Toral Bayramov həmin andan danışdı: Nə baş verdiyini bilmirəm
“Qarabağ”ın və milli komandamızın üzvü Toral Bayramov Millinews.az saytına müsahibə verib.
22 yaşlı futbolçu Ağdam təmsilçisinin Tovuzdakı xal itkisindən, eyni zamanda “Bayer”lə Avropa Liqasının qarşıdakı oyunundan danışıb. O, həmçinin milli komandanın son oyununda qaçırdığı real qol epizodu ilə bağlı da fikirlərini bizimlə bölüşüb.
– “Qarabağ” “Turan Tovuz”la səfər matçında gözlənilmədən xal itirdi…
– Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin güclü və zəif tərəflərin təhlil etmişdik. Çətin olacağını bilirdik və gözləyirdik. Çünki milli komandaların oyunlarıyla əlaqədar bir müddət idi ki, bir yerdə deyildik. Optimal formamızdan bir az uzaq idik.
– Avropada axşam saatlarında və çox sayda azarkeş önündə oynamışdınız. Azərbaycanın bölgəsində – Tovuzda belə şəraitdə oynamağın təəssüratı necədir?
– Bölgələrimizdə futbol oynamaq çox xoşdur. Bakıdan fərqli olaraq burada oyunlara daha çox azarkeş gəlir, ajotaj olur. “Qarabağ” kimi komanda gələndə maraq da artır. İlk dəfə idi ki, Tovuzda işiqlandırma ilə oynayırdıq. Məncə, belə yaxşıdır. Arenada futbol adına hər şey var idi.
– “Turan Tovuz”la çempionat oyunundan sonra “Bayer Leverkuzen”lə Avropa Liqası matçına köklənmək çətin olmayacaq?
– Açığı, “Turan Tovuz”la matça qədər “Bayer” haqqında düşünməmişdik. Yalnız Tovuzdakı oyundan sonra bu barədə fikirləşməyə başladıq. Bizim üçün hər oyun önəmlidir.
– Almaniya mətbuatında yazılanlara görə, Leverkuzendə “Qarabağ”ı ciddiyə alırlar.
– “Bayer” Bundesliqada liderdir. Yaxşı formadadırlar. Yaxşı futbolçuları və baş məşqçiləri var. Amma fikirləşirəm ki, rəqibi yaxşı təhlil edib, kollektiv şəkildə var gücümüzü ortaya qoysaq və baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, səfərdən sərfəli nəticəylə qayıda bilərik.
– Ötən mövsüm Almaniyanın digər klubu “Frayburq”la eyni qrupda idiniz. Həmin komanda da yaxşı formada idi. Amma hər iki oyunda “Qarabağ” yaxşı təsir bağışladı.
– Avropa Liqasında oynamaq çox xoşdur. Çünki rəqiblər və motivasiya güclü olur. Bu turnirdə oyunlara daha yaxşı hazırlaşırsan. Üstəlik, rəqib də oynayır, sən də oynayırsan. Yəni, açıq futbol gedir. Bu, yaxşı haldır. Fikirləşirəm ki, “Bayer”lə oynaya bilərik. Biz bunu bacararıq. Komanda yoldaşlarıma və məşqçilərimizə güvənirəm.
– Milli komandanın Avstriya ilə oyunu barədə danışmaya bilmərik. Oyunun ən çox danışılan futbolçusu sənsən. Nə baş verdi ki, real qol şansını qaçırdın?
– Avstriya ilə oyuna çox yaxşı hazırlaşmışdım. Komandama xeyir vermək üçün əlimdən gələni etməyə çalışırdım. Məncə, oyunumuz elə də pis alınmamışdı. Penaltidən qol buraxsaq da, sona kimi vuruşduq. Həmin epizoda gəlincə, məni tanıyanlar bilir ki, elə qol şanslarını qaçıran biri deyiləm. Həmin an nə baş verdiyini bilmirəm. Arxayınlıq, rahatlıq yarandı, bilmirəm nə deyim… Top mənə gəlməmişdən fikirləşdim ki, bu, artıq qoldur, hesabı bərabərləşdirmişəm. Belə toplar gələndə ayağımın içi ilə zərbə vuran deyiləm. Daha çox ayağımın üstüylə qüvvətli zərbələr endirirəm. Həmin anda fərqli qərar verdim. Qapıçıdan sağ tərəfdə boşluq gördüm. Əks tərəfdən oyunçular gəlirdi, onlar uzaq küncü bağlamışdılar. Ayağımın içiylə zərbə vurdum, dirəyə dəydi. İstəməzdim belə olsun. Ən azından komandamıza 1 xal qazandırardıq.
– Milli komandanın çıxışı ümumiyyətlə ictimaiyyət tərəfindən kəskin tənqid olunur. İctimaiyyət nəticələrdən və oyundan razı deyil…
– Futbolçular olaraq seçmə mərhələnin əvvəlində uyğunlaşma problemi yaşadıq. Ancaq son 3-4 oyunda vəziyyət dəyişib. Komanda formalaşıb, ən azından rəqiblər bizə rahatlıqla qalib gələ bilmirlər. Qol şanslarımız, xal qazanmaq imkanlarımız olur. Çalışacağıq ki, gələcəkdə fürsətləri dəyərləndirək və xallar qazanaq.
– Futbolçular adətən nəzəri şansları müzakirə etməyi xoşlamırlar. Amma az da olsa, Millətlər Liqasında pley-off şansı var. Bu barədə nə düşünürsünüz?
– Biz futbolu qələbə qazanmaq üçün oynayırıq. 1 faizlik şansdan belə yararlanmağa çalışırıq. Kiçik bir ümid də olsa, ondan tutub mübarizə aparırıq, onu əldə etməyə çalışırıq. Belə bir şans olsa, ondan yararlanmaq istəyirik. Əlimizdən gələni etməyə, qələbə qazanmaq üçün vuruşmağa hazırıq.
Heybət Məmmədov