Bakıda sərçələr buna görə yoxa çıxıb
Azərbaycanda sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid 4 cins, 6 növ qeydə alınıb. Əvvəlki dövrlərdə ölkəmizdə qeydə alınan 6 sərçə növündən dam sərçəsinin sayı çoxluq təşkil edirdi. Bu sərçələr xüsusən də pəncərələrin önündə, parklarda, müxtəlif istirahət məkanlarında və insanların sıx toplaşdığı ərazilərdə gözə dəyirdi. Lakin son illər paytaxtda sərçələrin sayı demək olar ki, yox səviyyəsindədir. Bəs görəsən, sərçələrin sayının kəskin azalmasının səbəbi nədir?
Millinews.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadiyyat.az-a açıqlama verən Elm və Təhsil Nazirliyinin Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov sərçələrin sayının kəskin azalmasının səbəbini açıqlayıb.
Onun sözlərinə görə, sərçələrin sayının azalmasına təsir edən başlıca səbəblərə şəhərdə gedən urbanizasiya prosesi və yeni tikililərin sayının kifayət qədər çoxalması daxildir. Mütəxəssis bildirib ki, son vaxtlara qədər Bakının əsas quş faunasını sərçələr təşkil edib. O, Bakıda yerləşən binaların dam örtüyünün dəyişdirilməsi və üzlənməsinin sərçələrin sayına mənfi təsir etdiyini söyləyib.
Biologiya üzrə elmlər doktoru bildirib ki, əvvəllər sərçələr binaların çatlarında və damlarında yuva qururdularsa, artıq bu şəraitdən məhrum olublar: “Digər tərəfdən, sərçələr kol quşları hesab olunur. Sərçələr buğda dənələri, çörək, xırda doğranmış meyvələr və tərəvəzlərlə qidalanırlar. Şəhərdə kolların sayı azalıb və onların yerinə tropik bitkilər əkilib. Sərçələr tropik bitkilərdə yuva qura bilməməklə yanaşı, həmin bitkilərin meyvəsindən və toxumundan da yeyə bilmirlər. Süni çəmənliklər isə tez-tez biçildiyinə görə sərçələr qazon otların toxumundan məhrum olurlar. Yəni sərçələrin sayının azalmasına təsir edən digər faktorlardan biri də qidalanma ilə bağlıdır. Xüsusilə də pandemiya dövründə paytaxtda davamlı şəkildə aparılan dezinfeksiya işləri sərçələrin yem bazasını məhv edib”.
T.Kərimov qeyd edib ki, bir zamanlar paytaxt səmasında süzən sərçələr qonşu ölkələrə deyil, Bakıdan kənarda yerləşən ərazilərə köç ediblər. Onun sözlərinə görə, bu quşlar daha çox əkin sahələri olan ərazilərdə məskunlaşıblar.
“Bir neçə il öncə ölkəmizdə sərçə biznesi var idi. Çünki sərçənin əti zehinin qüvvətlənməsinə və digər orqanların fəaliyyətinə müsbət təsir edir. Lakin hazırkı məqamda ölkəmizdə sərçə biznesi mövcud deyil”, – deyə dosent sərçə ətinin faydalarına da toxunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.