Millinews.az – Naxçıvanda “Güclü lider: Müzəffər Ali Baş Komandan” mövzusunda tədbir keçirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvanda “Güclü lider: Müzəffər Ali Baş Komandan” mövzusunda tədbir keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, bu gün İlham Əliyevin prezident seçilməsinin 20 ili tamam olur.
“İlham Əliyevin 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin tarixində yeni inkişaf və tərəqqi dövrünün əsası qoyulub. Ümummilli Liderimiz Heydər Əliyevin 2003-cü ildə Azərbaycan xalqına müraciətindəki “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” – əminliyini dövlət başçısı əməli fəaliyyəti ilə doğruldub. Ötən dövrdə Azərbaycanda Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi sosial-iqtisadi islahatların əhatə dairəsini genişləndirib. İqtisadiyyatın bütün istiqamətləri üzrə həyata keçirilən inkişaf konsepsiyası ümumilikdə ölkəmizin müstəqilliyini və dövlətçiliyini, xalqımızın milli birliyini, mövcud ictimai-siyasi sabitliyi daha da möhkəmləndirib, Azərbaycan dünyada söz sahibi olan dövlətə çevirilib”, – F.Nəcəfli deyib.
Qeyd edilib ki, ötən 20 ildə həyata keçirilən milli inkişaf doktrinasının əsas hədəfində, ilk növbədə regionların inkişafı dayanır. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı ardıcıl 4 dövlət proqramı qəbul və icra olunub, “Güclü dövlət, yüksək rifah” strategiyasına uyğun olaraq qısa zamanda ölkəmizdə güclü bazaya malik iqtisadi sistem qurulub, makroiqtisadi göstəricilərdə, ümumi daxili məhsulda və valyuta ehtiyatlarında dəfələrlə artıma nail olunub.
“Xalqın inam və etibarını qazanmaq siyasətçilərə xas xüsusiyyət deyil. Bu yalnız liderlərə məxsus keyfiyyətdir”, – deyən F.Nəcəfli vurğulayıb ki, İlham Əliyev şəxsiyyətinin böyüklüyü də ondadır ki, o, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirən liderdir.
Səlahiyyətli nümayəndə əlavə edib ki, məhz Azərbaycanın qazandığı bütün uğurların təməlində də xalq-lider birliyi dayanır:
“Bu gün Azərbaycan müstəqil xarici siyasət yürüdür, dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi və yekdil qərarla sədrlik müddətinin 1 il uzadılması İlham Əliyev xarici siyasət strategiyasının təntənəsidir. Bu, bir reallıqdır ki, ötən 20 ildə Azərbaycanda əldə olunmuş ən mühüm nailiyyətlərdən biri də sosial islahatların əhatə dairəsinin genişləndirilməsi olub. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, – deyən cənab İlham Əliyev sosial islahatları Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsinə çevirib, vətəndaşlar layiqli həyat şəraiti ilə təmin olunub. Dövlət başçısının müəllifi olduğu institusional islahatlar sırasında Birinci vitse-prezidentlik institutunun yaradılması müstəsna əhəmiyyətə malikdir. Ötən dövr göstərdi ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyəti, gördüyü işlər hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına yönəlib”.
F.Nəcəfli diqqətə çatdırıb ki, ordu quruculuğu İlham Əliyevin fəaliyyətində əsas hədəf kimi müəyyənləşdirilib:
“Silahlı Qüvvələrimizin maddi-texniki bazasının, döyüş qabiliyyətinin və peşəkarlığının davamlı artırılması, döyüş arsenalının müasirləşdirilməsi son nəticədə güclü müdafiə potensialı formalaşdırmaqla yanaşı, həm də 30 illik işğala son qoydu, torpaqlarımız azad olundu. 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək regionda yeni geostrateji reallıqlar yaratdı. Tarixi Qələbəmizi təmin edən bir çox faktorlar vardır. Bütün bunları özündə cəmləşdirən əsas faktor isə cənab İlham Əliyev şəxsiyyəti, Onun Vətəninə və xalqına bağlılığı, məharətli diplomatik bacarığı və qətiyyətidir. Məhz bu qətiyyət və siyasi iradə, liderlik bacarığı Qələbə ilə yanaşı, Azərbaycanda böyük qayıdışın da təməlini qoyub. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yenidən qurulur. Müharibədən çıxan bir ölkədə bu qədər genişmiqyaslı quruculuq işlərini aparmaq heç də asan məsələ deyil. Bu, birmənalı şəkildə dünyaşöhrətli siyasi xadim İlham Əliyevin liderlik sərişətəsinin nəticəsidir. Tarixi Qələbəmizin ən mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması sahəsində görülən işlərdir. İstər bu, istərsə də Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası Naxçıvanın inkişafında yeni və ən mühüm mərhələnin əsasını qoyacaq”.
Tədbirdə Naxçıvan televiziyasının hazırladığı Prezident İlham Əliyevin uğurlu siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.