Kütləvi məzarlıqlar ölkəsindən sərhədimizə gələn Coli və Kanadanın gerçək üzü
Qərbdə bir çox ölkə xarici siyasətlərini erməni maraqlarına qurban vermək uğrunda yarışa başlayıb və Azərbaycana qarşı “səlib yürüşü”nə bənzər mövqe sərgiləyirlər. Və bu ölkələrin əksəriyyəti ya Cənubi Qafqazda baş verənlərə “fransız” olanlardır, ya da belə demək mümkünsə, “aynaya baxmadan danışırlar”. Yarışa qoşulan ölkələrdən biri də Kanada oldu.
“Yer altı məzarlıq” adlandırıla biləcək bu ölkə rəsmi Bakının qalmaları və təhlükəsiz şəraitdə yaşamaları üçün israrlarına baxmayaraq, Qarabağdan könüllü çıxan ermənilərə görə Azərbaycanı “etnik təmizlikdə” ittiham edir. Doğrudanmı, Kanadanın Qarabağda, ümumiyyətlə Cənubi Qafqazda baş verənlərdən xəbəri varmı? Yaxud ümumiyyətlə burada baş verənlər rəsmi Ottava üçün nə qədər maraqlıdır?
Uzaq Qərbdə yerləşən və beynəlxalq münasibətlərdə başqalarının, xüsusilə ABŞ-ın marionetkası rolunda çıxış edən Kanadanın Cənubi Qafqaza “soxulmaq” istəyi, Ermənistanın müdafiəçisinə çevrilməsi və Azərbaycana qarşı sərgilədiyi mövqe açıq suallar yaradır.
Ermənistana səfər edən Kanadanın xarici işlər naziri Melani Coli Bakını ittiham etdi. Coli iddia edir ki, Azərbaycan Qarabağda ermənilərə qarşı “etnik təmizləmə” siyasəti yürüdüb. Bəllidir ki, bu nə Colinin, nə də rəsmi Ottavanın nə baş verdiyindən xəbəri yoxdur, sadəcə olaraq, xanım nazir İrəvanda ona verilən hazır mətni oxuyub və işini bitmiş hesab edib. Əks təqdirdə, səfərdən öncə bölgəni araşdırar, ən azından Azərbaycanın mərkəzi hakimiyyətinin Qarabağ iqtisadi rayonunda erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması üçün proqramlarına nəzər yetirərdi. Coli üçün bunun o qədər də əhəmiyyəti yoxdur, çünki onun missiyası saatlarla uçaraq, İrəvanda Ermənistanı müdafiə etmək, Ermənistan hakimiyyətinə vədlər verməkdən ibarət işçi səfərini həyata keçirmək idi.
Amma və lakin, Kanada kimi bir ölkənin Azərbaycanı BMT nümayəndələrinin belə təkzib etdiyi “etnik təmizləmə”də ittiham etməsi absurd və gülünc səslənir. Çünki Kanada dünyada soyqırımı və etnik təmizləməyə görə “yeraltı məzarlıqlar”, yaxud “kütləvi məzarlıqlar” ölkəsi hesab edilə bilər.
“Bizim məqsədimiz Kanadada tək bir hindli qalmayana qədər davam etməkdir”.
Kanadanın məşhur dövlət xadimlərindən Duncan Campbell Scottun bu sözləri törədilən soyqırımın mahiyyətini ortaya qoyur.
Müstəmləkəçilik siyasəti altında həyata keçirdiyi soyqırımıların 500 illik tarixi olan Kanadada 1881-ci ildən 1996-cı ilə qədər yerli xaqların 150 mindən çox uşaq öz ailəsindən ayıraraq, internat məktəblərində zorla təhsilə məcbur edilib. Lakin bu təhsil yox, “təhsil” adı altında soyqırımı idi. Aclığa və seksual zorakılığa məruz qalan uşaqların öz dillərində danışması belə qadağan idi. Kanada bu soyqırımı 1996-cı ilə qədər – internat məktəblərinin bağlanmasına qədər davam etdirib.
2021-ci ildə keçmiş internat məktəblərin birində 215 uşağın cəsəd qalıqlarının tapılması isə Kanadanın soyqırımı siyasətini beynəlxalq müstəvidə ifşa etdi. Həmin uşaqlar xəstəlikdən, aclıqdan, yanğından və zorakılıqdan həlak olublar. Kanada dövlət səviyyəsində soyqırımı siyasətindən imtina etdiyini elan etsə də, bu gün də yerli xalqlar zorakılığa, etnik təmizləməyə və diskriminasiyaya məruz qalır.
Bu tarixi reallıq fonunda “kütləvi məzarlıqlar” ölkəsindən gələn Colinin Azərbaycanı “etnik təmizləmə” siyasətində ittiham etməsinin absurdluğu çılpaqlığı ilə ortaya çıxır. Coli isə nəinki ittiham edir, hətta hədələyir:
Birincisi, kanadalı nazir Ermənistan-Azərbaycan sərhədində döyüş mövqeyinə gələrək, Ordumuzun mövqelərini binoklla müşahidə edib: onun diplomatik davranış və normalarından uzaq olan bu addımı nə qədər səriştəsiz olduğundan xəbər verir.
İkincisi, kanadalı nazir İrəvanda Azərbaycanı sanksiyalarla hədələyib: bu, təkcə Azərbaycan dövlətinə yox, xalqına qarşı da səslənmiş hədədir və ictimai rəyin Kanada ilə bağlı mövqeyinə ciddi təsir edəcək.
Əslində Kanadanın Azərbaycana qarşı sanksiya hədəsi heç nəyi dəyişdirmir və bu hədə eyni zamanda, Avropanın enerji təhlükəsizliyini də təhdid edir. Görünür, okeanın o tayından Dərəlyəzə gələn və binoklla seyrə çıxan Coli üçün avropalı tərəfdaşlarının da taleyi o qədər maraqlı deyil.
Ümumiyyətlə bölgədən xəbərsiz Kanadanın bu qədər səriştəsiz siyasət yürütməsi səbəbsiz deyil. Çünki kanadalı nazirin Ermənistanda çıxışları da göstərdi ki, o, müstəqil fikirlərini yox, “üzündən” oxuyur. Və aydın görünür ki, Colinin əlindəki hazır mətn ABŞ-a məxsusdur. Kanadanın müstəqil ölkə olmadığı, ABŞ-ın marionet ölkəsi olduğu bəllidir, əsas missiyası da Vaşinqtondan gəılən göstərişləri qeyd-şərtsiz icra etməkdir.
Görünür, ABŞ marionetkası olan Kanada vasitəsilə Azərbaycana təzyiq etməyə çalışır. Vaşinqtondan göstəriş alan Litva və proksi ölkələrin Bakıya qarşı xora qoşulmaları da kanadalı nazir Colinin İrəvan səfəri və irəli sürdüyü ittihamların arxasındakı sifarişçini kim olduğunu ifşa edir.
Asif Nərimanlı