“Qarabağı qaytardıq, gələcək nəsillər qarşısında başımız uca, üzümüz ağdır”
“Bu il keçirdiyimiz Zəfər Günümüz digərlərindən fərqlidir. Çünki, bayrağımız Xankəndində dalğalanır, o torpaqlarda Zəfər paradı keçirilir. Qarabağı qaytardıq, gələcək nəsillər qarşısında ərazi bütövlüyü ilə bağlı həll olunmamış problem qalmadığı üçün başçımız uca, üzümüz ağdır”.
Bu fikirləri Millinews.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Müsahibimiz vurğuladı ki, qismətimizə yazılan bu Zəfəri hazırda ölkəmizin bütün suveren ərazilərində yaşayıb qeyd edirik.
“Artıq üçüncü ildir ki, Zəfər Gününü qeyd edirik. 30 il ərzində torpaqlarımız işğal altında olduğuna görə niskil içində yaşayırdıq. Biz siyasətçilər xarici səfərlərimiz zamanı Ermənistan tərəfindən dünya birliyinin tanıdığı, ərazi bütövlüyümüzün pozulduğu 20 faiz torpaqlarımızın işğaldan azad edilməsi, beynəlxalq hüququn bərpası üçün kömək etmələrini istəyirdik. Amma indi başımızı uca tutaraq qalib xalqın nümayəndəsi kimi səfərlər edirik. Səfərlərimizdə beynəlxalq tərəfdaşlar qələbəmiz münasibətilə bizi təbrik edəndə xoşbəxt xalqın nümayəndəsi olduğumuza görə sevinc və qüurur hisləri keçiririk”.
8 noyabrın böyük bir tarixi əhəmiyyəti olduğunu vurğulayan Azər Badamov bildirdi ki, Zəfər Günündən sonra gələn Bayraq Günün də üçrəngli Dövlət Bayrağımız müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ərazilərimizdə uca, qalib və məğrur dalğalanır:
“Zəfərin düşmənlərə vurduğu zərbəsi o qədər ağır oldu ki, 10 noyabrda Ermənistan yeni reallığı qəbul edərək kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Ermənistanın imza atdığı kapitulyasiya sənədində müharibədən sonra ərazilərimizdə suverənliyimizi siyasi yollarla təmin edilməkvə Naxçıvana dəhliz vasitəsilə manesiz birləşməyi nəzərdə tutulmuşdur .Belə ki, üç il əvvəl qazandığımız zəfərdən sonra Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə belə atılmadan düşmənin işğalından azad edildi.
12 noyabrda Konstitusiya Gününü qeyd edirik. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında ölkə ərazisinin bütövlüyü və suverenliyi qeyd olunsa da 30 ildə torpaqlarımızın 20%-ə nəzarət edə bilmirdik. Bu, xalqımızın konstitusion hüquqlarının pozulması idi. İndi isə həmin hüquqlar tam bərpa olunub”.
Son üç il ərzində işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə danışan Azər Badamov qeyd etdi ki, “Böyük Qayıdış”a dair Dövlət proqramı sürətlə icra olunur və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.
“Şəhər və kəndlərin baş planları təsdiq olunaraq tikinti işləri yüksək keyfiyyətlə aparılır. Xalqımız və ordumuz Ali Baş Komandanın rəhbərliyi altında düşməni ərazilərimizdən qovaraq onların çirkin planlarına birəfəlik son qoyduq. Bu gün qalib Azərbaycan var və regionda icra olunan bütün layihələr ölkəmizin iştirakı ilə həyata keçirilir.
Zəfərin qazanılmasında öz sinəsini düşmən gülləsinə sipər edərək canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Azərbaycan qəhrəman övladları ilə fəxr edir, qürur duyur və heç vaxt unutmayacaqdır. Zəfər Günümüz mübarək!”.
Gülbəniz Hüseynli / Millinews.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.