MaqazinÖlkə

“Namiqlə duet oxumağımı Arif Babayev pis qarşılamışdı”

“Bəli, bu duet məndən əvvəl Namiq Qaraçuxurlu tərəfindən Aygün Kazımovaya təklif olunmuşdu. Amma Aygün istəmədiyi üçün Namiq bu layihəni mənimlə etdi. Ancaq bu duet tək Aygünə deyil, çox qız ifaçılara təklif olunub. Onlar da bu təkliflə razılaşmayıblar. O zamanlar çətin idi meyxana janrı ilə estradanı qarışdırıb oxumaq. Demək olar ki, bu ilkə imza atan mən oldum. O zamanlar meyxanaya belə yanaşma yox idi. Çəkinirdilər ki, birdən alınmaz. Mənim isə sənətdə və musiqidə öz ixtisasım və sahəm vardı. Bu duetin səbəbkarı Namiqin prodüseri və mənim musiqi rəhbərim Cabbar müəllim oldu. Onların hər ikisinin təşəbbüsü oldu. Biz də bu təklifi qəribə qarşıladıq. İkimiz də susqun qaldıq, amma onlar dedilər ki, yaxşı və əla olacaq. Mənə insanların reaksiyası maraqlı idi. Klip ərsəyə gələndə bütün televiziya kanallarına bu dueti göndərmişdik. Kasetlər satışa buraxıldı. Mənə o qədər zənglər gəlirdi ki, hətta telefonu açmağa qorxurdum ki, birdən pis söz eşidərəm. Amma hamı bir ağızdan söyləyirdi ki, şəhər dağılır, hamı bu duetə qulaq asır. Buna inanmırdım. Eşitdiyim xoş sözlərdən sonra ürəkləndim”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu “RTV”də yayımlanan “Çərçivədən kənar” verilişində deyib.

Sənətçi bildirib ki, illər əvvəl meyxanaçı Namiq Qaraçuxurlu ilə oxuduğu duet ona baha başa gəlib. Buna isə müəllimi Xalq artisti Arif Babayevin etirazı ilə qarşılaşması səbəb olub:

“Ustadım Arif Babayev Namiqlə duet oxuduğuma görə narazı idi. Mən onun bu reaksiyasını gözləyirdim. Bilirdim ki, o bunu birmənalı qarşılamayacaq. Bir müddət keçdikdən sonra Arif müəllim efir vasitəsi ilə söylədi ki, tələbələrimlə razıyam, amma bir tək Könüldən narazıyam. Mən bu sözlərdən sonra o qədər pis oldum ki… Depressiyaya düşdüm. Müəllimimdən bu sözləri eşitmək mənim üçün çox ağır idi. Arif müəllim dedi ki, o boyda zəhmət çəkmişəm, Könül keçib meyxanaya. Sintezatorun birini sağına, digərini isə soluna qoyub… Mən buna “üçlüklə” tar, kaman və qavalla dərs keçmişəm. O bunu çətin qəbul etdi. Amma bir müddət keçəndən sonra insanların bu duetə olan sevgisini görəndən sonra məni bağışladı. Dedi ki, nə oxuyursan toxunur insana. Qucaqlayıb, məni öpdü və söylədi ki, sənə uğurlar. Mən də bundan sonra rahatlaşdım. Yəni bu duet mənə asan başa gəlməmişdi”.

Aparıcı Türkan Məmmədlinin “Ürəyinizdən heç keçdi ki, kaş, Namiqlə duet layihələrini davam etdirim” sözlərinə K.Kərimova belə cavab verib:

“Soruşurdular ki, niyə Namiqlə bu duetin arxası gəlmədi? Çünki biz elə cəmi bir layihə düşünmüşdük. Həqiqətən bu belədir. Bunu Namiq də təsdiqləyə bilər. Elə həmin ərəfədə Namiqə çox sayda duet təklifləri gəlirdi. Biz o zamanlar öz aramızda o təkliflər haqqında danışırdıq. Mən bu dueti oxuyanda özüm çox narahat olmuşdum və əziyyət çəkmişdim. Elə bir duet mənə bəs etdi. Biz düşünmədik ki, bu layihənin davamını edək. İllər keçsə də layihə yenə də sevilir və gözəl qarşılanır. Düşünürəm ki, duetlərimizi davam etsəydik, hər ikimiz üçün uğurlu olardı”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu