafı təmiz saxla”. Qida təhlükəsizliyi baxımından müəyyən əlcəklərdən, sterilizə olunmuş qablardan istifadə olunmalı, satıcılar ən azından fəaliyyət göstərdikləri yeri təmiz saxlamalıdırlar. Təəssüf ki, istehlakçılarımız bu məqamlara etiraz etmirlər. Belə olan vəziyyətdə işbazların əli-qolu açılır”.

Ekspert bildirib ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müxtəlif tədbirlər, treninqlər təşkil edir. Hansı ki, satıcıların da həmin təlimlərdə, tədbirlərdə iştirakı vacibdir. Satıcılar müştərilərlə birbaşa ünsiyyətdə olurlar. Həmin satıcıların tibbi müayinələrinin olub-olmaması yoxlanılmalıdır. Satıcı həkim nəzarətindən keçibsə, yalnız bu halda qida sektorunda işləyə bilər. 

Sıxılan kimi içilməlidir

İ.Şirinovun fikrincə, şirələrin günlərlə günəşin, havanın təsirinə məruz qalması düzgün deyil:

“Nar şirəsini almaq da, içmək də faydalıdır. Çünki nar şirəsi turşularla zəngin olan məhsuldur, orqanizm üçün xeyirlidir. Amma nəzərə almalıyıq ki, şəkər xəstələri, allergik xəstələr var ki, onların nar şirəsi qəbul etməyi müəyyən risklər yaradır. Düzdür, nar şirəsi insanın immunitetini gücləndirir, qan dövranına yaxşı təsir edir, beyni qidalandırır. Amma nəzərə alınmalı müəyyən məsələlər də var. Məsələn, nar şirəsinin sıxılan kimi içilməsi tövsiyə olunur. Yəni günün altında qalması, hava ilə hər hansı təmasda olması tərkibində dəyişikliklərin olmasına gətirib çıxara bilər. Heç kim bundan sığortalanmayıb. Bu halda orqanizmdə hansı fəsadlar verəcəyini də kimsə bilə bilməz”. 

Plastik qab təhlükəsi

Mütəxəssisin sözlərinə görə, sırf narın şirəsini içmək orqanizmə ziyanlı da ola bilər:

“Nar şirəsinin su ilə qarışdırılıb içilməsi tövsiyə olunur. Çünki bu məhsul susuz diş minalarını zədələyə bilir. Yaxud nar şirəsini qəbul etdikdən sonra müəyyən miqdarda su içmək lazımdır. Diqqət olunmalı bir məsələ də var ki, nar şirəsinin sıxılıb doldurulduğu plastik qablara da nəzarət etmək lazımdır. Hansı ki, nar şirəsi çəkilir, həmin qablara doldurulur və piştaxtaların üzərinə düzülür. Baxılmalıdır ki, o plastik qablar neçənci dəfədir istifadə olunur. Yaxud bu plastik qablar haradan yığılıb”.  

Bu meyvənin faydaları həddindən artıq çoxdur

Terapevt Fəxriyyə Əhmədova bildirib ki, antisanitariya şəraitində olan bütün məhsullar ziyandır:

“Nar şirəsi əslində çox yaxşı içkidir. Ən azından, çox güclü antioksidantdır, qanyaradıcı sistemə stimulyasiyaedici, detoks təsiri göstərir. Bu meyvənin faydaları həddindən artıq çoxdur. Amma istənilən ərzaq nə qədər faydalı olursa-olsun, keyfiyyətli şəkildə hazırlanmadıqda zəhərə çevrilir. Ümumiyyətlə, küçədə antisanitariya şəraitində hazırlanan istənilən qida zərərlidir. Bu, nar şirələrinə də aiddir”. 

F.Əhmədovanın sözlərinə görə, bu şirələr natəmiz şəraitdə toksik effektlərə səbəb ola bilər:

“Biz bilmirik narlar nə dərəcədə yuyulur, qablar nə dərəcədə təmizlənir. Həmçinin şirə çəkiləndə çürük meyvələrdən də istifadə oluna bilər. Bəzən hətta nar dənələri tam təmizlənməyə də bilir. Bu hallar qida zəhərlənmələrinə, toksik effektlərə gətirib çıxarır. Hətta narlar təmiz olsa, çürük olmasa belə yuyulmaması təhlükəlidir. Belə natəmiz halda qabıqlı şəkildə şirəsi çıxarılıb satılır. Bu məhsulların küçədə satılması istənilən halda yolverilməzdir. Ona görə bacardıqca küçədən meyvə şirələri almaq əvəzinə, meyvəni alıb evdə şirəçəkən maşından keçirsələr, özləri hazırlayıb içsələr sağlamlıqları üçün faydası daha çox olar. Bu halda zərər görməzlər”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu