Hökümənin anasından ürəkdağlayan sözlər: “Hamını qorumaq üçün canından keçdi”
“Övladım hamını qorumaq üçün öz canından keçdi”.
Teleqraf.com-un yerli bürosunun verdiyi xəbərə görə, bu sözləri qəzaya uğrayan təyyarədə həlak olan stüardessa Hökümə Əliyevanın anası Kəmalə Əliyeva deyib.
O bildirib ki, qızının ölüm xəbəri bir müddət öncə deyilib:
“Övladım hamını qorumaq üçün öz canından keçdi. Bir az olar bizə dedilər ki, Hökümə dünyasını dəyişib. Amma mən dünəndən hiss etmişdim ki, qızım artıq yoxdur. Qızımın cənazəsinin gətirilməsini gözləyirik. Qorxmurdu heç nədən. Dəfələrlə deyirdim, təhlükəli işdir, amma qorxmurdu. “Ana mən işimdən razıyam” deyirdi. 20-dən çox ölkədə olub”.
Hazırda Hökümənin atası Cəlil Əliyev Bakı şəhərindədir. Xəbəri eşidən hər kəs mərhumun ata evinə gəlir. Ailəyə baş sağlığı, az da olsa, təsəlli verməyə çalışır.
Qeyd edək ki, Hökümə Əliyeva 1991-ci ildə anadan olub. Əslən Kəlbəcər rayonundan olsa da, Samux rayonunun Alıuşağı kəndində məskunlaşıblar. Təxminən iki il bundan öncə ailə həyatı qurub və Bakı şəhərində yaşamağa başlayıb, övladı yoxdur. 2016-cı ildən AZAL-da bələdçi kimi işləyib.
H. Əliyevanın Kəlbəcər rayonunda məcburi köçkün düşən şəxslərin dəfn edildiyi Göygöl rayonunun Molla Cəlilli kəndində torpağa tapşırılması gözlənilir.