“Azercell” “Cloudera” Məlumat Platforması ilə biznes proseslərini 5 DƏFƏ SÜRƏTLƏNDİRİB
Azərbaycanın lider mobil operatoru olan “Azercell” ölkədə ilk dəfə olaraq məlumatların emalı sahəsində dünyanın aparıcı şirkəti olan “Cloudera” şirkəti ilə əməkdaşlıq etməyə başlayıb.
“Cloudera” şirkətinin təqdim etdiyi Məlumat Platformasında istifadə etməyi nəticəsində “Azercell” öz müştəriləri üçün yeni məhsulları və xidmətləri əvvəlkindən 5 dəfə daha sürətlə hazırlayır.
Son illər Azərbaycanda internet və mobil texnologiyaların inkişafı bu xidmətlərin istifadəçilərini qat-qat çoxaldıb.
Hazırda ölkə əhalisinin əksəriyyəti mobil internet istifadəçisidir. Xüsusilə sosial şəbəkələrin inkişafı ilə mobil internet həyatın ayrılmaz hissəsinə çevrilib və texnoloji şirkətlərin məlumat emalına ehtiyaclarını kəskin artırıb.
5 milyondan çox müştərisi olan “Azercell” müştəri sayı, bazar payı və mobil şəbəkə əhatəsinə görə ölkənin aparıcı mobil telekommunikasiya operatorudur.
Şirkət adi vətəndaşlardan tutmuş biznes və iri korporasiyalara qədər geniş müştəri bazasına malikdir və hər bir müştəri kateqoriyasına fərqli xidmətlər təqdim edir.
Hazırda “Azercell” Azərbaycanda milli telekommunikasiya infrastrukturunun genişləndirilməsi layihəsinə uyğun olaraq 4G LTE şəbəkəsinin sürətini, tutumunu və əhatə dairəsini artırmaqdadır.
İstifadəçilərin 3G-dən 4G-yə keçməsi yüksəksürətli məlumatlara və sürətli genişzolaqlı internetə tələbatı kəskin artırır.
Bu vəziyyət şirkətə daxil olan məlumat axınının daha səmərəli idarə olunmasını tələb edir, məlumat axınının sürətli və düzgün emalı “Azercell”-ə öz müştərilərinə yeni xidmət və məhsullar hazırlamaq üçün də tələb olunur.
Bu ehtiyacları qarşılamaq üçün “Azercell” dünyanın qabaqcıl məlumat emalı platformasını təqdim edən “Cloudera” şirkəti ilə əməkdaşlığa başlayıb.
“Cloudera” məlumat platforması – hazırda dünyada ən geniş istifadə edilən böyük həcmli məlumatların data mərkəzi (on-premis) və hibrit emalı platformasıdır.
Ümumiyyətlə, dünyada verilənlər bazasının – böyük həcimli məlumatları idarə olunması üzrə bir neçə tanınmış sistem fəaliyyət göstərir. Əsas məqamlar olaraq – məlumatların açıqlığı və miqyaslarını, eyni zamanda bulud və lokal imkanlardan (hibrid sistemdən) istifadə olunmasını, məlumatların çevik analitika imkanlarını və təhlükəsizliyi nəzərə aldıqda ən effektiv kimi “Cloudera” Məlumat Platforması sayılır.
“Azercell”-in “Cloudera” şirkəti ilə əməkdaşlıq prosesində ilk addım olaraq Məlumat Platforması ətrafında özəl bulud xidmətinin yaradılması olmuşdur. Bu, “Azercell”-də istifadəçi məlumatlarının çeşidlənməsinə və şirkətin kommersiya, biznes araşdırma və analitika qrupları tərəfindən əlçatanlığına şərait yaradıb.
““Cloudera” tərəfindən dəstəklənən açıq “data lakehouse” arxitekturası o deməkdir ki, bizim etibarlı məlumat təminatçısı, paylanmış məlumatların emalı və maşın öyrənmə modelləri üçün platformamız var”, – “Azercell Telecom” MMC-nin Big Data və Analitika üzrə Direktoru Azad Hüseynov deyir.
Süni intellekt (AI) və maşın öyrənməsi (ML) sistemlərinin də iştirak etdiyi platforma sayəsində “Azercell”-də məlumatların emalı daha da sürətlənib. Nəticədə bu, şirkətə müştəri itkisinin qarşısını almağa, satışları optimallaşdırmağa, müştəriləri daha yaxşı təhlil etməyə və iki SİM-kart istifadəçilərini müəyyən etməyə kömək edib.
“Cloudera” platforması “Azercell”-ə məhsul və xidmətlərin inkişafı üçün modellər yaratmağa və abunəçilərin ehtiyaclarını real vaxt rejimində müəyyən etməyə, onlara dərhal müvafiq təkliflər göndərməyə imkan verir.
“Azercell” şirkəti “Cloudera”-nın xidmətlərindən istifadə etməklə məlumatların emalını 40% sürətləndirib, nəticədə indiyədək 1 gün ərzində davam edən emal prosesi 15 dəqiqəyə endirilib.
““Azercell Telecom” MMC-nin Big Data və Analitika/Məlumat Mühəndisliyi Bölməsinin rəhbəri Rəhim Əhmədov bildirir ki, “Cloudera” Məlumat Platformasının tətbiqi “Azercell”-in yeni məhsulları bazara çıxarma sürətini də artırıb.
Məlumat bazasının “Cloudera” platformasına köçürülməsi nəticəsində “Azercell” öz müştəriləri üçün yeni xidmət və məhsulları 5 dəfə daha sürətlə hazırlayır. Qərar vermə və müştəri təcrübəsini təkmilləşdirmək sayəsində “Azercell”-in müştəri itkisi nisbəti 25% azalıb.
“Cloudera Data Platforması tərəfindən təqdim edilən təkmil hibrid imkanlar “Azercell”-ə Azərbaycanın telekommunikasiya bazarında yeni nəsil texnologiyalar tətbiq etməyə və gələcəkdə kommersiya xidmətləri üçün 5G-ni sınaqdan keçirməyə imkan verəcək”, – Əhmədov bildirib.
Məlumatların sürətli idarə edilməsi sistemi nə üçün lazımdır? İri həcmli məlumatlarla işləyən şirkətlər üçün bu – müştəri məlumatlarını sürətli təhlil edib onlara uyğun, optimal məhsullar təqdim etmək üçün lazımdır. Rəqabətin getdikcə artdığı dövrdə belə imkanlar olmadan fəaliyyət göstərmək mümkün deyil. Bu müştəri məmnuniyyəti ilə yanaşı, bu da investisiyann geri qayıtma müddətini azaldır.
“Cloudera” məlumatların emalı sahəsində ən qabaqcıl şirkətlərdən biri olaraq dünyanın 100-lərlə iri şirkətləri və brendlərinə xidmətlər göstərir və onun xidmətlərindən müxtəlif sahələrdə çalışan şirkətlər faydalanır.
Məsələn, qlobal əczaçılıq şirkətinin məlumat emalı sisteminin “Cloudera” vasitəsilə təkmilləşdirilməsi nəticəsində şirkətin yeni dərman preparatlarının hazırlanması prosesi qat-qat sürətlənib və 3 il ərzində 22,8 milyon dollar gəlirə sahib olub.
Digər nəhəng şirkət, qlobal kredit təşkilatı isə məlumatların emalını sürətləndirmək üçün “Cloudera”-nın xidmətlərindən istifadə etməklə milyonlarla fiziki və hüquqi şəxs müştərilərinin analiz sürətini qat-qat artırıb, əməliyyat xərclərini isə kəskin azaldıb. Nəticədə şirkətin əməliyyat xərcləri ayda 200 min dollar azalıb, yeni bazarlara çıxması sayəsində gəlirləri isə 30% artıb.
“Azercell”-in belə şirkətlə əməkdaşlığı təkcə müştəri məmnuniyyətinin artırılmasına deyil, həm də şirkət daxilində biznes proseslərinin sürətlənməsi və təkmilləşməsinə, eləcə də şirkətin texnoloji cəhətdən inkişaf etdirilməsi ilə gələcəkdə yeni biznes sahəsinə – fintek sektoruna keçidinə də imkan yaradır.
Layihə haqqında ətraflı məlumat əldə etmək üçün: “Azercell” (cloudera.com)