Tələbə barədə yeni məlumatlar – Basdırıldığı yerdən çıxarılarkən boğaz nahiyəsində
Xəbər verdiyimiz kimi, 70 gün öncə itkin düşən Cəlilabad rayonu, Muğan kənd sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dördüncü kurs tələbəsi Könül Ramin qızı Ağayevanın Lənkəranda evin zirzəmisində meyiti aşkar edilib. Məlum olub ki, Könül amansızcasına qətlə yetirilərək basdırılıb.
Könül Ağayevanın oxuduğu Pedaqoji Universitetinin Cəlilabad filialından MilliTv.NET-a bildirilib ki, tələbə 16 fevraldan dərslərə gəlməyib və onunla əlaqə saxlamaq mümkün olmayıb:
“Tələbə yanvarda imtahanlarda iştirak edib. Lakin imtahanlardan sonra – ikinci semestrdə dərsə gəlməyib artıq. 4 dənə kəsri var idi, alt qrupda oturmalı idi. İkinci semestr başlayandan – 16 fevraldan bu tələbə ilə əlaqə saxlaya bimədik. Dərslərdə də qaib yazılırdı”.
Qeyd edək ki, ilkin məlumatlarda 22 yaşlı Könül Ağayevanın işləmək məqsədilə Lənkərana gəlməsi, bu ilin martın 2-dən itkin düşdüyü bildirilib. Hazırda Lənkəran rayon Prokurorluğu hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində araşdırma aparır.
***
12:51
Təxminən 70 gün əvvəl itkin düşmüş və dünən Lənkəranda meyiti tapılan 22 yaşlı Könül Ağayeva tələbə imiş.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nəşi Lənkəranda yaşayış olmayan evin zirzəmisində tapılan K.Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi olub.
O da məlum olub ki, Cəlilabad rayon Muğan kənd sakini olan K.Ağayeva boğularaq qətlə yetirilib. Onun meyiti Lənkəran şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində evin zirzəmisində basdırıldığı yerdən çıxarılarkən boğaz nahiyəsində naqil olub.
Hadisənin kim tərəfindən, hansı zəmində törədilməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ilkin məlumatlarda 22 yaşlı qızın işləmək məqsədilə Lənkərana gəldiyi, bu ilin martın 2-dən isə itkin düşdüyü bildirilib.