Ceyhun Bayramov almaniyalı həmkarı ilə sülh perspektivlərini müzakirə edib
Ceyhun Bayramov almaniyalı həmkarı ilə Azərbaycan-Ermənistan arasında sülh perspektivlərini müzakirə edib
Oktyabrın 16-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə telefon danışığı aparıb, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri müzakirə olunub.
Millinews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, C.Bayramov Ermənistanın son illər ərzində həyata keçirdiyi hərbi-siyasi təxribatlar, ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin törətdiyi təhdidlər, Azərbaycanın erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi anti-terror tədbirlərini şərtlərindirən amillər və tədbirlərindən sonra bölgədə cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Azərbaycanın erməni sakinləri hədəf almadığı, bunun bölgəyə səfər edən BMT missiyası ilə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi və hətta Ermənistan baş naziri tərəfindən belə təsdiqləndiyini xatırladıb.
Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının, guya erməni sakinlərə qarşı “etnik təmizləmə” həyata keçirildiyi barədə iddiaların əsassız olduğu, bunun Ermənistanın və bəzi ölkələrin siyasi manipulyasiyasının tərkib hissəsini təşkil etdiyi qeyd olunub.
Azərbaycanın erməni sakinlərin reinteqrasiyası istiqamətində planları açıqladığı, bu istiqamətdə işlər həyata keçirildiyi, müvafiq portal vasitəsilə ermənilər tərəfindən daxil olan müraciətlərin nəzərdən keçirildiyi nazir tərəfindən bildirilib.
Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan təxribatçı addımların, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinməyin vacib olduğu vurğulanıb. Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra, Ermənistanla sülh sazişi imzalanması üçün real şansların olduğu, Ermənistan tərəfindən bu imkanların müsbət dəyərləndiriləcəyinə ümidvar olduğumuz diqqətə çatdırılıb.
Daha sonra qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.