Fransa Ermənistana bu hərbi sistemləri verəcək
Fransa üç radar sistemi və gələcəkdə “Mistral” zenit-raket komplekslərinin tədarükü ilə bağlı saziş vasitəsilə Ermənistana hava hücumundan müdafiə imkanlarını təkmilləşdirməyə kömək edir.
Millinews.az xəbər verir ki, bu sözləri Fransanın müdafiə naziri Sebastyan Lekornu Ermənistan müdafiə naziri Suren Papikyanla Parisdə hərbi saziş imzaladıqdan sonra birgə mətbuat konfransında deyib.
Lekornu bildirib ki, əsas Ermənistanın “səmasını qorumaqdır”.
İki nazir “Thales” şirkətinin istehsalı olan üç GM 200 radarının satışına dair müqavilə və Fransanın “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükünə dair anlaşma memorandumu imzalayıb.
Lekornu bildirib ki, Fransa həmçinin Ermənistana qurudan müdafiə qüvvələrini hazırlamağa kömək edəcək və ölkənin silahlı qüvvələrinin islahatları və modernləşdirilməsi səylərini dəstəkləyəcək.
“Biz eyni hərbi və siyasi ittifaqların bir hissəsi olmasaq da (Ermənistanla) müdafiə əlaqələrimizi saxlayırıq. Onlar sadə bir prinsipə əsaslanır: sən özünü qorumağı bacarmalısan”, – Lekornu bildirib.
Qeyd edək ki, bu gün Ermənistan və Fransa müdafiə nazirləri hərbi saziş imzalayıblar.