ÖlkəMaqazin

Baboş deputat olsun! – Təklif verildi

Akademik İsa Həbibbəylinin növbəti dəfə deputat seçilməsi sual altındadır. Ermənilərin başına “Dolu” yağdıran yazıçı Aqil Abbasın yenidən millət vəkili olmasına ağız büzən bir dəstə adam var. Professor Bəxtiyar Əliyevlə elmlər doktoru Anar İsgəndərovun ikinci dəfə deputat seçilib-seçilməyəcəyi özlərinə də bəlli deyil.Deyirlər ki, iki gün əvvəl parlamentin sonuncu iclası başa çatanda ən azı 20 alim, hüquqşünas, iqtisadçı, siyasətçi sonuncu dəfə Milli Məclisə kədərli nəzərlərlə baxıb.

Əmin olun ki, həmin deputatların çoxu ötən beş ildə üst-üstə beş dəfə efir üzü görməyiblər. Buna görə də tamaşaçıların çoxu onları üzdən tanımır. Amma Baləli arxasını efirə çevirib kartof soysa, camaat onu yenə tanıyacaq. Çünki bu xalq Baləlini deputatlardan daha çox görür. Aşıq gördüyünü çağırır… 

Deməyin ki, Baləlinin söhbətə nə dəxli var? Dünən axşam işdən yorğun-arğın gəlib televizoru açanda gözümə ilk sataşan onun nurlu çöhrəsi oldu. Adında Azərbaycan sözü olan telekanalın efirində 40 ilin arvadlarına pomidor-yumurta bişirməyi öyrədirdi. Mən analarımızın Baləlinin aşpazlıq istedadından nə əxz etdiyini dəqiq bilmirəm. Çünki dünən verilişin anonsu gedirdi, əsl həngamə bu gün olacaq. Yəqin ki, Baləlinin sayəsində bundan sonra evlərdə, kafe və restoranlarda menyüyə pomidor-yumurtanın yeni növü daxil ediləcək. Yeniləşmək zamanın tələbidir!  

Televizoru söndürüb telefonu əlimə götürdüm. Şoudan yazan müxbirimiz video atmışdı. Tanımadığım bir adam ağzını marçıldada-marçıldada xiyar yeyirdi.

Videonu izləyib bitirməmiş mesaj gəldi: “Müəllim, bu barədə xəbər yazım?”

Suala sualla cavab verdim: “Bu adam kimdir?”

Əməkdaşımızın reaksiyasından sonra böyük bir qəbahət işlətdiyimi düşnüb əməlli-başlı utandım: “Bıy! Tanımadınız? Baboşdur də. O, əlinə süpürgə alıb həyəti süpürəndə canlı yayımda ən azı beş min adam izləyir”.

İstədim deyim ki, axı mən onu tanımıram. Qorxdum belə cavab versin: “Əmin olun ki, o da sizi tanımır”. 

2020-ci ildə keçirilən parlament seçkilərində ən azı 5-6 namizədin təbliğat kampaniyasında iştirak etdim. Açıq havada keçirilən mitinqlərdə 500 adamı bir araya gətirmək üçün soyuq yanvar günlərində bəlkə bir ton tər axıtmalı olurduq. Əgər beş min adam Baboşun ağzını marçıldada-marçıldada xiyar yeməsinə tamaşa edirsə, bu fürsəti əldən vermək olmaz. Təklif edirəm ki, Baboş deputat olsun.

Niyə insanlar əziyyət çəkib onu telefonun kiçik ekranından izləməlidirlər? Qoy TV-lərin böyük ekranında görsünlər.

Görəcəkli günlərimiz hələ qabaqdadır… 

Seymur Verdizadə / yenisabah.az

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu