“Toylarımıza “Papito” oxuyanı gətirib, cibinə 200 min pul basırlar” – FOTO
“Toya hər zaman ən aşağı qiymətə getmişəm. İnsanların maddi vəziyyətini anlayıb, onlara güzəştə gedirəm. Elə bir rəqəm deyirəm ki, imkansız da, varlı da məni toyuna çağıra bilir. Toy qiymətim kosmik deyil”.
Bu sözləri Millinews.az-ın əməkdaşı ilə söhbətində meyxanaçı Samirə Yusifqızı deyib.
Sənətçi karantindən sonra toylarının qiymətini qaldıran müğənniləri tənqid edib, lazım olan təqdirdə toy qiymətini aşağı salacağını bildirib:
“Karantindən sonra bəzi müğənnilər kimi toy qiymətlərimi qaldırmayacağam. Bu aylar ərzində heç kim işləmədi. Hamı evdə oturub, aylar öncə yığdığı pulları xərclədi. Ola bilsin, toy qiymətimi endirdim”.
Yemək bişirməklə arası əla olan Samirə karantin dövründə aldığı çəkidən azad olacağını da deyib:
“2020-ci il çətin dönəm oldu. Evdə oturub çörək, qoğal, müxtəlif şirniyyatlar bişirirəm. Uşaqlarıma qulluq edirəm. Üç kiloqram kökəlmişəm. Toylarım başlayan kimi şadlıq saraylarının pilləkənlərini düşüb-çıxacağam, beləcə karantində yığdığım çəkini atacağam”.
Məşhur meyxana ustası xarici ulduzların Bakı toylarında “qaz vurub, qazan doldurmaq”larına etirazını bildirib, onlara bu cür şərait yaradan şəxsləri tənqid edib:
“Mən Azərbaycan sənətçisiyəm. İndiyə qədər məni heç bir əcnəbi – nə amerikalı, nə də hindistanlı öz toyuna aparmayıb. Bizim adlı-sanlı müğənnilərimizi bu sadaladığım xalqların nümayəndələrindən heç biri toyuna çağırıb, onlara yüksək məbləğdə qonorar verməyib. Amma bizdə hər şey tərsinədir.
Xarici müğənniləri öz toylarımıza çağırıb, onların ayaqları altına milyonlarla pul tökürük. İnsan gərək öz xalqına, millətinə və sənətkarına dəyər, qiymət verməyi bacarsın. Şöhrətpərəstlikdən uzaq olmaq lazımdır.
Xarici müğənnilər Bakıda dəbdəbəli toylara gəlir, fonoqramı qoşub, üç dənə mahnı oxuyub, külli miqdarda pul alırlar. Onlara verilən artıq puldur. İnsan o pulu zəhməti ilə qazansa, heç vaxt aparıb kiməsə 2-3 milyon verməz və el məclisinə gətirməz.
Bizim müğənnilərin hər dildə və janrda ifa etmək istedadları var. İfaçılarımız hətta o əcnəbi müğənnilərdən də qat-qat istedadlı, bacarıqlıdırlar və gözəl səsləri, oxumaq tərzləri var.
Nəyə gərəkdir, “Papito” oxuyanı qabağa salırlar, cibinə də xeyli pul basıb ölkəsinə yollayırlar. Nə olsun ki, onun mahnısı populyar və oynamalıdır? DJ gətir, diskini oxut, qonaqlar da oynasın. Vacibdir ki, sən ona 100-200 min dollar verib, toyunda oxutdurasan?
O pulları uşaq evlərinə, imkansız, şəhid ailələrinə yardım kimi versələr, savab qazanarlar. Belə məsələlər dünyamızı bu günə saldı. Ona görə də dünya dağılır. Haqsızlıq çoxdur”.